“Məlum olduğu kimi, Milli Məclis 21 yaşa çatmış şəxslərə qanunla silah əldə etmək hüquqi verən dəyişiklik etməyə hazırlaşır. Bu dəyişikliyi doğru hesab etmirəm. Çünki bu ölkədə mülki silah sahibi olanların sayını artıracaq”.
Bunu
Bakupost.az -a siyasi şərhçi Aydın Quliyev bildirib.
O, sabitlik və təhlükəsizliyin az qala 100 faiz olduğu ölkədə insanların kütləvi silah sahibi olmasına ehtiyac olmadığını vurğulayıb:
"İnsanların təhlükəsiz şəraitdə kimlərdənsə özünü müdafiəyə ehtiyacı olmadığı üçün əlllərdəki silahların başqaları üçün təhlükə yaratmaq risqi daha böyükdür. Hamının ovçu olmasına nə ehtiyac var? Əgər təbiətdə heyvanat aləminin insan müdaxiləsi ilə azacıq tənzimlənməsinə ehtiyac varsa, rəsmi ovçuların məhdud sayda olmasını təmin etmək ən yaxşı variantdır. Bunun üçün 21 yaşlılara yox, 40 yaşdan yuxarı insanlara silah əldə etmək hüququnun verilməsi daha yaxşı olar. 21 yaşlı gənclərin ovçuluq etməkdən başqa əlindəki mülki silahla hər an, hətta ailədə cinayət törətmək təhlükəsi daha böyükdür”.
A.Quliyevin sözlərinə görə, Azərbaycanın özünün mülki silah istehsalı üçün bazar lazımdırsa, o bazarı başqa ölkələrdə axtarmaq daha doğru olardı:
“21 yaşlılara silah hüququnun verilməsinin ölkədə silah biznesi ilə məşqul olanların bazarını qızışdırmaqdan başqa " faydası" yoxdur”.
Sevinc,
BakuPost