Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:40 / 28 Oktyabr 2024

Avropaya can atan gürcülər niyə rusiyayönlü "Gürcü Arzusu"nu seçdi? - TƏHLİL

929
Parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra Gürcüstanda siyasi gərginlik daha da artdı.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası hakim “Gürcü Arzusu” partiyasını qalib elan etdi. Müxalifətsə nəticələri tanımır və etiraz aksiyalarına başlayacağını bildirib. Bu səbədən hazırda Gürcüstanda siyasi gərginlik daha da artıb.


Hər halda 20 il əvvəl Qərbə doğru kurs götürən və yenidən siyasi yol ayrıcında qalan Gürcüstan şənbə günü seçimini edib. Qərbun bu ölkə ilə bağlı istəyi baş tutmayıb.




Bəs, nədən müxalifət seçkilərdə qələbə qazana bilmədi? Müxalifətin planlaşdırdığı aksiyalar nə vəd edir?

Bakupost.az mövzu ilə bağlı BBC-nin Rusiya xidmətinin hazırladığı analitik materialı qısa ixtisarla təqdim edir:

Ekspertlər "Gürcü Arzusu"nun qələbəsinin bir sıra səbəbləri olduğunu bildirilər. Qeyd olunur ki, bu dəfə seçici bloklarının yaradılması qadağan olunmuşdu. Bu da 12 ildir hakimiyyətdə olan "Gürcü Arzusu"nin işinə yaradı.

Müxalifət partiyalarının ortaq məxrəcə gəlmək və seçkidə vahid siyahı ilə çıxış etmək imkanı var idi. Lakin fikir ayrılıqları yenə də müxalifətin birləşməsinə imkan vermədi.

Nəticədə Avropa və Qərbə sürətli inteqrasiyanın tərəfdarı kimi 3 fərqli müxalifət ittifaqı və daha bir partiya seçkiyə getdi. Onlar ümid edirdilər ki, ümumilikdə hakim partiyadan daha çox qazanacaq, bundan sonra parlamentdə koalisiya çoxluğu yaradacaqlar.





Amma “Gürcü arzusu” müxalifətin birliyinin olmamasından məharətlə istifadə edərək, bir-birinin ardınca rəqiblərini gözdən salmağa çalışdı.

“Bu seçkilərdə müxalifətin əsas ümidi və xilası Gürcüstan gəncləri ola bilərdi. Gənclərin mütləq əksəriyyəti Gürcüstanın Avropaya inteqrasiya kursunu dəstəkləyir, lakin onlar özlərini hər hansı konkret partiya ilə əlaqələndirmirlər. Problem də bu idi”, – deyə Gürcüstanın Böyük Britaniyadakı keçmiş səfiri, hazırda Rondeli Fondunun (GFSIS) aparıcı əməkdaş Georgi Badridze bildirib.





Onun sözlərinə görə, müxalifət birləşməkdən imtina etməklə əslində bu seçkiləri ölkənin Avropa gələcəyinin lehinə və ya əleyhinə referenduma çevirməkdən imtina etdi:

"Beləliklə, onlar səslərin bir hissəsini - xüsusən də gürcü cəmiyyətinin hansısa konkret partiyaya qoşulmaq istəməyən təbəqəsinin səslərini itirdilər".

Beynəlxalq və strateji məsələlər üzrə ekspert Vano Maçavarianinin fikrincə isə, müxalifət partiyaları Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı olmayan məsələlərdə siyasətinin vizyonunu aydın şəkildə formalaşdıra bilmədilər.




Onun sözlərinə görə, hakim partiya Gürcüstanda sülh və Ukraynada müharibə mövzularında spekulyasiyalar aparsa da, müxalifət “sülh formulu”nu, eləcə də Rusiya və Qərblə münasibətlərə dair baxışlarını təqdim etmədi.

“Sülh və müharibə narrativi çox yaxşı işlədi. Bu, “Gürcü arzusu”nun əsas mesajı və "kozırı" idi”. Bunu isə politoloq Gia Nodia deyib.

Onun sözlərinə görə, hakimiyyətin "əgər biz qalib gəlməsək, müharibə olacaq" tezisi ölkədə bir çox insana təsir göstərib:

"Bu tezis rasional baxımdan inandırıcı olmasa da, instinktiv səviyyədə işləyirdi, çünki hamı müharibədən qorxur”.

"Bidzina İvanişvili hətta seçki günü seçiciləri xarici qüvvələrin "Gürcüstanı hərbi əməliyyatlara cəlb etmək" istədiyinə inandırdı.


Biz hələ də çox kasıb ölkəyik, buna görə də bir çox insan maddi cəhətdən imkansızdır. Məsələn, sosial təminat proqramına daxil olmaq bir çox insan üçün həyati vacib məsələ ola bilər. Yaxud, əgər insanın kiçik biznesi varsa, ona dövlət tərəfindən konkret yardım lazım ola bilər. Və birdən ona cavab verirlər: "Bəli, biz buradayıq, bunu sizin üçün edə bilərik." Və ya məsələn, sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə bir şəxsin sürücülük hüququ ləğv edilib. Birdən-birə onun hüquqları seçki bülletenindəki işarə müqabilində ona qaytarılır”, - deyə Transparency International Georgia təşkilatının direktor müavini Georgiy Oniani hakim partiyanın qələbəsini necə təmin etməsi haqda danışarkən vurğulayıb.

“Gürcüstan naminə” partiyasının nümayəndəsi Natia Mezvrişvili pozuntular arasında müxalifət düşüncəli vətəndaşlardan şəxsiyyət vəsiqələrinin götürülməsini xüsusi qeyd edib. O bildirib ki, həmin vəsiqələrlə başqa adamlar hakim partiyaya səs verib. Onun sözlərinə görə, partiyada bu cür pozuntulara dair sübutlar var.

Transparency International Georgia isə oxşar “sənəd kirayəsi” sxeminin mahiyyətini belə izah edib: “Seçkilər ərəfəsində insanlardan pul mükafatı müqabilində bir günlük şəxsiyyət vəsiqələrindən imtina etmələri xahiş olunub. Bəzi hallarda bu şəxsiyyət vəsiqələri ilə digər insanlar səs verib, bəzi hallarda isə onların sadəcə seçkidə iştirak etməmiş şəxslər kimi qeydiyyatı aparılıb".





Qeyd edək ki, hətta müxalifət telekanalları belə hakim partiyanın qələbə qazandığını etiraf ediblər. Onlar "Gürcü arzusu"nun 54-56 faiz civarında səs aldığını bildiriblər. Hətta "İmedi" telekanalı belə "Gürcü Arzusu"nun ən azı 40 faiz səs aldığını etiraf edib.

Maraqlıdır, əhalinin az qala 80%-nin Avropa Birliyinə qoşulmağı dəstəklədiyi Gürcüstanda tez-tez Rusiyanın maraqlarına xidmət etməkdə ittiham olunan “Gürcü arzusu” niyə dəstək qazandı?

Qeyd olunur ki, birincisi, hakim partiya cəmiyyətin bir hissəsindən - mühafizəkar əhval-ruhiyyəli insanlardan məharətlə istifadə etdi.

Məsələn, hakim partiyanın təmsilçiləri əhalini “LGBT-nin təbliği və populyarlaşdırılmasından” qorumaqdan danışırdılar və bu mesaj bir çox seçiciyə təsir edirdi. Brelə ki, Dünyəvi Dəyərlərin Monitorinqi (World Values Survey) layihəsinin məlumatına görə, Gürcüstan 2017-2022-ci illər arasında sorğuda iştirak edən 88 ölkə arasında tolerantlıq baxımından 82-ci yerdə qərarlaşıb: respondentlərin 90%-dən çoxu homoseksuallığı qəbul etmədiyini bildirib.

İkincisi, “Gürcü arzusu” öz çıxışlarında müharibə mövzusundan da məharətlə istifadə edib. Nəticədə Qərblə münasibətlərdəki böhran fonunda əhalinin bir hissəsi Gürcüstanla birbaşa həmsərhəd olan Rusiya ilə sülhün qorunmasını vacib hesab edib.

Digər bir mühüm cəhət isə odur ki, “Gürcü Arzusu” Moskva ilə münasibətlərdə balansı qoruyub saxlamaqla, özünü Gürcüstanı Avropa Birliyinə cəlb edəcək qüvvə kimi göstərməkdə davam edib.




Müxalifət vəziyyəti öz xeyrinə çevirə biləcəkmi?

Politoloq Gia Nodia deyir: “Hesab edirəm ki, müxalifət exit-polların elanından sonra eyforiyaya qapıldı, rəsmi nəticələrin elanından sonra isə depressiyaya düşdü və hələ də özünü itirmiş vəziyyətdədir”.

İlk rəsmi məlumatların açıqlanmasından dərhal sonra müxalifət aksiyaların vaxtı və strategiyasını müzakirə etmək üçün fasilə götürdü. Gürcüstanda hesab edirlər ki, bu gecikmə “Gürcü arzusu”nun xeyrinə oldu.

Keçmiş diplomat Badridze də bu fikirdədir: “2003-cü ildə o vaxtkı hökumət səsləri oğurlamağa cəhd edəndə etiraz aksiyaları oldu. Orada çox nüfuzlu və enerjili liderlər var idi. Bu dəfə müxalifətin konkret və görkəmli lideri yoxdur. Bilmirəm, cəmiyyətimiz nə qədər təşkilatlana, indiki müxalifət nə dərəcədə bu etirazların hərəkətverici qüvvəsinə çevrilə biləcək”.

Gia Nodia isə hedab edir ki, etirazlar olacaq, lakin hər hansı ciddi siyasi nəticələrə gətirib çıxaracaq genişmiqyaslı aksiyalar gözlənilmir.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar