Xalq şairindən İsmayıl Şıxlıya dil uzadanlara - CAVAB

Sabir Rüstəmxanlı


Böyük yazıçımız İsmayıl Şıxlıya dil uzadanlara cavab olaraq, onun haqqında 1989-cu ilin mart ayında yazıb çap etdirdiyim məqaləni yenidən paylaşmaq qərarına gəldim.

Müdriklik

Mənə elə gəlir ki, böyük ideal və vətəndaşlıq əqidəsi olmasa insan şəxsiyyətə çevrilə bilməz. Yəni şəxsiyyətin başlıca əlamətlərindən biri budur ki, nə üçün və necə yaşadığını, ömrünü nəyə həsr elədiyini bilir: bütövdür, gedəcəyi yol var, bütün çətinliklərə baxmayaraq sınmır, şəraitin heç bir kül və torpaq qatı onun dəyərini aşağı sala bilmir.

Buna görə də oxucusunu işıqlı ideallara səsləyən , dövrün yaşarı, səciyyəvi cəhətlərini göstərən, xırdalanmayan və xırdalanmaqdan qoruyan, minilliklərin yürüşünə davam gətirəcək əsl xalq ruhunu əks etdirən, deməli , insanla və cəmiyyətdə ləyaqət hissini tərbiyyələndirən ədəbiyyat, tarixən olduğu kimi, indi də mənəvi həyatın xüsusi bir mövqeyində və məktəb rolu oynayır.

Hörmətli xalq yazıçımız İsmayıl Şıxlı haqqında, onun həyat yolu və yaradıcılığı barədə düşünəndə ürəyimdə bu hisslər oyanır. Ədəbiyyatımızın uzun karvan yolunda onu əsl Azərbaycan-türk ruhu, əxlaqı və xarakterinin daşıyıcılarından biri kimi görürəm.

Yaşadığımız minilin finiş xəttinə yaxınlaşdıqca bir cəhət qabarır: xalqın tarixinə, keçmişinə, "sinfi” obrazlara münasibət dəyişilir. Sivilizasiyanın gur havasında nəfəsi tıncıxan cəmiyyətin ilkinliyə, təbiət və mənəviyyat ekologiyasının təmiz çağlarına, keçmişə dönmək meyli vaxtilə "arxank”, "patrnaxal” sayılan bir çox parlaq keyfiyyətləri yenidən qiymətə mindirir.

Qəribə bir fikir reaksiyası gedir. Tarixin dərin qatlarına baş vurduqca, xalqı və bu günün havasını daha yaxşı duya bilirsən. 

Milli intibah keçmişin dərgi ilə sıx bağlıdır. Bu mənada İsmayıl Şıxlının yaradıcılığı xalqın mənəvi dirçəlişinə xidmət göstərən, onun özünü özünə tanıtdıran bir ədəbiyyat və vətəndaşlıq hadisəsidir.

Deyirlər , allah insanın özünə köməkçi kimi yaradıb: dünyanı idarə etməyin çətinləşdiyini görəndə bu balaca yardımçılarını yer üzünə göndərib ki, nizam pozulmasın. Mənə elə gəlir ki, yaratdığı surətlər də yazıçının fikir, ideya daşıyıcısı olmaqla, onun köməkçiləridir.

Bu mənada, xüsusən "Dəli Kür” romanının qəhrəmanları ilə onun müəllifi arasında qəribə bir bağlılıq, bənzəyiş var. Adama elə gəlir ki, İsmayıl Şıxlı həmin qəhrəmanlara ədəbi həyat verdiyi kimi , öz qəhrəmanları da İsmayıl Şıxlıya təsir göstəriblər, onun yoluna işıq salıblar.

Özünə-sözünə hörmət qoymaq, əsl ağsaqqal təmkini və ləyaqəti, təmsil elədiyi soyun, kökün xüsusiyyətlərini yaşamaq bacarığı, sadəlik və cəngavər dönməzliyin vəhdəti, düşdüyü bütün vəziyyətlərdə dədə-babaların mərdanəlik qanunlarını pozmaq – bütün bunlar İsmayıl Şıxlıdan Cahandar ağaya keçib, yoxsa Cahandar ağadan İsmayıl Şıxlıya? Müəllif və onun qəhrəmanı , özü də bəzi ədəbiyyatşunasların "mənfi” damğası vurduqları qəhrəmanı arasında bərabərlik işarəsi qoymaq istəmirəm. Amma bənzəyişi danmaq da olmur. Səbrli, hissini asanlıqla büruzə verməyən "İsmayıl müəllim”in xarakterindəki bütün cəhətləri, o cümlədən "Dəli Kür” çılğınlığını görmək üçün müharibə gündəliklərindən bir epizodu xatırlayıram:

"Kazarmaya gəldik... Əllərim əsirdi. Nəbzim qulaqlarımda vururdu. Məni yandıran bu "arxa siçovulu”nun hərəkəti idi. Biz səngərlərdə dizin-dizin sürünəndə, ağzının sarısı getməyən bu əclaflar harada idi? Indi hazırın nazili olub, bizə meydan oxuyurdular.

...Birdən qapı açıldı. Leytenant içəri girdi. Əmr etdi ki, durub gecə növbəsinə gedim. Dedim ki, getməyəcəyəm. Sözümüz çəpləşdi. O, əlini tapançasına uzatdı. Piramidadakı avtomatı nə vaxt götürüb çaxmağı çəkdiyimdən özümün də xəbərim olmadı. Bircə onu gördüm ki, leytenant qışqırdı və özünü qapıya atdı. Güllələr divarı deşdi”.

Bu aramatık sətirlərin altındakı tarix belədir: 20.8.45. Latviya.

"Dəli Kür”ün və dəli həyatın başsız axınları daşdan-daşa vura-vura İsmayıl Şıxlını ömrün 70-ci zirvəsinə ucaldıb. Bu zirvədən çətin, məhrumiyyətlərlə dolu, amma şərəfli bir yazıçı ömrünün geniş mənzərəsi açılır...

Mənim, gözümdə İsmayıl müəllim onu tanıdığım 20 ilə yaxın vaxt içində heç dəyişilməyib. Elə həmin təmkin, elə həmin şux boy-buxun , elə həmin gur qara saçlar, elə həmin təmiz uşaq təbəssümü və dünyaya kədər qarışıq bir məğrurluqla baxan iri, ifadəli gözlər... Bəlkə bunun bir səbəbi İsmayıl Şıxlının elə cavan vaxtından ağsaqqal hörməti qazanmasındadır?! Bəlkə "Ayrılan yollar”da, "Dəli Kür”də yetdiyi müdriklik gəncliklə yaşlılığın sərhədlərini elə o vaxtdan qarışdırıb?! Buna görə də İsmayıl müəllim ömrün yetmişinə ruhən çox cavan gəlib?!

Ismayıl Şıxlı çox oxunan, haqqında çox yazılan, xalqın bütün təbəqələri tərəfindən tanınan və sevilən yazıçımızdır. Müharibədən sonrakı dövr nəsrimizdən bəhs edən elə bir ciddi ədəbi tənqid nümunəsi tapmaq olmaz ki, orada onun yaradıcılığından bəhs edilməsin... "Dəli Kür”ü təhlil edən yazıları yığsan, romanın özündən neçə dəfə qalın olar. Yəni İsmayıl Şıxlı yaradıcılığı nəsrimizin elə bir hadisəsidir ki, onsuz bu nəsrin tam qiymətini vermək olmaz. "Dəli Kür” Azərbaycan ədəbiyyatının bu yüzillikdə yaranmış ən qiymətli nümunələrindəndir, bədii sözümüzün ittifaq miqyasında nüfuzunu artıran əsərlərindəndir. SSRİ xalqlarının ədəbiyyatları kontekstində də yüksək qiymətləndirilib, tarixi romanlar arasında xüsusi yeri göstərilib və hansı yolla gedirsənsə get, ondan yan keçmək olmaz. Roman Azərbaycan milli xarakterinin yaradılması sahəsində hələ ki, nəsrimizin ən uğurlu hadisəsidir: buna görə də hər birimizin ürəyində bu romandan nə isə var.

Bəlkə elə buna görə, yəni "Dəli Kür”ün müstəsna şöhrəti və dəyəri İsmayıl Şıxlının ayrı əsərlərini kölgədə buraxıb və onun yaradıcılığının tam qiymətləndirilməsinə mane olub...

50-ci illərin axırına doğru, xüsusən, Azərbaycan kəndlərində oxumağa yarayan bədii əsərlərin qıtlığı açıq-aşkar duyulan bir vaxtda İsmayıl Şıxlının "Ayrılan yollar”ı böyük ədəbi hadisəyə çevrilmiş və oxucuların başlıca söhbət mövzusuna dönmüşdü... Lakin bədii əsərin əsl dəyərini göstərmək üçün bu deyilənlər bəs deyil...

Mənə elə gəlir ki, əsl yazıçını, əsl istedad sahibini fərqləndirən başlıca cəhət vaxt, zaman duyğusudur. Vaxt duyğusu deyəndə təkcə "günün aktual tələblərinə cavab vermək” nəzərdə tutulmur, həm də vaxtdan qorunmaq, nəzərdə tutulur.

Zamanın qulu olmaq, onun gur sellərinəəsir düşmək , gətirdiyi hər şeyi müsbət , lazımlı bir şey kimi qəbul etmək və ya buna məcbur edilmək – bir çox qələm sahibimizi müvəqqəti hadisələrin mexaniki təsvircisinə çevirib, əsl yazıçı duyğusu məhv edib, yerində məddahlıq, xidmətçilik, pay gözləmək, dərisini qorumaq, köləlik duyğusu göyərdib. Əsl istedad sahibi ötəri olanla böyük tarixə xidmət edəni bir-birindən ayırmağı bacarmalıdır, ilğımla canlı təbiəti fərqləndirə bilməlidir. Gücü çatınca, həqiqətə xidmət eləməlidir, çatmırsa, susmalıdır. Məncə, ayrı yol yoxdur.

50-ci illərdə durulaşmaq, bədiilik başlanğıcına dönüş baxımından ədəbiyyatımızda gedən hərəkatın ciddi uğurlarından olan”Ayrılan yollar” romanında da yazıçının da əsas qələbəsi əyriliklərin, yalanların, bər-bəzəkli sözlərin qatı dumanı arxasından həqiqət işığını görə bilməsi idi...

İsmayıl Şıxlı insanı robota çevirən, minlərlə adamı planın, istehsalatın əsiri edən, yalan və saxtakarlıq içində boğulan bir zamanın eybəcərliklərini ilkin göstərən yazıçılarımızdandır. Artıq sahə əkməklə, satın alınmaqla, şişirtmə rəqəmlərlə kağız üstündə pambıq planı doldurmağın faciələrini o hələ 50-ci illərdə göstərmişdi. Bu yolla insanların içində başlanan mənəvi süqut, torpağı əldən gedən kəndçinin fəlakəti, rişələri yayılan burokratiya xərçənginin gələcək faciələri romanda uzaqgörənliklə təsvir olunmuşdu. Bu gün "Ayrılan yollar” kimi əsərləri oxuyan və son illər ölkədə yaranmış vəziyyəti yalandan doldurulan planlar, şişirdilən rəqəmlər, torpağın kəndçiyə qaytarılması zərurəti və s. məsələlərlə bağlı gedən söhbətləri, çıxarılan qərarları göz önünə gətirəndə, bir yandan əsl ədəbiyyatın diaqnostik gücünə sevinirsənsə, bir yandan da cəmiyyətin bu diaqnozlara laqeyd qalıb vaxtında ibrət götürməməsindən heyrətlənirsən...

"Ayrılan yollar”da müşahidə edilən bu xətt sonralar nəsrimizin digər nəsillərinin yaradıcılığında geniş cəbhəyə çevrilib...

Bir yazıçı və şəxsiyyət kimi İsmayıl Şıxlını tanımaqda "Cəbhə yolları” əsərinin xüsusi əhəmiyyəti var. Bu əsər tək müəllifinin yaradıcılığındadeyil, ümumiyyətlə nəsrimizdə ayrıca söhbət mövzusuna çevrilməli olan nadir bir hadisədir. Çünki doğrudan da o, cəbhə yollarında odun-alovun içində yaranıb və bu baxımdan müqayisəsi az tapılan əsərlərdəndir.

Müharibə haqqında çox yazılıb, əksər hallarda da sonradan, soyumuş xatirələrlə. İsmayıl Şıxlının əsərinin qiyməti ondadır ki, dörd ilə yaxın uzun cəbhə yollarında yazdığını əsaslı işləmədən, artırıb-əskiltmədən, yəni cavan bir ədəbiyyatçının – müəllimin yazdığını sonralar təcrübəli yazıçı qələmi ilə redaktə etmədən oxuculara çatdırmışdır. 

Bu, bəlkə də neçə-neçə romana mövzu ola biləcək, sıxılmış "qurşun kimi ağır”, ağıllı , kövrək, isti, həyəcanlı bir əsərdir. Biz qardaş xalqların ədəbiyyatlarını da izləyirik. Ümumiyyətlə , müharibə illərində İsmayıl Şıxlının yazdığı kimi canlı, sərt, müharibənin bütün əzablarını yaşadan əsərlər azdır.

Bu da maraqlıdır ki, İsmayıl müəllim həmin cəbhə dəftərlərini illər uzunu səbrlə qoruyub saxlayıb, üzə çıxarmayıb. Həmin saralmış dəftərləri ilk dəfə "Ədəbiyyat və incəsənət” qəzetində görmüşdüm... Hələ bilmirdim ki, bu dəftərlərdə ədəbiyyatımızın dəyərli, bənzərsiz əsərlərindən biri yatır.

İsmayıl Şıxlının yaradıcılığında ayrıca danışmalı cəhətlərdən biri də hekayə yaradıcılığı, əfsanə və rəvayətlərdir.

Xalq müdrikliyindən qidalanan , elin köksündəki söz zirvələrindən qanadlanan ayrı-ayrı əhvalatlar İsmayıl Şıxlının sənətkar qələmində müasir məzmun kəsb edir, böyük fəlsəfi məna qazanır. Həmin əfsanə və rəvayətləri mən tərəddüd etmədən böyük bir xalq romanının ayrı-ayrı fəsilləri, xalq mənəviyyatı ensiklopediyasının hissələri adlandırırdım. Bu balaca hekayələrin hər birində böyük bir əsər siğləti yaşayır.

Xalq yazıçımızın 70 illik ləyaqətli ömrü, təxminən yarım əsrlik yaradıcılıq yolu barədə fikirləşəndə onun şəxsi keyfiyyətləri, gözəl, nəcib insanlığı, pedaqoji fəaliyyəti, sözün geniş mənasında müəllimliyi barədə danışmamaq olmur. O , həmişə görüşünə can atdığın , el demiş, üzü nurlu, hər hərəkəti, hər sözü ilə nə isə bir şey öyrədən, bir şey təlqin edən insandır, əsl yaxşılıq məktəbidir, Azərbaycan ziyalılığı nümunəsidir. Gəncliyində də belə olub, müdrik yaşında da belədir.

"Ruzu” adlı əfsanəsinin qəhrəmanı – allahı axtaran kişi deyir: "Onu harda olsa, axtarıb tapacam və soruşacağam ki, niyə dünyanı başlı-başına buraxıbsan? Görmürsən ki, insaf-mürvət qalmayıb, çapovulçuluqdur, dünyanı dağıdırlar? Ona deyəcəm ki, necə rəva görürsən ki, sənin yolundan çıxmayıb, halal zəhmətlə, halal çörəklə dolananlar zillət çəksin, qarnı dolusu çörək, əyni dolusu paltar tapmasın, amma allah yolundan çıxıb şeytana qulluq edənlərin başından var-dövlət tökülsün. Yoxsa istəyirsən ki, saçımızın, saqqalımızın ağ vaxtında yolumuzu azıb, şeytana qulluq edək?”.

Bu sözlərdə İsmayıl Şıxlının bütün qəhrəmanlarının amalına işıq salan, onun öz həyat yolunun yönünü, mənasını göstərən bir güc var. Yazıçı ömrü boyu həqiqət, düzgünlük adlı bir "allahın” axtarışındadır. Bütün əsərlərində insanı uca tutub, böyük xarakterlər yaradıb, xeyrin, ədalətin, işığın qələbəsinə çalışıb. Ədəbiyyatda xırda, cılız, yarımçıq surətlərin meydan açdığı bir vaxtda onun əsl ədəbi örnəklərimizə bağlı olan yolu ümid və nikbinlik doğuran bir yoldur. Xalqa görə də, o özü də xalqın gözündə həmişə ucadır. Elin böyük mənəviyyatı kimi aydın və həmişəbahadır.
 
1989-cu il

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər