Ru
21:35 / 22 İyun 2021

Atletimiz hər şəhidimiz üçün 1 km qaçır: 44 günə 2904 km yol qət edəcək - FOTO - VİDEO

Atletimiz hər şəhidimiz üçün 1 km qaçır: 44 günə 2904 km yol qət edəcək -  FOTO - VİDEO
5327

Ultra marafon qaçış idman növü ilə məşğul olan Elmir Əsgərov Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan marafon başladıb.

Belə ki, 41 yaşlı atletin bu marafonda əsas məqsədi şəhidlərimizin sayı (hazırkı statistika ilə 2904) qədər olan məsafəni, Vətən müharibəsinin davam etdiyi müddətlə eyni, yəni 44 gün ərzində qaçaraq yekunlaşdırmaqdır. Marafon qaçışı üzrə ölkə rekordçusu olan E.Əsgərov artıq başlatdığı marafonun 39-cu günündədir.

Planlaşdırdığı qaçışı yekunlaşdırmaq üzrə olan atlet Bakupost.az -a bildirib ki, yekunu Qarabağda, azad olunmuş ərazilərdə edəcək:

“Şuşanın işğaldan azad edilməsindən sonra qaçış qrupumuzla məsləhətləşdik ki, Şuşaya da qaçaq. Bakı-Bəhramtəpə-Şuşa qaçışı ilə bağlı post paylaşdım. Sonradan düşündük ki, bu, 4-5 günlük layihə olacaq, bununla da bitəcək. Qərara gəldim ki, müharibə 44 gün olduğuna görə 44 qaçış günü ərzində hər bir şəhidimiz üçün gündə 1 km qaçım. Bu da təxminən hər qaçış gününə 70 km-ə yaxın rəqəm edir. İlk qaçışı anons yəni, giriş qaçışı etdik. İlk 120 km-i Türkiyədə qaçdıq və bunu Ali Baş Komandana həsr etdik. Geri qayıdandan sonra Bakıda o məsafəni qət etməyə başladıq. Ondan sonra “Facebook”da səhifə açdıq. Orada hansı şəhid üçün qaçmışıqsa, onun haqqında paylaşım etdik. Məsələn, 17-ci günümüzdə 75 şəhidimizin şərəfinə qaçmışdıq.

Layihəmizin sonu olaraq düşündük ki, son 500 km-i azad olunmuş torpaqlara doğru istiqamət götürək və finişimizi orada edək. Hazırda bu prosesdəyik. Artıq Bakı qaçışları bitdi. İcazə üçün rəsmi orqanlara müraciət etdik. Müəyyən səbəblərə görə, gözləməli olduq. İnşallah, yaxın günlərdə yekunlaşacaq, 3-4 günə azad olunmuş ərazilərə çatacağam. Hədəfimiz də elə bu idi”.

E. Əsgərov qeyd edib ki, cari şəhid sayına uyğun düzəliş qaçışı olacaq. Yəni hər şəhidimiz üçün 1 km qaçmaq planlaşdırılır:

“Bu gün səhər saat 4-dən start götürərək, üzü İmişli, Bəhramtəpə oradan da Hadruta keçəcəyik. Ola bilsin ki, Hadruta deyil, yeni çəkilən Zəfər yoluna tərəf qaçdıq. Yəni vəziyyətə görə dəyişə bilər. Bakıdakı qaçışda şəhidlərin şərəfinə kim nə qədər qaça bilirdisə qaçırdı. Amma bu qaçışda tək mən olacağam. Bir nəfər avtomobillə məni müşayiət edəcək. Həmin avtomobil 10 km-dən bir dayanacaq ki, yaxınlaşıb su və ya qida götürüm, yolumu davam etdirim. Üzərimdə çanta, sağda və solda Azərbaycan-Türkiyə bayraqları olacaq. Mənimlə qaçışa kim istəsə qoşula bilər. Amma magistral yol olduğu üçün təhlükəli ola bilər. Artıq 3 ildir ki, qaçışla məşğulam, təhlükəsizlik tədbirləri ilə bağlı kifayət qədər məlumatlıyam. 5 gündən sonra Qarabağda olmağı planlayırıq”.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar