Ru
13:42 / 21 Fevral 2019

Vasif Talıbovla Qüdrət Həsənquliyev arasında gərginlik pik həddə - “O, Naxçıvanın rəhbəri ola bilməz!”

Vasif Talıbovla Qüdrət Həsənquliyev arasında gərginlik pik həddə -  “O, Naxçıvanın rəhbəri ola bilməz!”
12442

 


"Kəndin mərkəzinə girəndə xarabalıqla qarşılaşırsan. Elə bilirsən, müharibədən çıxıb”



AXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevlə Naxçıvan Muxtar Respublika rəsmiləri arasında son vaxtlar soyuq yellərin əsməsi müxtəlif suallara yol açır: Bu kəskin polemikalar hakimiyyətdaxili ziddiyyətlərin inikasıdırmı? Naxçıvan rəhbərliyinin deputatdan gözləntisi nədir və Qüdrət Həsənquliyev hansı məqamlarda bu gözləntilərə qaneedici cavab verməyib?



Q.Həsənquliyev jurnalist Heydər Oğuza müsahibəsində hər kəsi maraqlandıran bu və bənzər sualları cavablandırıb.



BakuPost BAXCP sədrinin Huriyyet.org-a müsahibəsini təqdim edir:



"NƏZARƏTSİZ HAKİMİYYƏT SİYASİ İDDİALARI ARTIRIR…” – "Əvvəllər Vasif Talıbovla görüşürdük…”



- Qüdrət bəy, bir müddət əvvəl ADP-nin qərargahında bir sıra siyasi partiyaların seçki taktikaları müzakirə edildi. Məlum oldu ki, əksər siyasi təşkilatlar ölkədə demokratik şəraitin mövcud olmadığını əsas gətirib seçkidə iştiraka həvəsli yanaşmırlar. Bəs, BAXCP-nin seçki ilə bağlı planı necə olacaq? Erkən keçirilməsi gözlənilən seçkilərə qatılacaqsınızmı?



– Hesab edirəm ki, siyasi partiyalar hər bir halda seçkilərdə iştirak etməlidir. Əgər siyasi partiyalar səsvermənin nəticələrinin saxtalaşdırılacağını düşünüb seçkilərdə iştirak etmirlərsə, bəri başdan məğlubiyyətlə razılaşırlar. Seçkilərin saxtalaşdırılıb-saxtalaşdırılmayacağını yalnız prosesdə iştirak etməklə müəyyənləşdirmək olar.



İkincisi, hər hansı siyasi partiya xalqın dəstəyi ilə hakimiyyətə gəlmək istəyirsə, məntiqlə, seçkilərin saxtalaşdırılacağından çəkinməməlidir. Saxtalaşdırma ehtimalında belə, xalq səs verdiyi siyasi qüvvəni hakimiyyətə gətirməyin yolunu tapar.



Ümumiyyətlə, seçkilərdən kənar yollarla hakimiyyət uğrunda mübarizə aparmaq yanlışdır. Onda ya gərək silahlı üsyan yoluyla hakimiyyəti ələ keçirəsən, ya da hansısa hakimiyyətdaxili qruplaşmalarla əlbir olub çevriliş edəsən. Hesab edirəm ki, hər iki yol ölkəmiz üçün çox ağır fəsadlar törədə bilər. Ona görə də qeyri-demokratik yollarla hakimiyyətə gəlmək bizim üçün qəbuledilməzdir və biz hər zaman bu yolu seçən siyasi qüvvələrə qarşı olmuşuq və olacağıq.



- Seçki saxtalaşdırılacağı təqdirdə belə, xalqın öz seçdiyi qüvvələri hakimiyyətə gətirəcəyini qeyd edirsiniz. Bu da mahiyyət etibarilə, sizin qarşı çıxdığınız üsyan yolu deyilmi?



– Xeyr, bu, üsyan yolu deyil. Bu, xalqın öz səsi uğrunda dinc mübarizəsidir və iqtidarı məcbur edir ki, seçkinin nəticələrini tanısın.



- Bu, nəticə etibarilə üsyan deyil?



- Ümumxalq etirazı seçki prosesilə bağlı olarsa, üsyan yox, xalqın öz səsi uğrunda demokratik mübarizəsi sayılır. Bütün siyasi proseslər legitim əsaslara söykənməlidir. Üstəlik, xalq müxalifətə səs verərsə, iqtidar seçkini saxtalaşdıra bilməz. Hesab edirəm ki, bu gün seçkiyə qarşı çıxan siyasi təşkilatlar arxalarında ciddi xalq dəstəyinin olmadığını düşündükləri üçün boykot yolunu tuturlar. Onlar hiss etsələr ki, geniş xalq kütlələrinin rəğbətini qazanıblar, seçkilərə qatılmaqdan çəkinməzlər.



- Yeri gəlmişkən, seçkilərdə namizədliyinizi hardan irəli sürməyi düşünürsünüz? Son zamanlar görünən budur ki, sizin Naxçıvan rəhbərliyi ilə münasibətləriniz gərginləşir. Belə çıxır ki, növbəti seçkiyə Naxçıvandan qatılmayacaqsınız.



– Biz bu barədə hələ qərar qəbul etməmişik. Siz bilirsiniz ki, Naxçıvandan namizədliyimi irəli sürdüyüm hər iki seçkidə YAP mənim qarşıma öz namizədini çıxarmayıb. Əlbəttə, mən bunu hər zaman yüksək qiymətləndirmişəm. Hesab edirəm ki, indi də real vəziyyəti yalnız seçki zamanı müəyyənləşdirmək olar. Mən də müvafiq qərarımı seçki prosesi zamanı verəcəyəm. Ordubaddan da namizədliyimi təkrar irəli sürəcəyimi istisna etmirəm.



- Yəni, bu da mümkündür.



– Əlbəttə.



- Yəqin razılaşarsınız ki, hər hansı konfliktin bir bəhanəsi, bir də səbəbi olur. Naxçıvanla konfliktinizin kökündə, ilk baxışdan, Muxtar Respublikadakı ictimai-siyasi vəziyyəti tənqid etməyiniz dayanır. Bəziləri isə bunu bəhanə sayır və hesab edirlər ki, konfliktin əsl səbəbi hakimiyyətdaxili parçalanmalardır. Bu görüşə görə, siz hakimiyyətin digər qanadına meylli siyasətə üstünlük verirsiniz, bu da Naxçıvanda narazılıqla qarşılanır. İddialar nə dərəcədə doğrudur? Ümumiyyətlə, hakimiyyətin daxilində parçalanmalar varmı?



– Hakimiyyətin daxilində iddialı insanlar var və bunu inkar etmək mümkün deyil. El arasında bir söz var: "Görünən dağa nə bələdçi?” Amma mənim hansısa hakimiyyətdaxili qruplaşmaya meyllənməyim barədə söyləntilərin ciddi əsası yoxdur. Açığını desəm, Naxçıvandan mənim müsahibəmə bu cür kəskin reaksiya veriləcəyini də gözləmirdim. Ona görə ki, mən dəfələrlə Naxçıvanla bağlı problemləri dilə gətirmişəm, hətta ordan deputat seçilməmişdən əvvəl də. Amma bu cür reaksiya ilə üzləşməmişəm.



Üstəlik, Naxçıvan haqqında fikirlərim həmişə tənqidi üslubda da olmayıb. Xatırlayırsınızsa, Vasif Talıbov təhqir olunanda onu ən səmimi şəkildə müdafiə edənlərdən biri də mən idim. İndi də bu mövqeyim dəyişilməyib və hesab edirəm ki, qeyrətsiz bir adamın Muxtar Respublikanın ali vəzifəli şəxsi haqqındakı fikirlərinə istinad edilərək, qara piar kampaniyası aparılması doğru deyil. Bu, o vaxt məni xeyli hiddətləndirmişdi və açıqlamamda bildirmişdim ki, mübarizəni gərək kişi kimi aparasan. Ona görə də Naxçıvanda bəzi rəsmilərin də iştirakı ilə mənə qarşı söyüş kampaniyası aparılanda xeyli təəcccübləndim. İnanmazdım ki, Muxtar Respublikada bu qədər dar düşüncəli, tərbiyəsiz adamlar nazir postu tuta bilərlər. Bir nazirin deputatı təhqir etməsi bir yana, üstəlik, ona irad tutur ki, sən niyə Naxçıvanın daxili işlərinə qarışırsan.



Əvvəla, heç bir qanunvericilik aktında yazılmayıb ki, deputat yalnız özünün seçildiyi dairənin problemləri ilə məşğul olmalıdır. Mən Goranboydan seçiləndə də Naxçıvanın problemlərini gündəmə gətirmişəm. İndi isə Naxçıvandan seçilmişəm və hər bir vicdanlı insan etiraf edər ki, qaçqınların problemini ən çox diqqət mərkəzində saxlayanlardan biri də mənəm.



İkincisi, Naxçıvan əhalisinin öz yurd-yuvasını tərk etməməsi üçün bu bölgəyə ciddi investisiya qoyulmasının vacibliyini dəfələrlə dilə gətirmişəm. Söhbət Naxçıvan MR-in büdcəsinə ayrılan dotasiyadan getmir. Naxçıvanın iqtisadiyyatını dirçəltmək üçün bölgəyə əlavə investisiyalar qoyulmalıdır…



- Amma nədənsə, bizim cəmiyyətdə tənqidi fikirlər daha çox gözə batır. Niyə, Sizcə, kimlərsə başqalarından ancaq xoş sözlər gözləyir və kiçik bir tənqid süngüylə qarşılanır? Nə üçün hesab edilir ki, münasibətdə olduğun adamın yeganə vəzifə borcu "bəy tərifi” söyləməkdir? Özü də "bəy tərifi” müxalifət partiyasının liderindən gözlənilir. Bu, Naxçıvansayağı demokratiyanın təzahürüdür, yoxsa, bilmədiyimiz başqa səbəblər var?



– Kimsənin demokratiya barədə anlayışından asılı olmayaraq, mənim hansısa məsələyə münasibətimdə məqsədim "bəy tərifi” demək və ya tənqid etmək deyil. Həmişə hansısa problemdən, xüsusilə regionlarımızın, o cümlədən Naxçıvanın dərdlərindən danışanda obyektiv olmağa çalışmışam. Yadınızdadırsa, bir dəfə mən parlamentdə məsələ qaldırmışdım ki, Naxçıvan MR Konstitusiyası Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir. Çünki Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan MR Ali Məclisinin sədridir. Dolayısıyla, həm icra, həm də qanunvericilik funksiyasını yerinə yetirir. Bu da Konstitusiya ilə təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun deyil. Mən bu məsələni qaldıranda Zifayət Əsgərov cavab verdi ki, guya mən bu çıxışla Naxçıvanda separatizmi stimullaşdırmaq istəyirəm…



- Anlamadım, Naxçıvanda nə separatizm var ki, hansısa qanuni tələb onu stimullaşdırsın?



– Bunu Ziyafət Əsgərovun özündən soruşarsınız. Hər halda mənə belə cavab vermişdi. Deməyim odur ki, mən Naxçıvan rəhbərliyinin yaxşı tərəfləri ilə yanaşı, Muxtar Respublikanın problemlərini də gündəmə gətirmişəm. Çıxışlarımın birində demişdim ki, əvvəllər Ordubadda konserv zavodu, baramaçılıq fabriki, Yaycıda, Əbrəqunusda şərbaçılıq zavodları var idi, indisə onların heç biri işləmir. İnsanlar iş yerlərini itirib, ona görə də Naxçıvanı tərk edirlər. Bu köçlərin qarşısını almaq üçün Naxçıvana sərmayə qoyulmalıdır. Mən Naxçıvanın iqtisadi inkişafı barədə konkret təkliflər irəli sürmüşəm. Məsələn, demişəm ki, Naxçıvanda maşınqayırma zavodu olduğu halda, Neftçalada yeni avtomobil zavodu açmağa nə ehtiyac var? Yaxşı olar ki, Çin şirkətləri ilə (yeri gələndə Çin texnologiya baxımından İrandan qat-qat çox inkişaf etmiş ölkədir) danışıqlar aparıb Naxçıvana investisiya cəlbi üçün bölgədə minik avtomobili istehsal edən mərkəz yaradılsın. Gəncədə isə kənd təsərrüfatı texnikaları və yük avtomobilləri istehsalı müəssisələri qurmalıyıq. Mən bu fikirləri təkcə axırıncı müsahibəmdə deməmişəm. Ondan əvvəlki müsahibələrimdə dəfələrlə bu problemləri qaldırmışam. Hətta demişəm ki, biz Avropanın qabaqcıl avtomobil şirkətlərini bu işə cəlb etməyə çalışmalıyıq. Azərbaycanda elektrik mühərrikli avtomobillərin istehsalı müəssisələri yaratmalıyıq. Həmin avtomobillərin bir çox hissələri Naxçıvanda istehsal olunmalıdır. İstənilən vicdanlı jurnalist kiçik bir araşdırma aparıb mənim dediklərimi ortaya çıxara bilər. Dəfələrlə qaldırdığım bu kimi məsələlər heç bir qıcıq doğurmayıb. Son müsahibəmin qıcıq doğurmasının səbəbi isə mənə də aydın deyil və doğrudan da ictimaiyyətdə müxtəlif şübhələrin yaranmasına səbəb olur. Bəziləri düşünürlər ki, ölkədə nəsə baş verir. Mənim fikrimcə isə, heç nə baş vermir. Sonuncu müsahibəmdə sadəcə olaraq hökumətin bizə verdiyi statistik rəqəmləri açıqlamış və şərh etmişdim. Demişdim ki, Naxçıvan öz büdcəsinin cəmi 21.7%-ni daxili resurslar hesabına təmin edə bilir. Özü də gömrük orqanları vasitəsi ilə toplanan vəsaitlər bu yığımlara daxildir. Rəsmi statistik məlumatlara əsaslanıb Naxçıvan iqtisadiyyatının 83 milyon manat vergi ödəmək gücündə olduğunu vurğulamışdım. Görünür, düşünüblər ki, həmin rəqəmlərin mənim tərəfimdən təkrar səsləndirilməsi obrazı dağıdır və ona görə bu cür rezonans doğurub. Amma bu rəqəm gizli deyildi. Hökumətin özü tərəfindən bütün deputatlara paylanmışdı və rəsmi internet resurslarında da bu məlumatlar var. Sözləri varsa hökumətə desinlər. Həm də bir müsahibə obrazı dağıdırsa, deməli o real deyil və ciddi problemlər var. Mən Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində də saysız-hesabsız təkliflər verirəm, amma heç vaxt belə münasibətlə üzləşməmişəm.



- Özünüz də etiraf edirsiniz ki, fikrinizə cavabın aqressivliyi sizdə də təəccüb doğurub. Deməli, ictimaiyyətdə bu konfliktin hakimiyyətdaxili parçalanmalarının inikası, necə deyərlər, çölə sızıntısı kimi qəbul olunmasında haqlı məqamlar var. Siz hər şeyi təkcə öz arşınınızla ölçməyin. Ola bilər, Sizin mövqeyinizdən asılı olmayaraq, Naxçıvan rəhbərliyində doğrudan da belə bir qənaət formalaşıb ki, Qüdrət Həsənquliyev istiqamətini dəyişib.



– İstisna etmirəm. Açığını desəm, mən özümə qarşı münasibətin dəyişilməsinin əvvəllər də şahidi olmuşdum. İkinci dəfə mən ordan deputatlığa namizədliyimi irəli sürəndə hiss edirdim ki, Naxçıvan rəhbərliyi bundan narazıdır. Müsahibə münasibətin açıq ifadə olunmasına həm də bir bəhanə oldu. Məsələn, mən əvvəllər Naxçıvana gedəndə Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə görüşümüzdə heç bir problem olmurdu. Vasif Talıbovla görüşür, insanların problemlərini, arzu və xahişlərini ona çatdırır, öz fikirlərimi deyirdim. Amma sonradan hiss etdim ki, münasibətlərdə müəyyən soyuqluqlar yaranıb. Bununla belə, müsahibəyə bu formada aqressiv münasibəti gözləmirdim.



- Qüdrət bəy, dərd burasındadır ki, Sizi Naxçıvandan deputat verməsələr, mürtəce birinə mandat verəcəklər. Belə deyək, küçə ritorikası ilə danışan nazir də sizi əvəz edə bilər. Məni ən çox bu problem narahat edir. Niyə Naxçıvandan çıxan siyasilər və məmurlar cəmiyyətimizə mürtəce qüvvə obrazında təqdim olunurlar və onlar da sanki bu rolu məmnuniyyətlə oynayırlar? Naxçıvanlıların üzərində mənfi obraz yaradılması nəyə hesablanıb və hansı nəticələr doğura bilər?



– Vallah, mən hesab etmirəm ki, naxçıvanlı məmurların hamısı mənfi obrazda cəmiyyətə təqdim olunurlar və mürtəce insanlardır. Onların içərisində Prezidentə və dövlətçiliyə sadiq çoxlu mütərəqqi insanlar var. Bundan başqa, əgər ordubadlılar özlərinə məndən daha hazırlıqlı, onların və ölkənin problemlərini məndən daha yaxşı ictimaiyyətin və siyasi rəhbərliyin diqqətinə çatdıra bilən millət vəkili seçsələr, mən bu seçimə hörmətlə yanaşaram. Mən burda da bir problem görmürəm və millət vəkili olmaq mənim alnıma yazılmayıb.



Siyasətdə mənfi obrazların meydana çıxmasına gəldikdə isə, bu hansısa bölgənin insanlarına deyil, bütün regionlara xasdır və bir çox hallarda insanların imkanları ilə gözləntiləri arasındakı fərqdən doğur. Bilirsiniz ki, zamanla bəzi insanlar böyük sərvət toplayırlar. Hədsiz sərvət, mütləq və nəzarətsiz hakimiyyət siyasi iddiaları artırır, insanlara da münasibəti dəyişir. Bəziləri görəndə ki, gözləntiləri özünü döğrultmur, əsəb gərginliyi keçirir, aqressivləşirlər. Öz məqsədlərinə çatmaq üçün onlar həm daxili, həm xarici qüvvələrlə müəyyən işlər aparır, ziyalıları öz ətraflarına cəlb edib siyasi təsir dairələrini genişləndirməyə can atırlar. Bunun üçün böyük pullar xərcləyirlər, görəndə ki, səyləri istənilən effekti vermir, daha qabiliyyətli biri önə çıxır, onun gələcəklə bağlı bütün ümidlərini puç edir, o zaman acıqlarını çıxmağa, mənfi enerjilərini tökməyə adam axtarırlar. Adətən, belə vəziyyətlərdə nifrinlərin töküldüyü ünvan daha konstruktiv insanlar olur. Fikirləşirlər ki, mənfi enerjilərini bu cür insanların üstünə tökməklə rahatlaşarlar. Hesab edirəm ki, bu məsələdə hikkəni, cəsarəti, qətiyyəti, təkəbbürlülüyü mənə göstərmək lazım deyil. Kimin nə iddiası varsa, Prezidentin dediyi kimi açıq şəkildə ortaya qoysun. Amma bütün bu hoqqabazlıqlardansa tərbiyəli və savadlı insanları toplayıb səsləndirilən təklifləri top-tüfənglə qarşılamaq əvəzinə onlar öyrənilərsə və real iş görülərsə iddiaları daha rahat həyata keçirmək olar.



- Aydındır, demək istəyirsiniz ki, başqasına duyulan etiraz Sizə yönəldilib. Amma niyə məhz Sizə? Açığı, bunu yalnız Sizin daha zəif siyasi dəstəyinizlə əsaslandırılması inandırıcı görünmür. Qəzəbin töküləcəyi daha zəif ünvanlar da var…



– Mənim üçün də bu anlaşılmazdır. Sizə açıq deyim ki, mən ilk dəfə deyil belə vəziyyətlə qarşılaşıram. Mən siyasi fəaliyyətlə məşğul olmağa başlayandan bir neçə dəfə bənzər hallarla üzləşmişəm və həmişə öz-özümə fikirləşmişəm ki, kiminsə ölkənin siyasi rəhbərliyi ilə problemi varsa, nifrinlərini niyə mənim üstümə tökürlər? Mən ki, Prezidentin qardaşı deyiləm, əmisi oğlu deyiləm. Görünür, onlar mənim siyasi mövqeyimin, məsələlərə münasibətimin necə olduğunu bildiklərindən üstümə gəlirlər. Mən dövlətçiliyimizə, ölkəmizin gələcəyinə təhlükə hesab etdiyim məsələlərə qarşı qətiyyətli mövqe sərgiləyən adamlardan biriyəm. Yəqin bunu nəzərə alıb mənimlə uğraşırlar. Mən zamanında "yox” deməklə çoxlarını gələcək fəlakətlərdən qurtarmışam. Amma olsun, insan doğulanda Allah hər kəsə bir tale bəxş edir. Hər bir siyasətçinin də öz taleyi var. Görünür, mənim də taleyim, missiyam budur.



- Naxçıvandan politoloq Anar İbrahimov adlı şəxs Sizin ittihamlarınıza cavab verdi. Bilmirəm oxudunuz, ya yox? Oxudunuzsa, bu cavabı qənaətbəxş hesab etdinizmi?



– Oxumamışam, sadəcə mənə söylədilər ki, bir nəfər nəsə yazıb.



- Anar İbrahimov iddia edir ki, siz rəqəmləri təhrif etməklə yanaşı, həm də müqayisəni düzgün aparmayıbsınız…



– Mən bayaq da söylədim; rəsmi statistik məlumatlara görə, Naxçıvan öz büdcəsinin 21.7 faizini ödəyir, 300 milyon 360 min manat dotasiya alır…



- Anar müəllim də cavab verir ki, Gəncə və digər rayonlar yerli büdcəyə bizdən də az vergi ödəyir, daha çox dotasiya alır…



– Deyək ki, Gəncə də, o biri rayonlar da pis vəziyyətdədir. Yeri gəlmişkən deyim ki, belə deyil. 34 rayon və şəhər ümumiyyətlə dotasiya almır və bəziləri yerli xərcləri ödəməklə yanaşı, büdcəyə milyonlarla manat vergi ödəyir. Öz xərclərini tam ödəyə bilməyən bütün digər rayonlar üst-üstə Naxçıvandan 3 dəfə az 104 milyon manat dotasiya alır. Bunlar öz yerində, mən Naxçıvan sözçüsünün məntiqini də anlaya bilmirəm. Bəyəm, digər rayonlarda vəziyyət pisdirsə, bu, əsas verir ki, Naxçıvan neqativlikdə o biri rayonlarla yarışsın? Mən deyirəm ki, Naxçıvan Azərbaycanda xüsusi bölgədir və onun iqtisadiyyatının inkişaf etdirilməsi Dağlıq Qarabağın işğaldan azad olunması qədər əhəmiyyətli məsələdir. "Başqa rayon qanunu pozur, mən də pozum, inkişafdan geri qalıb, mən də geri qalım” anlayışı bu qədər önəmli strateji məsələlər müzakirə olunduğu zaman nə dərəcədə əsaslı arqumentdir? Yəqin başa düşdünüz ki, bu anlayışla Muxtar Respublikanın iqtisadiyyatını inkişaf etdirmək mümkünsüzdür.



Digər tərəfdən, mən təkcə Naxçıvanın problemini qaldırmıram, axı. Prezident seçkilərində televiziya vasitəsilə, adi günlərdə yazılı mətbuatda, parlamentdə Azərbaycanın müxtəlif problemlərini qabardıram, yürüdülən siyasətin ayrı-ayrı sahələrini bəzən kəskin tənqid edirəm, hökuməti daha qətiyyətli, daha radikal islahatlara çağırıram. Amma bu çıxışlarım Azərbaycanda heç vaxt bu cür aqressiv qarşılanmayıb. Misal üçün, mən ölkə Konstitusiyasının dəyişdirilməsindən tutmuş, (parlamentli respublikaya keçid), özəlləşdirmə prinsiplərinə (böyük özəlləşdirmənin aparılmayacağı təqdirdə, iqtisadi islahatların ciddi nəticələr verməyəcəyi barədə), məhkəmə-hüquq islahatları və s. məsələlərə qədər çoxsaylı problemləri dilə gətirmişəm. Hətta bu çıxışlarıma qulaq asan cənab Prezident seçki marafonu bitdikdən sonra təbrik üçün ona zəng edəndə mənə dedi ki, sizin və digər namizədlərin dilə gətirdiyiniz və bizim məqbul hesab etdiyimiz bütün problemlərin həlli üçün müvafiq addımlar atacağıq. İki fərqli yanaşmaya diqqət yetirin; Cənab Prezident bütün səmərəli təklifləri nəzərə aldığı halda, Naxçıvan rəhbərliyi adi bir tənqidi süngüylə, söyüşlə qarşılayır. Mən nə qədər konstruktiv mövqe sərgiləsəm də, Azərbaycan reallığını başa düşsəm də, bir müxalifət partiyasının sədriyəm və həmişə problemləri qabardıb aparılan siyasəti tənqid edə bilərəm və edirəm. İş burasındadır ki, Naxçıvanla bağlı qalmaqala səbəb olan həmin müsahibədə ümumiyyətlə nəyisə tənqid də etməmişəm. Sadəcə təklif vermişəm ki, Naxçıvanın inkişafı üçün bu addımlar atılmalıdır. Hətta hesab edirəm ki, əksinə, o müsahibədə Naxçıvan rəhbərliyi barədə tərif demişəm. Demişəm ki, Naxçıvana ayrılan dotasiyalar hesabına yollar çəkilib, xəstəxanalar tikilib, inzibati binalar, yeni məktəblər inşa edilib. Amma bunlar gəlir gətirən istehsal və emal müəssisələri deyil ki, orada daimi iş yerləri olsun, insanlar işləyib, rahat həyat sürə bilsinlər. Mənim bu həqiqəti dilə gətirməyim onlarda belə təəssürat yaradıb ki, guya, müsahibəm Naxçıvan rəhbərliyinin formalaşdırmağa çalışdığı "qurub-yaradan lider” imicinə mənfi təsir edib, bu obrazı zədələyib.



- Ola bilər, sizin gündəmə gətirdiyiniz problemlər Naxçıvan rəhbəliyi tərəfindən korrupsiya ittihamı kimi qəbul edilir. Yəni, belə deyək, Naxçıvandakı şirkətlər Muxtar Respublika rəhbərliyinə məxsus olduğu üçün onlardan vergi toplanılmır, yaxud ayrılan dotasiyalar səmərəli istifadə edilməyərək, mənimsənilir kimi nəticələr ortaya çıxır…



– Xeyr, fikirlərimin o şəkildə dərk olunması mümkün deyil. Çünki mən müsahibəmdə yarana biləcək bu iddialara kifayət qədər aydınlıq gətirmişəm. Demişəm ki, bu cür ittihamların əsası yoxdur. Əgər həqiqətən də Naxçıvan rəhbərliyinə məxsus, bütün sakinləri işlə təmin edə biləcək o cür şirkətlər mövcud olsaydı, vergi alınmasaydı belə, kifayət qədər iş yerləri yaranar və insanlar gün-güzaranlarını təmin etmək üçün xaricə axışmazdılar. Nəticədə bölgədən xaricə köçlər hər gün artan templə davam etməzdi. Heç uzağa getməyək, Bakıda hətta Naxçıvanın ayrı-ayrı kəndlərinə aid qəbristanlıqlar var. O gün bir hüzr yerində idim. Ordubaddan bir nəfər mənə telefonunda Əylis kəndinin qəbristanlığını göstərdi. Mehdiabadda olan bu qəbristanlıqda kiçik ağ başdaşlarının qoyulduğu onlarla, bəlkə yüzlərlə məzar var. Yaxud mənim öz kəndim Əbrəqunusda əhalinin böyük əksəriyyəti kəndi tərk edib. Ailədə 6 uşaq var idisə, kənddə onlardan biri qalıb, digərləri başqa şəhərlərə, ölkələrə köçüb. O gün mənə rəsmi şəxslərdən biri məlumat verdi ki, kəndimizdə 170 evdən ailə üzvlərinin əksəriyyəti faktiki olaraq kəndi tərk edib. Mən burda öz kəndlilərimizin yas mərasiminə gedəndə, görürəm ki, bütün kənd ordadır. Deyirəm; İlahı, Əbrəqunusda kimsə qalıbmı, görəsən? Naxçıvanın, demək olar, bütün kəndləri eyni vəziyyətdədir; ya körpə uşaqlar, ya da ağsaqqallar və ağbirçəklər qalıblar. Ağsaqqalların öz asudə vaxtlarını səmərəli keçirmələri də çətinləşdirilib. Çayxanalar, mağazaların çoxu bağlatdırılıb, kənd yerlərində, məsələn, Əbrəqunusda təqaüdçülər evi dağılıb, kitabxana, klub, xəstəxana uçub, getdikcə istifadəsiz hala düşən şərab zavodları dağılıb. Həmin yerləri insanlar, görünür, şərtlər ağır olduğundan götürüb, nəsə tikmirlər, qurmurlar. Kəndin mərkəzinə girəndə xarabalıqla qarşılaşırsan. Elə bilirsən, müharibədən çıxıb. Ağsaqqallar əksər hallarda qaz borularının üstündə oturub dərdləşirlər. Özü də, təkcə bizim kənddə belə deyil. Kəndlərdə bir çayçı olsa, ağsaqqallar oturub orda hal-əhval tutsalar, bunun kimə ziyanı olar?



Mən müsahibəmdə bu problemlərdən danışmışam. Yoxsa kimisə korrupsiyada ittiham etməmişəm.



- İddialar var ki, hansısa geopolitik məqsədə uyğun olaraq Naxçıvan qəsdən boşaldılır. Siz bu barədə nə düşünürsünüz?



– Deməzdim ki, Naxçıvan qəsdən boşaldılır. Amma fakt ortadadır. O şey ki ortadadır, onu mübahisə predmetinə çevirməyin səbəbini mən başa düşmürəm. Necə durub demək olar ki, Naxçıvan güclü iqtisadiyyata malikdir? Bunu demək, yaxud reallıqları dilə gətirənləri təhqir və ittiham etmək üçün gərək vicdanını itirəsən.



- Partiya funksionerlərinizin ittihamlara cavabları xeyli yumşaq oldu. Halbuki, onlar ölkənin bir sıra məsələlərinə, xüsusilə ölkə rəhbərliyinə ünvanlanmış söyüş kampaniyalarına aktiv cavabları ilə seçilirlər. Sizə yönələn hücumlara laqeyd qalmaları, doğrusu, anlaşılmaz oldu. Bunu özünüz belə məsləhət bildiniz, yoxsa başqa səbəblər var?



– Açığını deyim, mənim tərəfimdən bu cür göstəriş oldu. Mən tərəfdarlarıma dedim ki, konfliktdə maraqlı deyiləm, siz də bu məsələnin çox üstünə getməyin. Məni şəxsən təhqir edən adama özüm münasibət bildirdim. Dedim ki, o, sözün bütün mənalarında öz böyüklərinə dediyi sözləri mənə ünvanlayıb. Bununla da əslində iqtidarın siyasətinə qarşı çıxıb. Ona görə ki, iqtidar söyüş söyənləri qınayır, onları mənəvi terrorda ittiham edir. Əslində mənə qarşı aqressiv münasibətlə iqtidarın dilini qısa etmək, onun söyüş kampaniyasında ortaya qoyduğu mövqeyindəki mənəvi haqqını ortadan qaldırmaq məqsədi güdülürdü. Əgər öz nazirin bu cür təhqir ritorikası ilə çıxış edirsə, xaricdəki söyüş kampaniyasından fərqlənməyən davranış sərgiləyirsə, hansı mənəvi haqla sən özgə gədələri qınayırsan? Əksinə, Naxçıvanın naziri xaricdəki gədələrdən daha aqressiv mövqe tutmuşdu. Ona görə ki, mən üzərimə o cür gəlməyə əsas verməmişdim.



- Təhqiri bir kənara qoysaq, həmin statusda ciddi bir məqam vardı. Adam deyirdi ki, Azərbaycan Milli Məclisinin deputatı Naxçıvanın daxili işlərinə qarışa bilməz. Sizə elə gəlmir ki, bu, muxtar hüquqa işarə idi? Ümumiyyətlə, görünən budur ki, Naxçıvandakı bütün demokratik problemlərin kökündə muxtar hüquqluluq dayanır və yerli rəhbərlik muxtariyyəti fərqli başa düşür…



– Ola bilər. Bayaq siz soruşdunuz ki, Ziyafət Əsgərov niyə mənim çıxışımı separatizmi stimullaşdırmaq kimi qiymətləndirib. Görünür, siyasi rəhbərlikdə olanlar bəzi məsələlərlə əlaqədar məndən daha geniş informasiyaya malikdirlər. Bəlkə də, dediyiniz kimi, mənə qarşı irəli sürülən iddiaların da, Ziyafət Əsgərovun xofunun da hansısa siyasi əsasları var. İstisna etmirəm ki, Naxçıvan nazirinin ilk baxışdan məntiqsiz görünən fikirləri təkcə gerizəkalılıqdan qaynaqlanmır. O, sadəcə yazılmış mətnin altına öz imzasını qoyub və buna görə təltif olunması da dediklərimə ciddi əsas yaradır.



- Yeri gəlmişkən, Zifayət Əsgərovun təbirilə desək, separatçılığı stimullaşdıran muxtar hüquqluluq Konstitusiyanın unitar dövlətçilik prinsipi ilə toqquşur. İndiki şəraitdə belə bir ayrıcalığa ehtiyac varmı və bu imtiyaz hansı zərurətdən qaynaqlanır?



– Muxtariyyətin olması o demək deyil ki, özünü müstəqil dövlət kimi aparasan. Naxçıvan yerli problemlərin həllində muxtar hüquqlara malikdir, ümumi dövlətçilik baxımından isə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan unitar dövlətdir. Hətta federativ və ya konfederativ dövlətlərdə belə, insan hüquqları, qanunun aliliyi, dövlət hakimiyyətinin həyata keçirilməsi və s. kimi məsələlər vahid Konstitusiya ilə tənzimlənir. Ona görə də Azərbaycan Milli Məclisinə seçkilər keçiriləndə Naxçıvanda formalaşdırılan seçki dairələrinin, qanunən, Muxtar Respublikanın Mərkəzi Seçki Komissiyasına heç bir aidiyyəti olmur. Düzdür, Naxçıvan MR MSK-sı bəzən bu seçki dairələrinin tərkibini müəyyənləşdirməkdən belə çəkinmir, bunun üçün müxtəlif müdaxilələrə əl atır. Məsələn, qalmaqal yaradan məlum müsahibəmdən bir az əvvəl Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sədri polislə hədələyərək, mənim seçildiyim dairədə qırmızı diplomla universiteti bitirmiş, cəmi 10 gün əvvəl Azərbaycan MSK tərəfindən üzv seşilmiş gənc seçki komissiyasının katibini istefa verməyə məcbur etmişdi.



- O, yəqin, sizin partiyadan idi.



– Bəli, bizim partiyanın üzvü idi və namizədliyi bizim partiya tərəfindən irəli sürülmüşdü. Qanunla həmin yerə yalnız biz üzv təqdim edə bilərik. Bizim fikrimizi öyrənmədən, onun yerinə başqa bir adam təyin etmək istəyirlər. Hətta bu məqsədlə qanunsuz olaraq MSK-ya bir adamın namizədliyini təklif ediblər. Sözüm ondadır ki, Azərbaycan MM-ə seçkilərdə Naxçıvandakı dairə seçki komissiyasının tərkibi Azərbaycan MSK tərəfindən formalaşdırılır. Naxçıvan MSK-nın ordakı seçki komissiyalarının işinə qarışmaq səlahiyyəti yoxdur. Amma qarışır.



Naxçıvan qanunları Azərbaycan qanunları ilə ziddiyyət təşkil etməməlidir. O, sadəcə yerli əhəmiyyətli məsələlərin həlliylə məşğul olmalıdır. Muxtariyyətlərin xarici siyasət yürütmək, Dövlət Sərhəd Xidməti, Gömrük Komitəsi, ordu qurmaq səlahiyyəti yoxdur. Bu kimi məsələlər, istisnasız, mərkəzi hakimiyyətin səlahiyyətlərinə daxildir. Məsələn, İsveçrə konfederativ dövlətdir, amma onun subyektləri müstəqil şəkildə sərhəd, miqrasiya, ordu, gömrük, xarici siyasətlər yürüdə bilməzlər. Bunlar mərkəzi hakimiyyətə aiddir. Amma Naxçıvanda ümumi dövlət prinsiplərinə zidd olaraq səfərbərlik üzrə ayrıca çağırış xidməti fəaliyyət göstərir. Halbuki, onun muxtar respublikaya heç bir aiddiyyatı olmamalıdır. Eyni zamanda Miqrasiya Xidməti var; tam qanunsuzdur. Naxçıvan MR Gömrük Komitəsi də, həmçinin, qanundan kənar yaradılmış qurumdur. Bu kimi dövlət xidmət qurumlarının olması faktiki surətdə unitarlığa ziddir. Yenə deyirəm, hətta konfederativ dövlətlərin subyektlərinin belə, bu cür səlahiyyətləri yoxdur. Amma bizdə bu cür ənənələr formalaşıb. Zamanında hesab edilib ki, əlavə iş yerləri açılır, insanlar işlə təmin olunurlar. Məhz bu səbəbdən həmin qurumları bir qədər normal qarşılayıblar.



- Qüdrət bəy, bütün regionların yerli səlahiyyətləri var. Gəncənin də, Şəkinin də, Sumqayıtın da. Amma heç biri muxtariyyət deyil. Deməli, Naxçıvan muxtar respublika olmadan da yerli səlahiyyətlər əldə edə bilərdi…



– Muxtar respublika statusu Naxçıvanın tarixi taleyi ilə bağlıdır. Vaxtilə Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan arasında razılaşma əsasında bu status Naxçıvana verilib.



- Aydındır. Amma o zaman buna zərurət vardısa, bu gün göründüyü kimi, ciddi problemə, hətta rəsmilərin etirafına görə, separatizm qaynağına çevrilir. Sizcə, bu statusu ləğv etməyin vaxtı çatmayıbmı? Üstəlik, Qars müqaviləsini imzalayan sübyektlərdən yanlız Türkiyə mövcuddur. Nə Rusiya SSFR, nə Azərbaycan SSR, nə Ermənistan SSR, nə də Gürcüstan SSR və onların birgə ittifaqı olan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası var. Dolayısıyla, Qars müqaviləsinin nə qədər qüvvədə olması da mübahisəlidir.



– Mənə elə gəlir ki, nə vaxtadək Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyib, Naxçıvanın muxtar statusunu müzakirəyə çıxarmaq olmaz. Amma gələcəkdə hansısa tarixi şərait yaranarsa, Naxçıvanla Azərbaycanın digər bölgələri arasında ərazi bütövlüyü təmin olunarsa, əlbəttə, muxtariyyət statusu da ləğv edilməlidir. Bununla belə, hazırda Naxçıvandakı bəzi dövlət qurumları muxtariyyət hüdudlarını aşır və onlar ləğv olunmalıdır. Məsələn, gömrük keçid məntəqələrinin əməkdaşları Bakıdan təyin olunmalı, Naxçıvan Gömrük Komitəsi isə ləğv olunmalıdır. Bu zaman Naxçıvana gedib gələn insanlar gömrük yoxlamalarından qanusuz olaraq keçirilməz, əmlakları müsadirə olunmaz və qanunsuz rüsum ödəməzlər.



- Yadıma bir hadisə düşdü. Türkiyəyə oxumağa gedəndə mərhum Heydər Əliyevin müşaviri Rza İbadovun qəbulunda olmuşduq. Rza İbadov Türkiyəyə zəng edib dedi: "Sizinlə konuşan Naxçıvan cümhurbaşkanının yardımçısıdır”. Türkiyədən soruşdular: "Naxçıvan cümhuriyyətmi?” Rza bəy cavab verdi ki, bəli, Azərbaycanın daxilində yerləşir. Soruşdular ki, kardeş, cümhuriyyət içində cümhuriyyətmi olur? Sizcə, bu, səhv sual idi?



– Rza İbadovun o sözünü qəribçiliyə salmayın. Naxçıvan Muxtar Respublikadır. Respublikadırsa, onun başçısı da var. Türkiyədə buna cümhurbaşkanı deyirlər. Mən bu anlaşılmazlığı aradan qaldırmaq üçün parlamentdə məsələ qaldırmışdım. Demişdim ki, gəlin, Rusiya təcrübəsindən biz də yararlanaq. Bilirsiniz ki, Rusiyada da muxtar respublikalar var və başçıları prezident adlanırdı. Sonradan bu milli muxtar respublikaların başçıları qubernator adlandırıldı. Biz də muxtar respublikanın başçısını qubernator adlandıra bilərik. Yaxud sadəcə muxtar respublikanın başçısı deyə bilərik. Necə ki, rayon İcra hakimiyyətinin rəhbərlərini başçı adlandırırıq. Adını nə qoyuruqsa qoyaq, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədri ola bilməz. Yəni orda hakimiyyət bölgüsü prinsipinə əməl olunmalıdır. Bunu ölkənin Konstitusiyası tələb edir. Konstitusiyada yazılır ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Bu, imperativ bir normadır. Bu normaya əməl olunmalıdır.



- Bəzilərinin fikrincə, Naxçıvanın muxar hüququ ermənilərin işinə yarayır. Ermənilər iddia edə bilərlər ki, Azərbaycan hökuməti bizə heç bir muxtar hüquq vermədiyi halda, Naxçıvan muxtar dövlət statusuna malikdir. Halbuki, Naxçıvan Azərbaycan xalqının qurucu subyekti olan milli çoxluğa məxsusdur, ermənilər isə etnik azlıqdır. Sizcə, bu, həqiqətən ikili yanaşma deyilmi və nə dərəcədə doğrudur?



– Ermənilər bunu iddia edə bilməzlər. Çünki biz dəfələrlə elan etmişik ki, Dağlıq Qarabağa dünyada mövcud olan ən geniş muxtariyyət statusu verməyə hazırıq. Amma o da həqiqətdir ki, bu gün Naxçıvanda mövcud olan sərhəd, gömrük, hərbi çağırış və səfərbərlik, miqrasiya xidmətləri kimi qurumlar sabah yenidən Azərbaycanın tərkibinə qayıdacağı təqdirdə Dağlıq Qarabağ ermənilərini də eyni səlahiyyətləri tələb etməyə şirnikləşdirə bilər. Bunlar isə müstəqil dövlətin artributlarıdır.


Vasif Talıbovla Qüdrət Həsənquliyev arasında gərginlik pik həddə -  “O, Naxçıvanın rəhbəri ola bilməz!”
Vasif Talıbovla Qüdrət Həsənquliyev arasında gərginlik pik həddə -  “O, Naxçıvanın rəhbəri ola bilməz!”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar