Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin "Milli Dövlətçilik və Konstitusiya: Məktəblilərlə Strateji Dialoq" adlı layihəsi çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti dəfə rayonun Əmircan qəsəbəsi üzrə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri ilə görüş keçirib.
Bakupost.az xəbər verir ki, görüşdə RİHB-nin müavinləri, 84, 87, 97, 114, 154 saylı tam orta məktəblərin direktorları, müəllim heyəti və 10-11-ci sinif şagirdləri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan görüşdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi haqqında ətraflı məlumat verib, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasındakı rolundan bəhs edib. O, vurğulayıb ki, ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. RİH başçısı qeyd edib ki, istənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki qələbə, antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpa olunması müasir Azərbaycanın yeni inkişaf mərhələsini formalaşdırdı.
Görüş zamanı RİH başçısı Adil Əliyev birldirib ki, bu gün Azərbaycan dövləti tərəfindən gənclərə böyük dəstək var. Ölkə başçımız tərəfindən gənclər siyasəti ilə bağlı bir neçə dövlət proqramları qəbul edilərək reallaşdırılıb və bu proses davam edir. A.Əliyev gənclərə həyatda özlərini təsdiq etməsi, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsi üçün öz faydalı tövsiyələrini verib. O, həmçinin, gənclərin müxtəlif məsələlərlə bağlı suallarını ətraflı cavablandırıb.
Sonda bütün şagirdlərə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.