Türkiyədə 13 ədəd maqnit muncuq udan uşaq uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşub.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Yozqatda baş verib. Belə ki, 4 yaşlı oğlan uşağı maqnit muncuqları udub.
Yozqat Şəhər Xəstəxanasına yerləşdirilən uşaq burada əməliyyat olunub. Uşaq cərrahı Serkan Odabaşı bildirib ki, uşağın qarnından çıxarılan maqnitlər adi maqnitlərdən 5-10 dəfə artıq çəkim gücünə malik ola bilər:
“Əsasən oyun məqsədilə satılan bu maqnitlər müxtəlif rəngləri və parlaq görünüşləri ilə uşaqların marağını cəlb edir və onlar tərəfindən udula bilir. Güclü çəkim gücü səbəbindən maqnitlər mədə, bağırsaq kimi orqanlarda bir-birini cəzb edə bilər. Bu isə qalın bağırsaq toxumasında qanqrena, deşilmə, orqanlar arasında keçid yollarının qapanması kimi problemlərə səbəb ola bilər. Xəstəxanamıza müraciət edən pasiyenti rentgen müayinəsi etdik. Maqnitlərin yer dəyişmədiyi aşkar olundu və əməliyyata qərar verdik. Qapalı əməliyyat vasitəsilə maqnitlərin yerini təyin etdik və təxminən 3-4 sm-lik bağırsaq hissəsində zədə olduğu üçün həmin hissəni çıxararaq əməliyyatı tamamladıq. Əməliyyat zamanı uşağın bədənindən 13 ədəd rəngli maqnit çıxarıldı”.
Rəhman Mirzəlizadə, BakuPost