Ru
21:00 / 12 İyul 2024

Ağzı əmzikli sinə vuranlar - Çingiz Özgürün yazısı

8042

Çingiz Özgür


Bir məsələ haqda ki, deməlisən, yaxşı olar ki, onu əvvəldən deyəsən. Bir şeydən ki, narahatsan, gərək o narahatlığını dilə gətirəsən. Bir hadisə ki, səni incidir, kimin hansı reaksiya verəcəyindən asılı olmayaraq, fikrini bildirməlisən. Məni çox incidən, narahat edən bir məsələ var. Yenə yaxınlaşır deyə, qoy öncədən deyim. Məni hər il foto-video görüntüyə dönüb qarşıma çıxan ağzı əmzikli sinə vurdurulan körpələr, başı yardırılan, qanı axıdılan çağalar, qapqara çarşaba büründürülüb məscid həyətlərində saatlarla günün altında saxladılan qız uşaqlarının görüntüləri narahat edir. Bəli-bəli, məhz vurdurulan, yardırılan, qanı axıdılan. Kimsə mənə deməsin ki, o yaşda körpələr özü bunu istəyir. Kimsə mənə izah etməyə çalışmasın ki, böyük- böyük alimlərin, tarixçilərin min üç yüz ildir ortaq fikrə gələ bilmədiyi bir mövzuda, əmziyini evdə qoymağa qüdrəti çatmayan körpə özü qərar verərək səf tutub.

İndi durub desəm ki, uşaqlar vəhşiliklərdən, qandan- qadadan uzaq tutulmalıdır, desəm ki, kəndin kənd yerində dədə-babadan uşaqlar görməsin deyə qıraqda-bucaqda kəsilib heyvanlar, desəm ki, normal ölkələrdə heç kəs öz uşağının bu cür görüntüləri televiziyadan izləməyinə belə imkan vermir, onsuz da o adamlara xeyri olmayacaq. Gəlin məsələyə bu biri tərəfdən yanaşaq.



Sinə vurulub, şaxsey- vaxsey deməyi yeniyetmə yaşlarımdan bəri müşahidə edən bir adam kimi, öz təcrübələrimdən çıxış eləyəcəm. O meydanlarda özünə xəta yetirənlərin demək olar ki, hamısı “günah çıxarmağa” gələnlərdir. İnsanlar gəlib özlərini döyməklə iki günahdan arındıqlarını düşünürlər. Birincisi, öz etdikləri günahalarından. İkincisi isə, məlum hadisələrdə haqq bildikləri tərəfin, yəni Hüseynin yanında olub, ona kömək edə bilmədikləri üçün özlərini günahkar sayırlar və o günahları baş yarıb, qan tökməklə bir növ kompensasiya edəcəklərini düşünürlər. Bir də bunlardan əlavə öz xüsusi istəyinin, arzusunun yerinə yetməsi üçün sinə vurub, baş yaranlar var. Qan ki çıxdı arzuları çin olacaq deyə düşünürlər. Dedim axı, təcrübəliyəm. Gəlin sizə öz təcrübəmdən danışım.

Tələbəliyimizn ilk illərində, yəni 1994-1995-ci illərdə Naxçıvan şəhərində qonşu ölkədən təşrif buyurmuş qara köynəkli, xətt saqqallı xüsusi insanlardan ibarət dəstənin təşkilatçılığı ilə keçirilirdi bu ayinlər. İlk dəfə onda görmüşdük, məxsusən özünü döymək üçün gətirilmiş zəncirləri. O zaman üçün xeyli kreativ alətlər idi, düzünü deyim, maraqla qarşılanmışdı. Tələbə yoldaşlarımız dəstə-dəstə gedir, zəncirləri götürüb özünü yaxşıca “əzişdirirdi” ki, semestr imtahanlarından kəsirləri olmamasını qaranti etsinlər. Tam bu fikirdə idilər ki, imam yolunda özlərini döyüb, qan çıxarsalar, imam onlara oxumadıqları fənlərdən, kitab üzü açmadıqları mövzulardan imtahanda yaxşı qiymət almağa kömək edəcək. Sonra o uşaqlardan çoxu imtahandan kəsiləndə nə özlərində günah gördülər, nə də müəllimə etiraz etdilər. Fikirləşdilər ki, yəqin zəncir az olub, qanın miqdarı lazım olan həddən aşağı olub.




Yenə də həmin illər idi, mərasimin qızmar vaxtı meydana yüzə yaxın əsgər daxil oldu. Bu saya yetəcək zəncir yox idi deyə, kəmərlərindən istifadə elədilər. İncəvara, bizim ölkədə dinin dövlətdən ayrı olduğunu nəzərə alaraq, kitellərini çıxardılar, dövlət əmlakına zərər vurmadan, şiddətli şəkildə kürəklərini kəmərlə döyəcləməyə başladılar. Meydanı bir şaqqıltı götürdü ki, gəl görəsən. Az sonra məlum oldu ki, bu əsgərlərin hamısı “prikaz gözləyən” əsgərlərdi. Tərxis olunmaqçün sərəncam çıxsın deyə gəlib özlərinə qəsd edirlər. O da yadımdadır, həmin il o əsgərlərin gözlədiyi “prikaz” xeyli yubandı. Və mütləq o əsgərlər düşündülər ki, özlərini yaxşı döymədikləri üçün belə olur...
Sonra o qara köynəkli, xətt saqqallı adamlar gəldikləri ölkənin dini lederlərinin boy-boy şəkillərini gətirdilər meydana. Şəhərin mərkəzindən Şəhidlər Xiyabanına “şaxsey- vaxsey” marafonu düzənləndi. Həmin o xətt saqallı, qara köynəklilərdən bir neçəsini şəhid məzarının üstünə çıxan görəndə, qəti əmin oldum ki, bunlar heç bir şəhidə, imama hörmət qoyacaq adamlar deyil. Bu söhbət başqa söhbətdi.


Qayıdaq məni və yəqin ki, ölkənin yarıdan çoxunu narahat edən mövzuya. Məscid həyətlərində ağzının əmziyinə başının qanı qarışan körpələrə. O körpələr axı bu semestr imtahan verməyəcək ki, özlərini döyməsələr kəsilmək qorxuları olsun. Onlara “prikaz” da lazım deyil, əksəri qızlardan ibarət olan bu məsumların heç bir tərxisə ehtiyacları yoxdur. O körpələrin özlərinin heç bir günahı ola bilməz, mələklər qədər təmizdirlər. O körpələr bu körpə halları ilə 1300 il əvvəl Kərbalada, hadisə baş verən meydanda olsa idilər belə, İmam Hüseynə heç bir kömək edə bilməzdilər. Deməli, imam qarşısında da günahları yoxdur. Anlyırsınız? Deyirəm o körpələr günahsızdırlar. GÜNAHSIZDIRLAR!


Amma onları ora aparanlar günahkardır. Birincisi, əgər İslam dininin qaydaları ilə davranırsınızsa, islamda qız uşağı 9, oğlan uşağı 15 yaşda həddi-buluğa çatmış sayılır. 3-4 yaşlı körpə qızlarınızı niyə qapqara çarşablara bürüyürsünüz? Niyə o məsum körpənin çiyinlərinə qadın yükü qoyursunuz? Namaz qılıb, oruc tutmağı belə 15 yaşına çatmadan etməməli olan oğlan uşaqlarını niyə 3 yaşında, 5 yaşında dini ayinlərə alət edib, başını kəsib, qanını tökürsünüz? Dininizin belə uyğun görmədiyi, hətta icazə vermədiyi əməllərdən niyə çəkinmirsiniz, ey müsəlmanlar?


Olmaya o dünyaya, axirətə, sorğu-suala inanmırsınız? Axı sizdən soruşacaqlar. Məsum, günahsız uşaqlara etdikləriniz üçün, onları anlamadıqları, anlaya bilməyəcəkləri mövzularda vasitəyə çevirdiyiniz üçün, o balalara travma yaşatdığınız üçün nə cavab verəcəksiniz? Günahsız körpələrin haqqına girdiyinizçün cəzalanmaqdan qorxmursunuz? Dinimizin ən böyük günah saydığı iki əməldən birini, məsum körpələrin haqqını yeməyi necə rəva görürsünüz özünüzə? Cəhənnəmdən qorxmursunuz?



Qaldı ki, uşağı aparası nə qədər istəsən yer var. Parka aparın, aquaparka aparın, lap belə zooparka aparın. Dənizə aparın, rayona, təbiət qoynuna aparın. Baxçaya-məktəbə aparın. Hara istəyirsiniz aparın, amma ki, bir şərtlə: Uşaqların əmziyinə qan toxunmasın!

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar