VK-nın sədri Anar Bağırovla vəkil Elçin Sadıqov üz-üzə gəldi

  • 11 İyl 2019 12:17
  • 502 Baxış
VK-nın sədri Anar Bağırovla vəkil Elçin Sadıqov üz-üzə gəldi
Feysbukda mərhum həmkarı haqda status yazan vəkil Elçin Sadıqov barəsində Vəkillər Kollegiyası intizam icraatına başlayıb.




Bir neçə gün öncə vəkil Sərdar Qasımov vəfat edib. E.Sadıqov isə sözügedən xəbəri paylaşaraq Sərdar Qasımovun əvvəlcə onunla bağlı müsbət fikirdə olduğunu, daha sonra mənfi rəy verdiyini qeyd edib. 




Dünən isə E.Sadıqov VK-ya çağırılaraq S.Qasımovun həyat yoldaşı Kəmalə Qasımovanın ondan şikayətçi olduğu bildirilib və bu şikayət əsasında vəkil Sadıqov barəsində  yenidən intizam icraatı başlanılıb. Elçin Sadıqov isə ilk izahatında həmin statusda S.Qasımova qarşı heç bir nüfuzdan salan ifadə işlətmədiyini, bu şikayətə isə VK-nın yox, məhkəmənin baxmalı olduğunu bildirib.




Daha sonra məsələyə VK Rəyasət Heyətinin sədri Anar Bağırov reaksiya verərək "yalan bəyanatda insanları qanunsuz və cinayət tərkibi yaradan tapşırıq verməkdə ittiham etmək nə vaxtdan tənqid sayılır?!” deyə qeyd edib.




A.Bağırov mətbuata açıqlamasında isə "Elçin Sadıqov bütün kollegiyanı təhqir edib, kollegiyanın orqanlarını qanunsuz işlərdə ittiham edir, böhtan atır” ifadələrini işlədib.




E.Sadıqov isə "Böhtan və təhqir Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən cinayət hesab olunur. Ona görə də hörmətli Anar Bağırov öz xidməti vəzifəsini icrası ilə bağlı mənim şərəfimə, ləyaqətimə və işgüzar nüfuzuma xələl gətirən ifadələr işlədib. Halbuki, barəmdə heç bir məhkəmə hökmü yoxdur. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edəcəyəm. Görək, ədalət hörmətli Anar Bağırovun barəsində də işləyəcəkmi?”




(Qafqazinfo.az)