Dövlət Gömrük Komitəsində 250 nəfər yüksəkrütbəli sabiq vəzifəli şəxsin təqaüdü ilə bağlı araşdırma aparılıb.
Bakupost.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, araşdırma DGK sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə həyata keçirilib.
Bildirilir ki, araşdırma zamanı 250 nəfərə yaxın sabiq gömrük əməkdaşının artıq təqaüd aldıqları məlum olub. Onlar arasında təqaüddə olan sabiq sədr müavinləri (generallar), idarə rəsiləri (general, polkovnik və digər rütbəli) də var. Belə ki, həmin əməkdaşlardan bəziləri 30 il xidmət keçməyə görə təqaüd alıb. Araşdırma zamanı isə onların gömrük sistemində 20 il xidmət keçdiyi məlum olub. Həmin şəxslərin əmək fəaliyyətlərinin 10 ili isə başqa qurumlarda keçib.
Beləliklə, həmin şəxslər 20 illik xidmətə görə təqaüdə çıxmalı olduqları halda iş stajlarını başqa qurumlardakı fəaliyyətlərinin hesabına 10 il artırıblar.
Hazırda Dövlət Gömrük Komitəsi dövlət büdcəsindən kənar pensiya alan sabiq gömrük əməkdaşlarına sözügedən vəsaitləri geri qaytarmağı tələb edir. Həmin şəxslərin çox hissəsi sözügedən vəsaiti geri qaytarmadıqları üçün komitə tərəfindən məhkəməyə verilib.
Sabiq gömrük əməkdaşları da qarışılıqlı olaraq Dövlət Gömrük Komitəsini məhkəməyə verib.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi hələlik açıqlama verməyib.