Ru
11:06 / 30 Noyabr 2018

Yeni ombudsmanın adı bəlli oldu - Daha bir deputata yüksək post verilir

4417

Səlahiyyət müddəti 2017-ci il martın 5-də
bitən İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın yerinə, nəhayət
ki, namizəd tapılıb.


BakuPost xəbər verir ki, bu barədə "AzPolitika.info”ya məlumat
hökumətə yaxın mənbələrdən daxil olub.


Məlumata görə, ombudsman vəzifəsinə Yeni
Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri,
21 saylı Nəsimi birinci seçki dairəsindən deputat Məlahət İbrahimqızının (Həsənova)
seçiləcəyi gözlənilir. Bununla bağlı artıq yekun qərar verilib və yaxın
vaxtlarda onun namizədliyi Milli Məclisə təqdim olunacaq.


Qeyd edək ki, 2002-ci və 2010-cu illərdə
İnsan hüquqları üzrə müvəkkil seçilən 81 yaşlı Elmira Süleymanovanın səlahiyyət
müddəti 2017-ci il martın 5-də bitib.

"İnsan hüquqları üzrə müvəkkil
(ombudsman) haqqında” Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs
müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki
dəfə ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir.
Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün
qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin
namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi
ilə bağlı müvafiq qərar qəbul edir. Yalnız ombudsmanın yerinə yeni namizəd
verilmədikdə o, öz vəzifəsində qala
bilir.


Belə ki, Konstitusiyaya məhdudiyyətin
götürülməsi ilə bağlı 2009-cu ilin martın 18-də edilən dəyişikliyə əsasən, səlahiyyət
müddəti başa çatan müvəkkilin yerinə yeni şəxs seçilənə qədər o, öz vəzifəsinin
icrasını davam etdirir. Səlahiyyət müddəti başa çatan Elmira Süleymanova da məhz
yerinə namizəd verilmədiyindən hələ də ombudsman vəzifəsində qalır.

Ancaq artıq həm yaşı, həm də səhəti ona
vəzifəsini tam icra etməyə imkan vermir. Təsadüfi deyil ki, ötən il Elmira
Süleymanova illik məruzə ilə çıxış etdikdən sonra, deputatlar onun fəaliyyətini
sərt şəkildə tənqid etmişdilər. Bu baxımdan xeyli vaxtı idi ki, ombudsman vəzifəsinə
yeni bir şəxsin seçilməsi gözlənilirdi.Təyinat-seçkinin gecikməsi isə hakimiyyəti təmin edəcək uyğun namizədin
tapılmaması ilə bağlanılırdı.

İndi isə belə məlum olur ki, artıq namizəd
tapılıb. Yaxın vaxtlarda Məlahət İbrahimqızının ombudsman vəzifəsinə təqdim
olunacağı gözlənilir.


Qeyd edək ki, Məlahət Həsənova 1958-ci
il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində
anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı
Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982-ci ildən Bakıda uşaq
poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə
Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin
birinci müavini vəzifəsində çalışmışdır.

2000-ci ildən bu yana 4 çağırışdır Azərbaycan
Respublikası Milli Məclisinin deputatıdır.Tarix elmləri namizədidir. Azərbaycan Respublikasının Prezidenti yanında
Əfv məsələləri üzrə komissiyanın üzvüdür. 27 aprel 2018-ci ildə Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət
İbrahimqızı "Şöhrət” ordeni ilə təltif olunub. Evlidir, 2 övladı var.

Yeni ombudsmanın adı bəlli oldu  - Daha bir deputata yüksək post verilir
Yeni ombudsmanın adı bəlli oldu  - Daha bir deputata yüksək post verilir
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər