Avropa İttifaqı (Aİ) Ermənistana dəstəyini davam etdirir.
Bakupost.az APA-nın özəl mənbələrdən əldə etdiyi məlumatlara istinadən xəbər verir ki, Aİ yaxın zamanda Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır. Artıq vəsaitin ayrılması ilə bağlı ilkin razılıq var.
"Bu vəsaitin də Ermənistanın silahlanması üçün istifadə olunacağı şübhə doğurmur" mənbə agentliyə deyib.
Xatırlatmaq yerinə düşər ki, Avropa İttifaqı dəfələrlə Azərbaycan və Ermənistanı sülhə çağıran bəyanatlar verib, danışıqlar üçün məkan olub. Bu bəyanatların fonunda Ermənistanı təktərəfli silahlandırması isə anlaşılan deyil və müəyyən suallar doğurur.
Avropa Sülh Fondundan Ermənistana 10 milyon tranş ayrılmışdı
Qeyd edək ki, 2024-cü ildə də Aİ Avropa Sülh Fondundan Ermənistana tranş ayırmışdı. Avropa İttifaqı Şurası tərəfindən iyulun 22-də “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi barədə qərar qəbul edilmişdi.
Azərbaycanın reaksiyası
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə həmin vaxt Avropa İttifaqı Şurasının qərarını "yanlış və təhlükəli, regionda gərginliyin artmasına xidmət edən addım" adlandırmışdı.
"Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür.
Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək", - deyə Ayxan Hacızadə vurğulamışdı.
Azərbaycan həmin vaxt Avropa İttifaqı Şurasının qərarı ilə göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözlədiyini qeyd etmişdi.
Qeyd edək ki, APA Avropa İttifaqının Azərbaycan nümayəndəliyinə və Avropa İttifaqının mərkəzi ofisinə məsələ ilə bağlı sorğu ünvanlayıb.