Xəbər verdiyimiz kimi Bakının Maştağa qəsəbəsində iki qız 7 gündür itkin düşüb. Bu günə qədər onlardan heç bir məlumat yoxdur.
2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı aprelin 16-dan itkindir.
Onlar birlikdə Maştağa qəsəbəsindən çıxıb və bir daha geri dönməyiblər. Onlar dayıqızı-bibiqızı olublar.
Bakupost.az xəbər verir ki, Reyhan Hüseynovanın anası Gülsevər Hüseynova Musavat.com-a müsahibə verib.
Gülsevər Hüseynova qızların itkin düşməsi ehtimalı, bu günə qədər yaşadıqları ilə bağlı geniş və şok detallar açıqlayıb.
Həmin müsahibəni təqdim edirik:
- Qızınız Reyhan sizinlə yaşayırdı, yoxsa dayısıgilə (İtkin düşən digər qız Aygüngilin evi. Red.) tez-tez gedirdi?
- Tez-tez qardaşımgilə gedirdik. Son bir həftə onlarda qalırdı. Biz işə gedəndə qızlar bir yerdə qalırdı.
- Qızların itkin düşdüyü gün diqqətinizi çəkən nə oldu? Nə baş vermişdi?
- Həmin gün evdə idik. Səhər yuxudan oyananda gördüm ki, qızım birtəhərdir. Əlində telefon tutdum. Yalandan dedim ki, bu telefondan Aygündə də görmüşəm. Amma görməmişdim. Özüm elə dedim ki, Aygündə də olub-olmadığını öyrənim. Qızım dedi ki, hə, Aygündə də var. Telefonu alıb şifrəsini də öyrəndim. Dedim ki, bunu dayın Bəhrama (digər itkin düşən qız Aygünün atası) deyəcəm. Həm də Aygünün telefon işlətməsindən xəbəri olsun. Qızım yalvardı ki, deməyim. Mən də dedim ki, bunu qardaşımdan gizlədə bilmərəm.
- Qardaşınıza dediniz?
- Evə gedəndə həyətdə ustalar işləyirdi. Orda deyə bilmədim. Evdə oturub çay içdik. Bir neçə dəqiqə sonra qardaşımın oğlu gəlib dedi ki, qızlar yoxdur. Ondan sonra axtarmağa başladıq.
- Qardaşınızdan qorxduqları üçünmü qaçdılar?
- Çox qorxurdu, əsirdi.
- Telefonlar indi kimdədir?
- Polisdə.
- Telefona baxanda kimlərləsə diqqət çəkən yazışmasını gördünüzmü?
- Yazışdığı adamlar var idi. Çox da anlayışımız yox idi. Bir nəfərə yazmışdı ki, həyatımdan bezmişəm...
- Danışdınız bu barədə?
- Hə, dedim ki, nə olub? Onun üçün hər şərati qurduğumuzu, kasıbçılıq çəkmədiyimizi, ehtiyac içində olmadığımızı dedim. Dedim nəyin çatmır?
- Cavabı nə oldu?
- Dedi ki, sən məni çox sıxırsan. Başqa analar kimi icazə vermirsən. Dedi ki, dayım da Aygünü çox sıxır.
- “Sıxırsınız” deyəndə nəyi nəzərdə tuturdular? Nə istəyirdirlər?
- Azadlıq istəyirdilər. Onları boş buraxmağımızı istəyirdilər. Amma mən buna imkan verməmişəm. Mağazaya gedəndə də özümlə aparmışam.
- Telefonda danışdığı kim idi? Həmin nömrə ilə əlaqə saxladınız?
- Nömrə deyildi. İnstagram səhifəsi açıb oradan danışıb. Yazışdığı 16 yaşlı oğlan olub. Polis onu tapıb soruşmuşdu. Deyib ki, qızla 3-4 gün əvvəl instagramda tanş olub, yazışıblar.
- Başqa danışdığı şəxslər olub?
- 3-4 nəfərlə danışıb. Amma heç birindən nəsə məlumat çıxmadı.
- Qızlar telefonu hardan almışdılar?
- Bilmirdik. Həmin günü dedim ki, qardaşımın yanına gedib aydınlaşdıraq.
- Pulu haradan əldə edə bilərdilər? Siz onlara çox pul verirdiniz? Verdiyiniz puldan yığıb, telefon ala bilərdi?
- 2-3 gün əvvəl mənim kartımda 3 min manat pul var idi. Qardaşımın oğlu ilə gedib evə bazarlıq eləmişdilər. Kreditimizi ödəmişdilər. Həmin puldan cəmi 15 manat əskik idi. Soruşdum ki, pulu nə etmisən? Həyəcanlandığını gördüm. Çünki həmişə 5 manat da xərcləyəndə deyərdi. Dedim, pulu nə etmisən? Dedi ki, pomidor, xiyar almışam. 3-4 pomidor, xiyar almışdı. Dedim ki, bunlara 15 manat vermisən? Dedi ki, üstümə çox gəlirsən. Niyə belə edirsən? Mən də məsələni uzatmadım.
- Ehtimalınız nədir? Pulu nəyə xərcləyə bilərdi?
- Mən qorxurdum ki, kiməsə pul göndərər.
- Əvvəl belə bir hal olub?
- Bir dəfə məktəbdə qızlardan biri bunu qorxutmuşdu ki, ona şokolad alsın. Mən ona pul verirdim ki, özünə nəsə alsın. Bu da gedib sinifdə qızlara nəsə alırdı. Niyə belə etdiyini soruşdum. Dedi ki, bunu edir ki, uşaqlar onu çox istəsin. Belə olmayanda heç kimin onu sevmədiyini deyirdi.
- Sinif yoldaşı qızınızı nə ilə qorxutmuşdu?
- Boş-boş söhbətlərlə. Deyirmişlər ki, atan yoxdur...
- Sizin qızınız da 9-cu sinif məktəbdən çıxıb?
- Qızım kollecə hazırlaşırdı. Türkiyəyə qəbul istədik, amma ödəniş çox idi. İndi də tibb bacısı olmaq üçün hazırlaşırdı. İmtahan da vermişdi.
- Əvvəl qızların evdən xəbərsiz getməsi olmuşdu?
- Bir dəfə ikisi bir yerdə parka getmişdilər. Bir saat sonra gedib gətirdik.
- Yoldaşınızla ayrı yaşarısınız?
- Bəli.
- Qızınız atası ilə görüşürdü?
- Xeyr.
- Hadisədən xəbəri var?
- Bəli.
- Polis sizə gələndə evdə də axtarış apardılar?
- Qardaşımgildə olanda gəlmişdilər. Evdə və həyətdə axtarış etdiklərini görməmişəm.
- Sizin evdə axtarış olub?
- Xeyr.
- Evdən çıxanda əsas yola, avtobusa minmək üçün küçə çoxdur?
- Bəli, müxtəlif yollarla getmək olar. Ara məhəllələr çoxdur. 5 dəqiqə içində hara yox çıxa bilərdilər? Düşündük ki, qonuşların evinə giriblər. Amma heç nə tapa bilmədik. Pəncərədən həyətə ayaqqabı da düşmüşdü. Bəlkə gedəndə paltar da götürüblər.
- İnstagramda hansı adla qeydiyyatdan keçmişdilər?
- Biri “Aylin”, digəri də “Taxta biti” adı ilə açmışdı.
- Gedəndə ciblərində pul olub?
- Xeyr. Həmin gün 130 manat vermişdim. 95 manat kredit ödəmişdi. 30 manat da dayısına vermişdi. Qalan 5 manatı da evə qoymuşdu.
- Üzərlərində dəyərli nə olub?
- İkisində də qızıl sırğa olub.
- İtkin düşdükləri gün telefonun tapıldığı gündür?
- Bəli. Telefon tapılandan bir neçə saat sonra.
- Bu günə qədər bircə dəfə də olsun xəbər olmayıb? Dəqiq olmayan məlumat belə...
- Bir dəfə Buzovnada görüldükləri barədə məlumat gəldi. Polislər gedib baxdı. Amma onlar deyildi. Başqa bir görüntü də var idi. Küçədə gəzən iki qızla bağlı. Onlar da deyildi.
- Sənədlərini götürüblər?
- Xeyr, heç nə götürməyiblər. Hazırlıqla çıxmayıblar. Evdən qorxduqları üçün qaçıblar. Mən belə düşünürəm.
- Polis telefonlardan nəsə əldə edə bilibmi?
- Xeyr. Polis də dedi ki, telefon təmizdir. Heç nə çıxmayıb.
- Qızınız 3-4 gün tanıdığı adama həyatdan bezdiyini deyib. Nə kimi sıxıntıları, problemləri olub? Hansısa qohuma bu haqda nəsə deyibmi?
- Mən başa düşdüyüm budur ki, uşaqların qayğıya ehtiyacı olub. Yazışmasında belə bir cümlə var idi ki, ona “qızım” deyilməsini istəyirdi.
- Qızınızın qayğıya ehtiyacı olduğunu siz hiss etmirdiniz?
- Hadisədən 3-4 gün əvvəl restorana getmişdik. Orda mahnı çalınanda qızım ağladı.
- Niyə?
- Ata mahnısı çalındığı üçün kövrəlib ağladı.
- Son zamanlar davranışlarında nə fərqlilik hiss edirdiniz?
- İkisində də fikir dağınıqlığı var idi. Evdə yeməyimizi həmişə qızım bişirirdi. Son zamanlar yeməyi də bişirə bilmirdi. Özünə də deyirdim ki, nə baş verir?
- Qızların sosial şəbəkələrdə yayılan fotolarının hamısına diqqət etdikdə onların kədərli olduğu hiss olunur. Gülən fotoları yoxdur...
- Bəli. Son vaxtlar ikisi də eyni halda idi. Gözləri dolu idi. Toxunsan ağlayacaqdılar. Tez-tez soruşurdum ki, nə baş verir? Qardaşımın qızından da soruşurdum. Amma heç nə olmadığını deyirdilər.
- Baş verənlərdən belə başa düşdüm ki, qızlar sizin qardaşınızdan, Bəhram Hüseynovdan çox qorxublar.
- Bəli, çox qorxudular. Qızım yalvarırdı ki, dayısına heç nə deməyim. Mən də dedim ki, başqasının qızının səhvini gizlədə bilmərəm. Çünki qızın başına bir iş gələndə mən nə edərdim?
- Telefonları tapanda qardaşınıza deməkdə məqsədiniz nə idi? Siz də qardaşınızdan qorxurdunuz, yoxsa məsələni aydınlaşdırmaq istəyirdiniz?
- Məqsədim məsələni aydınlaşdırmaq idi.
- Qızların siqaret və ya digər ziyanlı alışqanlıqları olması ilə bağlı şübhəniz var idi?
- Xeyr.
- Daha çox hara gedirdilər?
- Aygünlə diş həkiminə gedirdilər. Bir il idi Aygün dişləri düzəltmək üçün həkimə gedirdi. Mən də deyirdim ki, bu diş düzəlmək nə qədər çəkir axı...
- Diş həkimi hardadır? Ora ilə maraqlanmısız?
- Diş həkimi kənddədir. Özüm ora gedəcəm.
- Qızların hansınısa danışdığı oğlan, istədiyi şəxs olub?
- Xeyr.
- Qızlarınızı evləndirmək kimi niyyətiniz olub?
- Bir dəfə atam mənə dedi ki, sənin qızını istəyən var. Hadisədən bir ay əvvəl olmuşdu. Mən isə buna razı deyildim. Özüm tez ərə gedib bədbəxt olmuşdum.
- Qızınız nə dedi?
- Evlənmək istəmirdi. Qardaşım da narazılıq etdi.
- Elçi gəldilər?
- Oğlanın Bakıda olan qohumları gəlmişdi. Oğlan ailəsi ilə Rusiyada yaşayırdı. Qohumları çay içib getdilər. Mən razı olmadım. Dedim ki, ən azı 3 il nişanlı qalmalıdır. Onlar isə yayda nişan etmək istəyirdilər.
- Qızınız oğlanı bəyənmədi, yoxsa evlənmək istəmirdi?
- Oğlanı da bəyənmədi. Elçi gəlməsinə etiraz etməmişdi.
- Başqa belə hal olub?
- Xeyr. İki dünya bir ola qızıma istəmədiyi heç nəyi etməzdim.
- Son olaraq istərdim ki, özünüz qızınıza müraciət edəsiniz. Bəlkə bu müsahibənizi oxuyacaq. Ona nə demək istərdiniz?
- Mən hər ikisinin arxasındayam. Onlar üçün canımdan keçərəm. İkisindən də xahiş edirəm ki, evə qayıtsınlar. Nə olur-olsun onlar mənim qızımdır. Uşaqdılar, səhv edə bilərlər. Biz də səhv etmişik.