“Cəmi bir ay yarım əvvəl ikinci dəfə prezident kürsüsünə əyləşən Tramp artıq ABŞ-ın xarici siyasətinin vektorunu kəskin şəkildə dəyişib. Onun administrasiyası beynəlxalq yardımları azaltdı, Avropa liderləri ilə açıq qarşıdurmaya girdi, Ukraynaya hərbi dəstəyi dayandırdı və yeni ticarət müharibələrinə başladı. Bütün bunlar göstərir ki, Tramp artıq özünü daha əmin hiss edir və son onilliklər ərzində formalaşmış siyasi normalara məhəl qoymadan hərəkət edir. Trampın ikinci dönəmi təkcə onun adət etdiyi sərt və aqressiv bəyanatlarla deyil, həm də qlobal nizamı yenidən formatlaşdırmaq cəhdi ilə fərqlənir. Kanadanın ilhaqı ideyası, Çinin Panama kanalına nəzarət etdiyi ittihamları, ticarət müharibələri və ABŞ-da artan proteksionizm sual doğurur: Trampın ritorikası harada bitir və real siyasi strategiya harada başlayır?”
Bu fikirləri
Bakupost.az -a politoloq Elçin Alıoğlu deyib.
O bildirib ki, Trampın ən çox mübahisələrə səbəb olan təşəbbüslərindən biri Qrenlandiyanın və Panama kanalının ABŞ-a ilhaq edilməsini müzakirəyə çıxarması oldu:
"Bu ideyadan daha çox güc nümayişinə bənzəyir, nəinki real siyasi proqrama. Lakin bu, bir məqamı açıq şəkildə göstərir. Tramp ABŞ-ın Qərb yarımkürəsindəki təsirini genişləndirmək istəyir. Bundan əlavə, ABŞ Meksikadan idxal olunan mallara yeni tariflər tətbiq etdi. Bu addım, əsasən, qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmaq üçün Meksika hökumətinə təzyiq vasitəsi kimi nəzərdə tutulmuşdu:
“Prezidentliyinin ikinci dönəmində Tramp həmişəkindən daha sərt siyasətə və “əvvəlcə Amerika” prinsipinin yeni versiyasına üstünlük verir. ABŞ Avropanın təhlükəsizliyindəki rolunu azaltmaqda davam edir və müttəfiqlərinin artıq öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı olduğunu açıq şəkildə bildirir. Paralel olaraq, Vaşinqton Çinə təzyiqləri artıraraq onu əsas geostrateji rəqib kimi nəzərdən keçirir. Trampın siyasəti artıq Avropanın ABŞ-a etibarının azalmasına səbəb olub. Lakin əsas sual budur: Bu, NATO-nun zəifləməsinə gətirib çıxaracaq, yoxsa onun islahatına? Çox güman ki, Avropa qeyri-müəyyənlik şəraitində öz təhlükəsizliyinə daha çox cavabdehlik daşıyacaq. Bu isə uzunmüddətli perspektivdə alyansı daha avtonom və müstəqil edə bilər. Tramp administrasiyasının ən mübahisəli təkliflərindən biri NATO-nun 5-ci maddəsini (kollektiv müdafiə) hər bir üzv ölkənin hərbi xərcləri ilə əlaqələndirmək ideyasıdır. Bu isə Rusiya ilə sərhəddə yerləşən və ən çox təhlükə altında olan dövlətlər üçün ciddi problemlər yarada bilər”.
Sevinc,
BakuPost