Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:42 / 02 Dekabr 2024

"ABŞ olmasaydı, Türkiyə onları çoxdan əzmişdi" - MÜSAHİBƏ

724
Son günlər Suriyada vətəndaş müharibəsi yenidən alovlanıb. Müxalif qüvvələrin gözlənilməz hücumları Bəşər Əsəd rejimini ciddi təhlükə qarşısında qoyub. Türkiyə, İran, Rusiya və ABŞ kimi beynəlxalq oyunçuların maraqlarına birbaşa təsir edən bu hadisələr Suriyanın gələcək taleyi ilə bağlı suallar doğurur. Politoloq Kənan Rövşənoğlu Bakupost.az -a müsahibəsində hazırda Suriyada baş verən proseslər haqda danışıb. Onunla müsahibəni təqdim edirik:


- Kənan bəy, Suriyada müxalifətin qəfil hücumu təkcə Əsəd rejimi deyil, hər kəs üçün bir qədər gözlənilməz oldu. Sizcə, bu hücumu niyə məhz indi baş verdi?
- Hücum ötən ayın 27-də başladı. İdlibdə yerləşən müxalif qüvvələr qəflətən, əsasən, Şərqi Hələbə doğru və Cənub istiqamətində hücuma keçdilər. Sonrakı günlərdə məlum oldu ki, bu hücum daha əvvəldən hazırlanıbmış. Hücum vaxtının seçilməsi də təsadüfi deyil. Çünki hazırda Rusiyanın başı Ukraynaya qarışıb. İran və "Hizbullah" isə Livanda İsraillə mübarizə aparır. Ona görə də bu, müxalif qüvvələr üçün münasib bir məqam idi.



Müxaliflər bir neçə gün ərzində Hələb şəhərini ələ keçirdilər. Bundan sonra bir neçə strateji mövqeləri tutub Həma şəhərinə doğru hərəkətə keçdilər. Hazırkı vəziyyətə əsasən deyə bilərəm ki, ayın 27-ə qədər olan ərazi boyda yeni ərazilər ələ keçiriblər. Rusiyanın bombardmanları sayəsində bir az dayandılar. Amma belə görünür ki, hökumət qüvvələri ciddi müqavimət göstərməsə, hücumlar davam edəcək.

Bu hücumlar 2020-ci ildən bəri davam edən atəşkəsin və Soçi prosesinin pozulması deməkdir. Müxaliflər bir az da irəliləsə, daha çox ərazi ələ keçirəcək və bu, danışıqlar prosesində onların mövqeyini gücləndirəcək. İlk gün Türkiyə və Suriya arasında danışıq prosesi var idi. Suriya hökuməti müxalifləri tərəf olaraq qəbul etmir. Bu isə onların əlini daha da gücləndirir. Bu hücum 2020-ci ildəki Moskva görüşündə İdlibdə atəşkəs bölgəsinin yaradılmasıyla bağlı razılaşmanı ləğv edir. Mövcud vəziyyət isə Rusiya, Suriya və İrana imkan verir ki, onlar İdlibə hücum etsinlər. Çünki indiyə qədərki danışıqlar və razılaşma artıq qüvvədən düşmüş sayılır.

- Türkiyənin bölgədəki maraqları nədən ibarətdir? Baş verənlər bu maraqlara necə təsir göstərir?
- Türkiyə kürdlərə qarşı əməliyyata hazırlaşırdı. Bu vəziyyət onlara sərf etdi. Suriya hökumətiylə danışıqlarda hakimiyyət bölgüsündə müxalifətə yer verilməsi məsələsində Türkiyənin əlini gücləndirdi. İkinci məsələ isə kürdlərdir. Dünən müxalif qüvvələr kürdlərin əlində olan qəsəbəni ələ keçirdilər. Türkiyə vəziyyətdən istifadə edib onlara qarşı təzyiqi daha da artıracaq və sərhəddən 30 kilometr içəriyə çəkməyə çalışacaq. Bu da ərazidəki hərbi vəziyyətdən, xüsusilə, kürdlərin himayədarı Vaşinqtonun məsələyə reaksiyasından asılıdır.

- Suriyadakı kürd qüvvələrinin hazırkı mövqeyi və onlara beynəlxalq dəstək haqqında nə deyə bilərsiniz?
- Suriyadakı kürdlərin birləşdiyi Suriya Demokratik Qüvvələri adlı bir koalisiya var. Hazırda qeyri-formal olaraq Suriyada hökumətdən sonra ən böyük əraziyə onlar nəzarət edir. Onların əsas dəstəkçisi Vaşinqtondur. ABŞ-nin orada 20-ə yaxın bazası var. Əgər ABŞ olmasaydı, cənubdan İranla Rusiya, şimaldansa Türkiyə kürdləri çoxdan əzmişdilər. Türkiyə 2019-cu ildə “Barış Pınarı” əməliyyatında müəyyən əraziləri götürdü. Ondan sonra Bayden hakimiyyətə gəldi və imkan vermədi ki, Türkiyə orada əməliyyat keçirsin.

- Bəs ABŞ və İsrailin bu proseslərdə iştirakı nə dərəcədədir?
- İsrail məsləsi bir az fərqlidir. İsrailin İraq kürdləriylə arası yaxşıdır. Suriyadakı kürdlər kommunistdilər, onların İsraillə əlaqələri olmayıb. Əksinə, onlar həmişə İsraillə qarşı cəbhədə olublar. Burada İsrailin marağı o idi ki, İranın Suriyadakı mövqeləri və Bəşər Əsəd zəifləsin. Hətta iddia edirlər ki, İsrail müxalif qüvvələrə dəstək verib. ABŞ kürdləri dəstəkləyir və kürdlərin vuruşduğu qüvvələr İdlibdəki müxaliflərdir. Müxaliflər arasında isə əsas 3 qüvvə var – radikal islamçılar, Türküstan İslam Partiyası və Suriya Milli Ordusu. Suriya milli ordusu Türkiyə ilə müttəfiqdir. “Barış Pınarı” və “Zeytin dalı” əməliyyatlarını birgə keçiriblər.

- İran XİN başçısı Abbas Araqçı Bəşər Əsədlə görüşdən sonra Türkiyəyə gəldi və burada Hakan Fidanla da danışıqlar apardı. İran bu danışıqlarda nəyə nail olmaq istəyir?

- İran burada tərəfdir. Əvvəlcə Astana, daha sonra Soçi prosesində İdliblə bağlı razılaşmanın tərəflərindən biri İran idi. Türkiyə, İran və Rusiya arasında bir razılaşma var idi ki, 14 magistral yolunun şimal hissəsində atəşkəsə Türkiyə, cənub hisəsində isə İran və Rusiya nəzarət edəcək. Rusiya, İran və Türkiyə oradakı razılaşmanın təminatçıları idi. İran hərbi baxımdan da orada iştirak edir və həmin ərazidə silahlı qüvvələri var. İran və Rusiyanı Suriyaya dəvət edən Bəşər Əsəddir. Ona görə də bu vəziyyət İranı narahat edir və Bəşər Əsədə dəstəyini bildirmək üçün Abbas Araqçı Suriyaya getdi. Ümumiyyətlə, bu proseslər bütün qonşu ölkələri narahat edir. Vəziyyət 2014-cü ildə Mosul şəhərinin alınmasına bənzəyir. Bu səbəbdən hazırkı diplomatik hərəkətlənmə normaldır. Yəqin ki, daha da ciddi proseslərə şahid olacağıq.

Rəhman Mirzəlizadə,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar