Sabir Rüstəmxanlı
Qroznıya uçan təyyarəmiz vurulandan və onlarla insanın həyatına son qoyan qəza baş verəndən sonra Birinci və İkinci Çeçenstan savaşı günlərində Azərbaycanın çeçenlərə necə dayaq durduğunu xatırladım. Bir milyona yaxın evsiz-eşiksiz, ac-yalavac qaçqın və köçkünümüz ola-ola öz yurdlarını tərk etmiş çeçenlərə də qucaq açmışdıq. Ən maraqlısı budur ki, bizdə prezidentlər, baş nazirlər dəyişilsə də, çeçenlərə münasbət dəyişilmədi. Bakıya üz tutanlar həm rəsmi səviyyədə, həm də xalq arasında rəğbətlə, qayğıkeşliklə qarşılanırdılar.
Bakıda Çeçenistanın daimi nümayəndəliyi vardı. Mərhum rəssam dostum Firudin Abbasov da könüllü şəkildə həmin nümayəndəlikdə işləyir, çeçenlərə kömək edirdi. Firudin son dərəcə isteadlı bir sənət adamı idi. Gördüyüm azsaylı əsərlərində dahiyanə bir rəssam əli hiss olunurdu. (Bu barədə ayrıca bir yazı yazacağam.) Lakin Ermənistanın torpaq iddiaları ortaya çıxandan və Qarabağ müharibəsi başlanandan fırçanı yerə qoymuşdu. Meydanlardan, qızğın mübahisəli yığıncaqlarımızdan sonra çox vaxt onun İçərişəhərdəki balaca otağına çəkilir və sonrakı işlərimizi müzakirə edir, torpaqlarımızı necə azad edəcəyimiz barədə düşünürdük. 1989-cu ildə Qarabağa Xalq Yardımı Komitəsinə və mənim çap etdiyim ilk müstəqil qəzetimiz “Azərbaycan”a da onu içindəki vətən sevgisi və qeyrət gətirmişdi... Əsl savaş adamıydı və döyüş bölgələrinə də çox vaxt bərabər gedirdik.
1994-cü ildən sonra onun balaca otağı həm də çeçen yaralılarının, köməksiz ailələrin üz tutduğu yer oldu. Çətinə düşən kimi məni axtarırdı. Yaralıları xəstəxanada, hamilə qadınları doğum evlərində yerləşdirməli olurduq. Bir gün də yanıma bir çeçen hərbçisini gətirdi. Qonaq 50 nəfər atasız-anasız çeçen uşağını Türkiyəyə göndərmək məqsədiylə gəlmişdi. Uşaqları qəbul etməyə hazır olan bir-iki Avropa ölkəsinin adını çəkdi. Lakin uşaqlar nə Avropaya, nə İrana, nə ərəb ölkələrindən birinə yox, məhz Türkiyiyə getmək istəyirdilər. Ancaq bu, mümkünsüz bir iş idi, çünki uşaqların əllərində heç bir sənəd, hətta doğum şəhadətnaməsi də yox idi. Onların taleyinə və Türkiyə sevgilərinə biganə qalmaq mümkün deyildi. Düz bir aya yaxın inadkarlıqla çalışdım, əziyyət çəkdim, ümidsizliyin içindən bir yol tapdım.. Bizim Xarici İşlər Nazirliyi, Türkiyənin Azərbaycandakı böyük elçiliyi ürəklə işə qarışdılar. Axır ki uşaqları Naxçıvana, ordan da Türkiyəyə yola sala bildik. İş bitəndən sonra Türkiyə səfirliyinin bir əməkdaşı məni qucaqlayıb “Bəy, sənin həmkarların mal-mülk peşindədirlər, sən də özünü yandırırsan bu kimsəsiz çocuklar üçün” dedi. “Bu, bir insanlıq borcudur!” dedim.
Bilmirəm, Çeçenistanda o uşaqların Bakı macərasını və sonrakı taleyini, bu işdə mənim zəhmətimi bilən varmı? Əvvəllər bu haqda düşünməmişdim. Ancaq indi düşünürəm və 50 kimsəsiz uşağa yol açan, həyat verən Azərbaycanla bir o qədər məsum insanın ölümünə səbəb olan Çeçenistanın, onun rəhbərinin və ona əmr verən Rusiyanın fərqini görürəm. Qazax qardaşlarımızın qəzadan sonra qoşduqları mahnını dinləyirəm və deyirəm: Biz insan sevgisiylə və mərhəmət duyğusuyla güclüyük. Allah bizim və bütün türklərin ürəyində bu sevgini və mərhəməti azaltmasın!