Aktyor Azər Baxşəliyevin vəfat etdiyi barədə xəbərlər yayılıb .
Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə uzun müddətdir, böyrək çatışmazlığından əziyyət çəkən aktyorun bu gün xəstəxanada vəfat etdiyi bildirilib.
A.Baxşəliyevə böyrəkköçürmə əməliyyatı üçün xeyli vaxt idi ki, donor axtarılırdı.
Qeyd edək ki, Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə məşhurlaşıb.
***
Aktyor İlkin Həsəni Oxu.Aza-a açıqlamasında bildirib ki, ölüm xəbəri yayılan həmkarı Azər Baxşəliyev hazırda komadadır.
Onun sözlərinə görə, A.Baxşəliyev dövlət xəstəxanalarından birindədir.
***
Koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən tanınmış aktyor Azər Baxşəliyev vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a ATU-dan məlumat verilib.
Qeyd edək ki, sənətçi həm də uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. O, ikinci dəfə əməliyyat olunacağını və yenidən böyrək köçürüləcəyini açıqlamışdı.
Xatırladaq ki, Azər Baxşəliyev 3 iyul, 1985-ci ildə anadan olub. Aktyor, “ Bozbash Pictures”in Ağsaqqal və Əzəmət obrazı ilə tanınmağa başlamışdır. ATV telekanalında çalışıb. Beynəlxalq Universitetin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib.
O, rəssam Nigar Baxşəliyeva ilə evli idi. Azərin bir qız övladı var.
***
Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova APA-nın sorğusuna cavab olaraq bildirib ki, həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
O qeyd edib ki, hazırda aktyorun vəziyyəti kritik ağır olaraq qalmaqdadır: “Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb.