Bu gün işğaldan azad edilmiş ərazilərimizdə 30 mindən çox insan yaşayır.
Bakupost.az -ın məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İadrəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi deyib.
O qeyd edi b ki, Ağdamın Baş Qərvənd kəndi Ağıllı Kənd layihəsi ilə inşa olunacaq:
“Tikinti işləri zamanı Azərbaycan Respublikasının vəsaiti hesabına slovakiyalı mütəxəssislər və mühəndislər tərəfindən ağıllı həllər icra olunacaq. Kəndin ümumi sahəsi 476 hektardır. İlkin mərhələdə isə 275 hektar ərazisi inşa olunacaq və layihələndiriləcək. Burada 850 fərdi evin tikilməsi nəzərdə tutulur. Eləcə də alternativ enerji mənbələrindən istifadə olunacaq, tullantıların utilizasiyası həyata keçiriləcək, eləcə də kanalizasiya təmizləyici qurğular quraşdırılacaq. Kənddə söküntü və şaquli planlama işlərinin böyük hissəsi tamamlanıb”.
L.Sarabi qeyd edib ki, Ağdamın Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində tikinti işləri davam edir.
“Bu kəndlərdə fərdi evlərin, iaşə obyektlərinin tikintisi davam edir. Xıdırlıda 719, Kəngərlidə 292, Sarıcalı kəndində isə 203 fərdi evin tikintisi davam edir. Bununla paralel olaraq kənd meydanı, bayraq meydanı, emalatxanalar, məktəblər, bağçalar, ümumiyyətlə yaşayış, insanların məşğulluğunun təmin olunması üçün bütün şərait yaradılır”, - o, İTV-nin efirində deyib.
Mətbuat katibinin sözlərinə görə, Ağdamda böyük Sənaye Parkı yaradılıb:
“Burada cənab Prezidentimiz tərəfindən bir neçə zavodun açılışı da artıq baş tutub. Sənaye Parkında zavodların tikintisi davam edir, investorlar öz zavod və fabriklərini qururlar. Yaxın gələcəkdə bu ərazilər istehsal və digər məsələlərdə olduqca önəmli ərazilərə çevriləcək”.
O vurğulayıb ki, işğal dövründə mədəni abidələrimiz, təbiətimiz, torpağımız, düşmən tərəfindən barbarlığa, terrora məruz qalıb.
"Bu paralel olaraq təhsil infrastrukturuna da mənfi təsir etdi. Bizim məktəblərimiz, bağçalarımız darmadağın edildi. İşğaldan azad edildikdən sonra Füzulidə Özbəkistan Respublikası tərəfindən hədiyyə olunmuş Mirzə Uluqbəy adına 1 saylı məktəb fəaliyyət göstərir. Qazaxıstan Respublikası tərəfindən hədiyyə olunmuş Kurmanqazi adına uşaq yaradıcılıq mərkəzi faəliyyət göstərir. Eləcə edə Ağdamın ən böyük təhsil ocaqlarından biri olan 1 saylı məktəbin və bağçanın tikintisi tamamlanır. Bu ərazilərə köçəndə cənab Prezidentimizin müvafiq sərəncamları və tapşırıqlarına əsasən təhsil infrastrukturu olduqca yüksək səviyyədə bərpa olunur. Burada ən son texnoloji yeniliklərdən istifadə olunur ki, azad edilmiş ərazilərdə təhsil alacaq şagirdlərimiz çox gözəl təhsil ala bilsinlər”- mətbuat katibi qeyd edib.
L.Sarabi vurğulayıb ki, Ağdamda işğal və zəfər muzeyi yaradılacaq:
“Muzeydə müəyyən ərazidə dağıntılar olduğu kimi saxlanılacaq. Bizim qan yaddaşımız təbii ki, yenilənəcək. Şəhərlərimiz abadlaşdıqdan, gözəlləşdikdən sonra buraya gələcək turistlər də işğal dövründə ərazilərimizin necə dağıntılara məruz qaldığını görəcəklər. Ağdamdakı Cümə Məscidi Heydər Əliyev Fondu tərəfindən tarixi siması qorunaraq konservasiya və restavrasiya olunub. Mədəni obyektlərimiz və ocaqlarımız qorunacaq. Bəzi hallarda o dağıntılar saxlanacaq ki, unudulmasın”.