Ru
16:59 / 27 Dekabr 2024

Aktau qəzası: Rusiyanın atmalı olduğu iki addım

Aktau qəzası: Rusiyanın atmalı olduğu iki addım
1168

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni detallar məlum olub. Sərnişin təyyarəsinin Rusiya ərazisinə daxil olarkən, qəzadan əvvəl hava hücumundan müdafiə sistemləri ilə vurulduğu bildirilir. Faciəvi təyyarə qəzası və bu qəza ilə bağlı səslənən versiyalar, ortaya atılan iddialar həddən artıqdır. Ekspertlər isə bildirirlər ki, bütün suallara istintaqın gəldiyi yekun nəticə cavab verəcək.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Bakupost.az-a bildirib ki, təyyarənin Rusiya tərəfindən vurulması ehtimalı kifayət qədər yüksəkdir:


“Güman ki, təyyarə səhvən vurulub. İndiki halda Rusiyadan əsas gözləntimiz dövlət səviyyəsində üzr istənməsi və faciə qurbanlarına, onların ailələrinə kompensasiya verilməsidir. İlk növbədə özünə hörmət edən dövlət bunları etməlidir. Necə ki, vaxtilə Azərbaycan bunu edib. Moskva, bütün bunlarla bərabər, vurulan təyyarəmizə ərazisində niyə eniş imkanı verilməməsinin də izahatını verməlidir. Baş vermiş faciə ilə bağlı suallar isə həqiqətən çoxdur”.

Politoloq Fərhad Məmmədov deyib ki, AZAL-ın mülki təyyarəsi Rusiya hava məkanında Rusiya Hərbi Hava Qüvvələri tərəfindən hücuma məruz qalıb, daha sonra Aktau istiqamətində göndərilib:


"Bakının bu faktı Rusiyanın rəsmi orqanları tərəfindən etiraf edəcəyi və aşağıdakı addımları atacağı gözlənilir: üzr və kompensasiya. Azərbaycan və Rusiya münasibətləri tarixində son bir neçə ildə insidentlər olub, Azərbaycan üzr istəyib. Bunda pis bir şey yoxdur və nəticədə münasibətlər korlanmadı. İndi növbə rusiyadadır. Moskvanın öz fəaliyyətini təxirə salmaması, istintaq komissiyasının fəaliyyətinin rəsmi nəticələri ilə əlaqələndirməməsi məqsədəuyğun olardı. Təyyarə qəzaya uğrayıb, özünüzün və Qazaxıstanın həyatını asanlaşdırın. Moskvada müqavimət göstərəcəklərsə, bu, şübhəsiz ki, münasibətlərin keyfiyyətinə təsir edəcək”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, AZAL-ın pilotları kifayət qədər təmkinli davranaraq hava gəmisini düzünə endirməyə çalışıblar:


"Çox ağır hadisədir. Dünyada hər il baş verən təyyarə qəzalarının sırasına daha bir əlavə olundu. İtki çoxdur, hər birinə Allahdan rəhmət diləyirəm. Hadisənin bütün detalları təyyarədəki "qara qutu" açılandan və analız aparılandan sonra məlum olacaq. Tələm-tələsik rəy verib təhlil aparmaq çətindir. Ancaq qəza anına baxanda görünür ki, AZAL-ın pilotları kifayət qədər təmkinli davranaraq hava gəmisini düzünə endirməyə çalışırlar. Bu o deməkdir ki, düzünə eniş alınsaydı, itki çox olmazdı. Çünki təyyarə qəzadan öncə kifayət qədər rahat formada eniş zamanı əldə etmişdi. Belə olan halda yerə toxunuşun şiddəti az ola bilərdi. Sadəcə qismət belə gətirir ki, təyyarə yanı üstə yerı çırpılır və qanadı qopur, ardınca burun hissəsi yerə toxunaraq alışır. Daha dəqiq rəy bildirmək çox çətindir. "Qara qutu"nun açılmasını gözləmək lazımdır".

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar