Ağadadaş Ağayevi döyən mühafizəçi həbsdən yeni çıxıb, dəfələrlə məhkum olunub - VİDEO
4062
Xəbər verdiyimiz kimi, Ağadadaş Ağayevin vəkili Asim Abbasov Xalq artistinin insidentdən sonrakı ilk fotosunu paylaşıb.
Bakupost.az bildirir ki, vəkil paylaşımında yeni faktlar açıqlayıb.
O, Xalq artistini döyən mühafizəçi Nurəddin Cəlilovun dəfələrlə məhkumluq həyatı yaşadığını bildirib:
“A. Ağayev həmin gün gecə saatlarında evinə olduqca yaxın olan “Medera” Hospitalında qulaq nahiyəsindən ağır əməliyyat keçirtmiş, həmin gecəni ağrıdan səhərə qədər yatmamış, səhər isə yenidən qulağında şiddətli ağrılar yaranıb.
Ağrılar dözülməz olduğu üçün o, eyvana çıxaraq “Medera” Hospitalının mühafizəçisindən köməklik istəyib, ondan həkim çağırmasını xahiş edib. Mühafizəçinin laqeyd münasibəti, daha sonra isə təhqiramiz ifadələri və təhrikedici hərəkətləri nəticəsində tərəflər arasındakı münasibət gərginləşib.
Bundan başqa daha əvvəl dəfələrlə məhkum olmuş qarşı tərəf N.Cəlilov 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında AR CM-nin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilib.
O, həbsdən yeni çıxıb. Həmçinin N.Cəlilov daha əvvəl də Rusiya Federasiyasında “xuliqanlıq” maddəsi ilə məhkum edilib.
Yeri gəlmişkən onu da qeyd edim ki, Ağadadaş Ağayevin özü artıq bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır”.