“Rusiya nüvə silahından istifadə etməsə də, növbəti mərhələdə Ukrayna infrastrukturuna ciddi zərbələrin endirilməsi istisna deyil”.
Bunu
Bakupost.az -a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya-Ukrayna müharibəsinin növbəti
mərhələsi haqqında danışarkən deyib.
O bildirib ki, hələ bir müddət gərgin döyüşlər davam edəcək:
“Tərəflər danışıqlardan sonra irəli sürülən şərtləri qəbul etmək istəmirlər. Daha dəqiq desək, Rusiyanın irəli sürdüyü ultimatuma bənzər şərtlər Ukrayna tərəfindən qəbul olunmur. Ukrayna prezidenti elan edib ki, biz bunu qəbul edə bilmərik və döyüşlərə hazırıq. Ötən həftənin axırı Rusiya tərəfindən Ukraynaya müxtəlif təhdidlər səsləndirildi. Deyilirdi ki, nüvə silahından da istifadə edəcəklər. Amma bu silahdan istifadə edəcəklərinə inanmıram. Lakin ciddi zərbələrin Ukrayna infrastrukturuna endirilməsi istisna olunmur.
Məqsəd Donbas və Luqanskda formalaşmış cəbhədə qalan qüvvələri əhatəyə almaq və darmadağın etməkdir. Bununla da məcbur edib Donetsk və Luqansk administrativ sərhədlərini qondarma ərazilərə birləşdirmək istəyirlər. Rusiyanın ikinci məqsədi Azov dənizinin sahil boyu ərazilərini Krıma qədər işğal altında saxlamaqdır. Bu məqsədlə Rusiya orada müqavimət göstərən Ukrayna qüvvələrini tam şəkildə darmadağın etmək niyyətindədirlər. Bu da onu göstərir ki, Ukraynada ciddi döyüşlər gedəcək. Təəssüflər olsun ki, bu döyüşlər hər iki tərəf üçün böyük itkilərlə müşahidə olunacaq. Paralel olaraq digər ərazilərdə infrastruktura (körpülər, kommunikasiya qovşaqları və s.) ciddi zərbələr endirilə bilər. Bu baxımdan bir müddət gərgin döyüşlər davam edəcək”.
T.Zülfüqarov Rusiyaya tətbiq olunan sanksiyalar haqqında da danışıb:
“Rusiyaya tətbiq olunan sanksiyalar dərhal təsir etməyəcək. Bir müddət keçməlidir ki, onların təsirini əhali də hiss etsin. Hazırda əhalinin Rusiya rəhbərliyinə dəstəyi var amma bu müəyyən vaxtdan sonra narazılıqla əvəz olunacaq. Buna sadəcə bir neçə ay lazımdır. Mütəxəssislər deyirlər ki, iyundan tez sanksiyaların təsirini gözləmək düzgün deyil. Yəni, ilkin təsirləri iyun ayından başlayacaq. Amma tam şəkildə bu sanksiyaların təsiri payızda və ilin axırınadək qüvvədə olacaq”.
Politoloq Rusiya-Ukrayna müharibəsində hazırkı hərbi vəziyyəti də şərh edib:
“Hərbi cəhətdən balans dəyişib. Ukraynanın bəzi hərbi uğurları daha çox Rusiyanın taktiki səhvləri ilə bağlıdır. Lakin indiki mərhələdə müharibə qanunlarına uyğun olan taktika tətbiq olunsa, çox qanlı döyüşlər olacaq. Daha çox vəziyyət "suriyalaşma" prosesinə doğru gedir. Təbii ki, səbəblər fərqlidir. Amma Ukraynanın strukturunun dağılması və kotostrafiq ziyan alması faktiki olaraq baş verir. İstanbulda sülh üçün təklif olunan sxem də hələ qalacaq. İstər-istəməz Ukrayna axırda məcbur bəzi ərazilərin kontrolunun altından çıxmasını müvəqqəti olsa da qəbul edəcək. Ən mümkün görünən nəticə ondan ibarət olacaq ki, müvəqqəti sülh əldə olunacaq”.
Fəridə
Baku Post