“ABŞ-dan hərbi yardımların kəsilməsi fonunda Avropa Ukraynaya hərbi dəstəyi artırır. Böyük Britaniya və Fransa kifayət qədər sərt mövqe ortaya qoyub. Almaniyada anti-Rusiya yönümlü xiristian-demokrtaların seçkidə qələbə əldə etməsi, rəsmi Berlinin siyasətində əsaslı dəyişikliklərə gətirib çıxaracaq. Seçkilərdə qələbə çalan partiyanın lideri Almaniyanın ABŞ-dan asılılığına son qoyacağını və Ukraynanı tam dəstəkləyəcəyi mesajını verib. Qeyd edim ki, Avropa dövlətləri anti-Rusiya koalisiyası quraraq Tramp-Putin sövdələşməsinin qarşısını alacaq. ABŞ və Rusiya Almaniyada ifrat sağçı qüvvələrin hakimiyyətə gəlməsi üçün ciddi işlər görməsinə baxmayaraq, qələbə əldə etmədilər. Əgər Almaniyada Rusiya yönümlü qüvvələr hakimiyyətə gəlsəydi, Ukrayna üçün mənfi nəticələr qaçılmaz olacaqdı”.
Bunu politoloq Məhəmməd Əsədullazadə Bakupost.az-a deyib.
O bildirib ki, Avropa İttifaqı ABŞ-dən ayrılır. İkincinin başçılıq etdiyi qütb parçalanır. Bununla da Rusiya və ABŞ-nin Avropa ilə bağlı planları fiaskoya uğrayır:
“Avropa dövlətləri Ukrayna ilə bağlı siyasətlərındə Türkiyə ilə kordinasiyalı çalışır. Ukrayna lideri Türkiyə ilə əməkdaşlıqda israrlıdır. Türkiyə öz hərbi maşını ilə Ukraynaya ciddi dəstək verəcək. Rusiyanın xarici işlər naziri Lavrovun Ankaraya səfər etməsi, məhz Ankaranın Ukrayna siyasətindən narahatlıqdan irəli gəlir. Amma, Ankaranın öz milli təhlükəsizlik maraqlarını üstün tutaraq Kremllə razılaşmaya getməsi istisnadır. Məhz Avropanın Türkiyə ilə münasibətlərini inkişaf etdirməsi, Azərbaycanla bağlı Avropanın siyasətində müsbət dəyişikliyə səbəb olacaq. Avropa İttifaqı Azərbaycan və Ermənistan məsələsində beynəlxalq hüquqdan çıxış edəcək. Ermənistana birtərəfli şəkildə dəstək verilməsi aradan qalxacaq. Çünki beynəlxalq hüququn ABŞ tərəfindən tanınmaması, Avropa üçün soyuq duş effekti verdi”.
Politolioq qeyd edib ki, yeni geosiyasi şərtlərə uyğun olaraq, Avropa dövlətləri öz iqtisadiyyatlarında hərbi maşın işə salacaq. Yaxın perspektivdə Avropanın təkcə iqtisadi mərkəz deyil, həm də hərbi mərkəz olması gözlənilir. Bu da Rusiya üçün çəkindirici faktor olacaq: "Rusiya prezidenti Putinin Trampa arxayın olub, Ukraynanı məğlub etmək planına Avropa seyrçi qalmadı. Bununla da Avropa yeni siyasi, iqtisadi və hərbi güc olaraq ortaya çıxır. Növbəti mərhələdə Rusiya üçün çətin sınaqlar qabaqdadır. Vaşinqton əsas strateji müttəfiqlərinin etimadını itirdi”.
Sevinc,
BakuPost