Ağdam rayonunda 1988-ci il təvəllüdlü Elnur mübahisə zamanı qardaşı arvadı Fatiməyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il iyulun 24-də Ağdam rayonunun kəndlərindən birində baş verib.
Ağdam rayon sakini Elnur qardaşı arvadı Fatimənin yumruqla sifətinə, tozsoran aparatının borusu ilə qoluna, çiyninə zərbələr endirib, onu təpikləyib.
İstintaq orqanı tərəfindən Elnurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Ağdam rayonun kəndində yaşayır, evlidir: “Fatimə qardaşım Qafurun həyat yoldaşıdır. Onunla aramızda heç bir düşmənçilik və ya ədavət olmayıb. Tez-tez mübahisələr eləmişik”.
“Dalaşdıqlarını bildirdi”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən əvvəlki gün səhər saatlarında Zərdab rayonunda yaşayan dostu Fərid ona zəng edib və iribuynuzlu heyvan almaq məqsədilə Ağdam rayonuna gəldiyini bildirib:
“Mənimlə birlikdə heyvanlara baxmağa getməyi xahiş etdi. Saat təxminən 11 radələrində Fərid “KİA” avtomobillə yaşadığım kəndə gəldi. Birlikdə Ağdam rayonunun digər kəndi istiqamətində hərəkət etməyə başladıq. Fəxrəddin adlı şəxsin iribuynuzlu heyvanlarına baxmalıydıq. Kəndə çatanda Fəxrəddin bizə Bakı şəhərindən gəldiyini söylədi və gözləməyimizi xahiş etdi. Təxminən 2 saat onun yaşadığı evə gəlişini gözlədik.
Təxminən saat 14 radələrində Fəxrəddin evə gəldi. Fərid onunla iribuynuzlu heyvanlara baxdı. Heyvanları bəyənmədiyi üçün onlar arasında alqı-satqı baş tutmadı. Biz birlikdə mənim yaşadığım kəndə qayıtdıq. Fərid məni kənd ərazisində avtomobildən endirərək getdi. Mən çatanda Qafur və Fatiməni evdə görmədim. Həyat yoldaşım Esmira dava düşdüyünü bildirdi.
Bir neçə saatdan sonra Qafur yaşadığımız evə gələrək baş verənləri danışdı və Fatiməni anasıgilə apardığını bildirdi”.
“Əxlaqsızlıq təklif etməmişəm”
Elnur qeyd edib ki, qardaşı arvadı Fatiməyə hər hansı bir əxlaqsızlıq təklif etməyib: “Həmin mesajları Fatimə mənim telefonumu götürərək özü-özünə yazıb. Mən ona mesaj yazmamışam.
Biz eyni həyətdə yaşayırıq. Fatimə istədiyi vaxt telefonumu götürə bilib. Hadisə zamanı mən evdə yox, Fəridlə birlikdə Ağdam rayonunun digər kəndində yaşayan Fəxrəddin adlı şəxsin evində olmuşam. Qardaşım Qafurun səs yazısında niyə mənim Fatiməni döydüyümü deməsinin səbəbini bilmirəm. Hazırda Fatimə ilə barışmamışam”.
“Aramızda tez-tez mübahisələr olurdu”
İş üzrə zərərçəkmiş Fatimənin sözlərinə görə, təqsirləndirilən Elnur qaynıdır, onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmayıb:
“2011-ci ildən Qafurla ailə həyatı quraraq Bakı şəhərinə köçdük. Daha sonra Ağdam rayonunun kəndinə qayıdıb orada yaşadıq. 2013-cü ildə ərimlə rəsmi qaydada boşandıq. Dörd il ayrı yaşadıqdan sonra 2017-ci ildə yenidən Qafurla rəsmi nikaha girərək birlikdə yaşamağa başladıq. Hazırda iki övladımız var.
Daha sonra qaynım Elnur da Bakı şəhərindən köçərək bizimlə qonşuluqda yaşamağa başladı. O, həmin ünvana köçdükdən sonra aramızda tez-tez sözlü mübahisələr oldu”.
“Əxlaqsız təkliflər olan mesajları göstərdim”
Zərərçəkmiş bildirib ki, həyətdə saxladığı cücələri qonşuya satan zaman qaynı Elnur bunu görüb və qardaşına məlumat verib: “Növbəti gün saat təxminən 13 radələrində həyat yoldaşım Qafur mənə toyuqları icazəsiz satdığıma görə irad bildirdi. Toyuqları satdığımı ərimə Elnurun dediyini, bununla aramızda mübahisə yaratmaq istədiyini başa düşdüm. Mən də ərimə qardaşı Elnurun mənə yazdığı nalayiq məzmunda, əxlaqsız təkliflər olan mesajları göstərdim.
Ərim mesajlara baxdıqdan sonra Elnurun evinə getdi. Elnur mesajları guya telefonunu oğurlayaraq mənim yazdığımı bildirdi”.
“Bizi sorğu-sual etdi”
Fatimə qeyd edib ki, təxminən 10-15 dəqiqə sonra Elnur və əri Qafur onların yaşadıqları evə gəliblər:
“Qafur məsələnin nə olduğunu öyrənmək üçün bizi sorğu-suala tutanda Elnur anidən üstümə gələrək yumruqla burun nahiyəmə zərbə endirdi. Əvvəl dizi üstə yerə oturdum, sonra özümü toplayaraq ayağa qalxdım və Elnurun yaxasından tutdum.
Qafur sol əlimin barmaqlarından tutaraq geriyə doğru qatladı. Ağrının təsirindən əlimi Elnurdan çəkdim. Elnur tozsoranın dəmiri ilə sol qol, sol yan, sol ayaq, sol çiyin nahiyələrimə zərbələr vurdu. Saçımdan tutaraq sifət nahiyəmə daha bir yumruq zərbəsi, təpiklə isə qarın və ayaq nahiyəmə zərbələr endirdi. Orada olan azyaşlı qızım ortaya girərək qışqırdı. Elnur məni buraxdı, sonra öz evlərinə getdi.
Elnurun ardınca getmək istəyəndə həyat yoldaşım qolumdan tutaraq məni yaşadığım evə qaytardı. Məni uşaqlarımla birlikdə anamın evinə apardı”.
Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Elnur qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.
Hökmün icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə tapşırılıb.