Əməkdar incəsənət xadimi, Dövlət Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə haqqında yayılan iddialara cavab verib.
Bakupost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
M.Ələkbərzadə Əməkdar artist Məsmə Aslanqızının onunla bağlı iddialarının yalan olduğunu deyib:
“Mütamadi olaraq teatrda sözü olan, istəyi yaxud xüsusi xahişi olan aktyorlar rəhbərliyə müraciət edirlər. Arzusunu bildirirlər, bu, normaldır. Belə bir vəziyyət Məsmə Aslanqızı ilə də oldu. Qəbuluma gələrək bildirdi ki, çox çətin vəziyyətdədir. İstək isə evdir! Teatr məni evlə təmin etməlidir. Mən anlatdım ki, mənim ev verə bilmək səlahiyyətim yoxdur. O zaman o “20 Yanvar şəhidinin qızı kimi mənə ev düşür” dedi. Teatr bu məsələni – siz bu məsələni həll etməlisiniz!
Bütün deyilənlərə bir daha münasibət bildirərək yenə də bəyan etdim və edirəm ki, hətta 20 Yanvar şəhidinin qızı olsa belə, mən Teatrın Bədii rəhbəri kimi ev məsələsini həll edə bilmirəm.
Ev məsələsini başqa qurumlar həll edir. Biz də məhz şəhid qızı olduğu üçün onu Prezident mükafatı siyahısına salmışıq. Bir dəstək kimi. Amma bu ona yetərli deyil deyə bax belə həqiqətə uyğun olmayan və təhqirdən çəkinməyən ifadələr işlədir”.
O ki qaldi, mənim vətəndaşlıq mövqeyimə… Mənim yetərincə məhz vətənpərvərlik ruhuna xidmət edən fəaliyyətim var ki, onlar bizim ərazi bütövlüyümüz uğrunda savaşlardan, Vətən yolunda şəhid olan insanlardan bəhs edirdi. Heç kim mənim vətəndaşlıq mövqeyimə ləkə gətirə bilməz. Çünki buna əsas və fakt yoxdur”.
Qeyd edək ki, tanınmış aktrisa, Əməkdar artist Məsmə Aslanqızı sosial şəbəkədə Mehriban Ələkbərzadəni 20 Yanvar şəhidlərini təhqir etməkdə
günahlandırıb.