Ru
22:05 / 03 Oktyabr 2024

88 yaşlı qadını aldadıb pullarını alan Qazaxıstan vətəndaşı saxlanıldı - VİDEO

903
Yaxın qohumlarının qəza törətməsi adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, paytaxt sakini olan 1936-cı il təvəllüdlü bir qadın tanımadığı şəxsin onunla ev telefonu vasitəsilə əlaqə saxladığını və gəlininin yol-nəqliyyat hadisəsi törətdiyini dediyini, daha sonra mənzilə gələn naməlum şəxsə 4000 manat verdiyi barədə polisə müraciət edib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində qeyd edilən qanunsuz əməllərə cəlb olunan Qazaxıstan vətəndaşı 2003-cü il təvəllüdlü Korlan Asan Berdimurat saxlanılıb.

Müəyyən edilib ki, saxlanılan şəxs məhz qeyd olunan qanunsuz əməlləri həyata keçirmək məqsədilə yaşadığı Çexiya Respublikasından Bakı şəhərinə gəlib. K.Berdimurat "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu naməlum şəxslərin göndərdiyi ünvanlara yollanaraq pulları zərərçəkənlərdən qəbul edib.

Qeyd olunan hüquqazidd əməllər nəticəsində onun 2 vətəndaşa ümumilikdə 6 min manata yaxın maddi ziyan vurduğu aşkar olunub. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartı və ya kriptovalyuta hesablarına köçürüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi tövsiyə edirik.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar