Atası və əmisi ömürlük həbs edilən, “Lotu Quli”ni tanımayan “Gəncəli Firdovsi” kimdir? - DOSYE

2253

Azərbaycanlı kriminal aləm üzvü, "Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevin yaxın zamanlarda "qanuni oğru” adı alacağı bildirilir. Firdovsi Mustafayevin hazırda Qobustan türməsində "obşak”a nəzarət edən şəxslərdən olduğu bildirilir. 
 
Bakupost.az "Gəncəli Firdovsi”nin kriminal dosyesini təqdim edir:
 
"Gəncəli Firdovsi” kimdir?
 
Mustafayev Firdovsi Elşad oğlu 1992-ci ildə Gəncədə anadan olub. O, gənc yaşlarından kriminal aləmə maraq salıb.
 
Firdovsi Mustafayev ömürlük həbs cəzası almış Elşad Mustafayevin oğludur. Eyni zamanda, onun əmisi Mustafayev Məqsəd Teyyub oğlu da ömürlük həbs cəzasına məhkum olunub. Onların hər ikisi hazırda Qobustan qapalı həbsxanasında saxlanılırlar.
 
Mustafayevlər sabiq baş nazir Surət Hüseynovun işi üzrə, həmçinin, 1993-cü il Gəncə hadisələri zamanı Samux rayon prokuroru Şəmşir Əliyevin qətlində günahlandırılaraq həbs ediliblər.
 
Firdovsi ilk dəfə 16 yaşında məhkumluq yaşayıb. O, doğulub böyüdüyü Gəncə şəhərində iki nəfəri bıçaqlamaqda təqsirləndirilib.
 
Həbsin ilk illərində Firdovsi azyaşlıların saxlanıldığı lagerdə cəzasını çəkib. 18 yaşına çatandan sonra isə Firdovsi ciddi rejimli həbsxanaya etap edilib.
 
Firdovsi "maloletka”da öz sözünü deyən biri kimi ad çıxarıb. Bu, həmin dövrdə qanuni oğruların marağına cəlb edib. Təsadüfü deyil ki, Firdovsi ciddi rejimli cəzaçəkmə müəssisəsində Rövşən Lənkəranskinin "sağ əli” hesab edilən, hazırda Rusiyada həbsdə olan "Rufo Gəncinski” tərəfindən "polajenik” təyin olunur. 
 
Cəzasını başa çatdıran "Gəncəli Firdovsi” bir neçə il azadlıqda qala bilib. O, 2015-ci il avqustun 3-də Gəncə şəhəri, Nizami küçəsində 3 şəriki ilə birlikdə kütləvi davada iştirakda günahlandırılıb. Dava nəticəsində Gəncə sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Zeynalov bıçaqla qətlə yetirilib, 1986-cı il təvəllüdlü Cəlal Abdullayev isə qarın nahiyəsindən bıçaq yarası alıb.
 
Hadisədən bir müddət sonra isə Firdovsi Mustafayev Rusiyaya qaçmağı bacarır.
 
Lakin 2 il sonra Rusiyanın Sankt-Peterburq şəhərində polis tərəfindən saxlanılır. O, Azərbaycana ekstradisiya edilir. F.Mustafayev ibtidai istintaq zamanı Gəncədə yerləşən Ədliyyə Nazirliyinin İstintaq Təcridxanasına köçürülür.
 
Həbsə atıldıqdan sonra Firdovsi Gəncə türməsində "vəziyyət” yaradır. Lakin onun həmin həbsxanada "Lotu Quli” kimi tanınan Nadir Səlifovun adamı "Yetim Sabir”lə mübahisəsi düşür.
 
Həmin mübahisənin səs yazısı da yayılıb. Həmin səs yazısında  "Yetim Sabir” Gəncə həbsxanasının "Lotu Quli” tərəfindən ona həvalə edildiyini bildirir. Firdovsi isə cavabında həbsxanada bütün "vəziyyət”in onun tərəfindən yaradıldığını və hər şeyə onun baxdığını deyib. Sonda isə o, "Lotu Quli”ni oğru kimi tanımadığını deyib.
 
Firdovsi Mustafayev Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən qətl törətməkdə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilir. O, Gəncə həbsxanasında çox qala bilmir. Həm yayılan səs yazısı, həm də Firdovsinin nüfuzunun doğma şəhərində güclənməsindən sonra onu heç bir xəstəliyi olmasa da, Gəncədə yerləşən Penitensiar Xidmətin İstintaq Təcridxanasından Bakıda yerləşən vərəmli məhkumların saxlandığı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) köçürürlər. ("Tubzon” həbsdə olan avtoritetlər üçün xoş olmayan yerdir)
 
1 ilə yaxın "Tubzon”da tək nəfərlik otaqda qalan Firdovsi Qobustanda yerləşən ciddi rejimli cəzaçəkmə müəssisənə köçürülüb. Hazırda orada cəza çəkir.
 



 



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər