Ru
19:14 / 16 Aprel 2025

"ABŞ İranın nüvə obyektlərinə lokal zərbələr endirə bilər" - Açıqlama

"ABŞ İranın nüvə obyektlərinə lokal zərbələr endirə bilər" - Açıqlama
Eye

“ABŞ və İran arasında münasibətlər kəskinləşməsi pik həddə çatıb. Bu vəziyyət təkcə Yaxın Şərq ölkələrində deyil, həm də qlobal güc mərkəzlərində ciddi narahatlıq doğurur. İranın nüvə proqramını fəallaşdırması, Tehran və Vaşinqtonun sərt ritorikası, İsrailin təzyiqləri və Omandakı diplomatik manevrlər son dərəcə mürəkkəb və partlayışa hazır mənzərə formalaşdırır.

Ən son kəşfiyyat məlumatlarına görə, İran ikiqat təyinatlı raket texnologiyalarını inkişaf etdirməyə davam edir. Son altı ay ərzində İran 3000 km-ə qədər məsafəyə malik ballistik raketlərin döyüş başlıqlarını modernləşdirməklə məşğuldur. Bu prosesdə Şimali Koreya texnologiyalarından istifadə edilir. İşlər Şahrud, Səmnan və Surxə-Həsər hərbi-elmi komplekslərində, İran Müdafiə Nazirliyinə tabe olan Müdafiə İnnovasiyaları və Araşdırmaları Təşkilatı tərəfindən həyata keçirilir. Bu səyləri İran rəhbərliyinin nümayişkaranə bəyanatları müşayiət edir. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran nə diktəyə, nə də suveren hüquqlarına qoyulan məhdudiyyətlərə dözməyəcək".

Bu fikirləri Bakupost.az -a politoloq Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, ABŞ 2018-ci ildən bəri ilk dəfə olaraq Omanın paytaxtı Məsqətdə İranla birbaşa danışıqları bərpa edib. Amerika nümayəndə heyəti gərginliyin azaldılması üçün nüvə infrastrukturunun sökülməsini, uranın zənginləşdirilməsi səviyyəsinin endirilməsini və MAQATE-nin hərbi obyektlərə buraxılmasını əsas şərt kimi irəli sürüb. Tramp danışıqları “İran üçün təhlükəli vəziyyət yaranmazdan öncə son şans” adlandırıb:


“ABŞ İranın nüvə obyektlərinə lokal zərbələr və ya 2010-cu ildəki “Stuxnet” əməliyyatı kimi kiberhücumlar həyata keçirə bilər. İranın cavabı asimmetrik olacaq - proksi qüvvələr və enerji təzyiqi vasitəsilə. Qısamüddətli perspektivdə qarşıdurma ehtimalı azdır, lakin danışıqların pozulması və İsrailin təxribatı fonunda mümkündür. Belə müharibə bütün Yaxın Şərqi əhatə edə və qlobal neft böhranına səbəb ola bilər. ABŞ-İran münasibətlərində həlledici mərhələ yaşanır – bu, bifurkasiya nöqtəsidir, yəni buradan sonra kəskin dəyişikliklər mümkündür. Artan ritorikaya baxmayaraq, hər iki tərəf müharibənin qiymətini anlayır. Diplomatik imkanlar pəncərəsi hələ açıqdır, lakin bu pəncərə sürətlə daralır”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar