Professor Seyfəddin Altaylı XIII–XIV əsrlərdə yaşayıb-yaradan, Azərbaycan dilində ilk şeir yazan şair kimi tanıdığımız İzzəddin Həsənoğlunun ərəb əlifbasında qələmə aldığı "Kitabi-Sirətin-Nəbi" adlı kitabını tapıb və Azərbaycan dilinə tərcümə edərək çap etdirib.
Bakupost.az xəbər verir ki, bu barədə Xalq şairi Sabir Rüstəmxanlı BVT-də yayımlanan "Rüstəmxanlı söhbətləri" verilişində bildirib.
O qeyd edib ki, İzzəddin Həsənoğlunun azərbaycanca "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər", "Necəsən gəl, ey yüzü ağım bənim" və "Əcəb bilsəm məni şeyda qılan kim" başlıqlı 3, farsca isə "Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim" başlıqlı 1 qəzəli məlumdur.
"Kitabi-Sirətin-Nəbi" haqqında fikirlərini bildirən S.Rüstəmxanlı deyib ki, professor Seyfəddin Altaylı əlifba sistemini qorumaq şərtilə kitabı nəfis tərtibatda nəşr etdirib:
"Bu, Azərbaycan ədəbiyyatında, mədəniyyətində və dil tarixində sanballı bir işdir, bir kəşfdir, ədəbiyytaımıza böyük bir hədiyyədir. Kitab peyğəmbərimiz Hz.Məhəmmədin həyatından bəhs edir. Orada o dövrün hadisələri verilib. Möhtəşəm olan odur ki, bu, Füzulinin "Leyli və Məcnun" poeması vəznində, amma ondan xeyli əvvəl, həm də Füzulinin dilindən çox-çox təmiz bir türkcədə yazılıb. Füzulinin əsərlərində olduğu kimi, burada da qəzəllər var. Mən bir ədəbiyyatşünas, şair, Azərbaycan ədəbiyyatını bilən bir adam kimi bu kitabı, onun tərcüməsini bir kəşf hesab edirəm. Bu, bizim ədəbiyyat aləmimizdə mühüm bir hadisədir. Seyfəddin Altaylı böyük bir qəhrəmanlıq edib. Bu akademik, möhtəşəm bir nəşrdir. Mək kitabı vərəqləyərkən gördüm ki, 13-cü yüzildə Azərbaycan türkcəsi bu qədər təmizdi, içində ərəb, fars sözləri azdır. Bu da onu göstərir ki, Həsənoğludan əvvəldə bu nümunələr ola bilər. Seyfəddin Altaylı bildirdi ki, bunun 40 yaxın nüsxəsi var. Mən əminəm ki, əlyazmalar fondları bizi hələ çox heyrətləndirəcək”.
Professor Seyfəddin Altaylı isə deyib ki, İzzəddin Həsənoğlunun "Kitabi-Sirətin-Nəbi"ni İlhan Şimşək adlı bir dostu vasitəsilə əldə edib, onun üzərində 14 il işləyib və latın əlifbasına köçürüb:
“Kitabı mənə İlhan Şimşək adlı bir dostum verdi. Onu alanda öncə əvvəlinə, sonra axırına baxdım. Gördüm ora "Əlhəmdülillah" rədifli şeirində yazılıb ki, Həsənoğlu bu xidmət eşiyində, Hüzn oldu türab Əlhəmdülillah. Kitaba bu misralarla yekun vurulub. Kitabı götürüb üzərində 14 il işlədim. Əsər elmi yığıncaqlarda etdiyim məruzələrimdə də işarə etdiyim kimi, 367 vərəqdən ibarətdir. Məsnəvi tərzində yazılan və son illərədək haqqında heç bir məlumat olmayan bu əsəri transfonoliterasiya edərkən məsnəvinin içərisində öncə iki qəzələ rast gəldim. Onları daha öncə ədəbiyyat aləminə təqdim etdim. Bu kitabın dünyada 40 nüsxəsi var və onlar ayrı-ayrı adlarla qeyd olunub. Onların 40-da da xatimə hissəsində Həsənoğlunun məndə olan qəzəli yoxdur və son səhifələrdə hansı ad keçibsə, o adla da onu qeydə alıblar. Berlin kitabxanasında qeydə alınan iki nüsxəsi var. Mən onun birini, ən samballı olanını gətirtdim və çap etdirib kitabxanama qoydum. Nüsxələri İstanbul Böyük Şəhər Bələdiyyəsinin kitabxanasında, Konyada, Ərzurumda, Milli Kitabxanada da var. O, nüsxələrdən 4-ü əlimdədir. Həsənoğlu qədim türk dastançılıq ənənəsi ilə yazıb. Əsəsrin ən möhtəşəm tərəfi də budur”.
Seyfəddin Altaylının sözlərinə görə, 740 səhifəlik "Kitabi-Sirətin-Nəbi" adlı məsnəvinin dili bu gün Azərbaycanda danışılan dildir və bu əsər Oğuz türkcəsinin XIII yüzildəki əvəzsiz abidəsidir.:
"Mövlana Cəlaləddini Rumi kimi bir şəxsiyyətimiz əsərlərini fars dilində yazarkən, onun çağdaşı olan Həsənoğlu öz ana dilində yazıb. Həsənoğlu Güney Azərbaycanda yaşayıb və bu bölgədəki dil mədəniyyətinə görkəmli bir alim və ədəbiyyatçı kimi yiyələnib. İzzəddin Həsənoğlunun "Kitabi-Sirətin-Nəbi" adlı məsnəvisi Azərbaycan və ümumtürk ədəbiyyatı üçün misilsiz bir əsər olmaqla yanaşı, dilimiz və mədəniyətimiz üçün tarixi bir töhfədir. Bu əsərin çap olunmasından sonra ədəbiyyat və dil tariximizin XIII yüzillə bağlı bilgiləri dəyişəcək. Onun indiyə kimi tapılan 5 qəzəlinə əlavə olaraq, bizim ədəbiyyat dünyamıza təqdim etdiyimiz 7 qəzəli aydın göstərir ki, Həsənoğlu başda İmadəddin Nəsimi olmaqla özündən sonra gələn bir çox şairə təsir etmişdir. Nizami ilə Mövlananın fars dilində yazmasına baxmayaraq, onun türkcənin qaranlıq çağı dediyimiz XIII əsrdə "Kitabi-Sirətin-Nəbi" adlı nəhəng əsərini türkcə yazması öz kökünə, dilinə və mədəniyyətinə vurğunluğunu da büruzə verir. Bu faktlarla yanaşı, Anadoluda Hz.Əli cəngnamələrinin özülünü qoyan şəxsin də Həsənoğlu olduğu aydınlaşır”.
BakuPost