ABŞ hakimiyyətinin "Heyət Təhrir əl-Şam" qruplaşmasının Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan lideri Əhməd əl-Şaraa haqqında məlumat üçün 10 milyon dollar mükafat ödəyəcəyi vədi qüvvədə qalır.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
O, bu vədin hələ də qüvvədə olub-olmaması ilə bağlı suala cavab verərək, "Bəli, elədir" deyib. Bununla belə, Dövlət Departamentinin nümayəndəsi Əl-Şaraa saxlanılaraq, təhvil verilərsə, Amerika administrasiyasının onun barəsində nə tədbir görəcəyi barədə sualdan yayınıb. O, sadəcə mükafatı ödəmək vədinin “sabit olduğunu və qüvvədə qaldığını” qeyd edib.
Bundan əvvəl NBC telekanalı ABŞ-ın yüksək rütbəli rəsmilərinə istinadən xəbər vermişdi ki, Vaşinqton Suriya prezidenti Bəşər Əsədi devirmiş "Heyət Təhrir əl-Şam" qruplaşmasının xarici terror təşkilatları siyahısından çıxarılması imkanını nəzərdən keçirir. NBC qeyd etmişdi ki, belə bir qərarın qəbul edilməsi qrup lideri haqqında məlumat üçün verilən 10 milyon dollar mükafatın ləğvi deməkdir.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam onlar Hələb, Həma, Dəraa və Homsu ələ keçiriblər, dekabrın 8-də isə Suriya hökumət qüvvələrinin bölmələri tərəfindən tərk edilmiş Dəməşqə daxil oldular. Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. Dekabrın 10-da 2024-cü ilin yanvarından İdlib əyalətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb.
Zaur, BakuPost