İlham Əziz
Ölkəni bir-birinə vuran son “uçurma” hadisəsi, hamı kimi məni də düşündürdü. Proses belə baş verdi. Vətəndaş evinin uçurlumasını çəkib paylaşdı, virtual aləmdə yayıldı, mediya işıq saldı, hüquq-mühafizə orqanları hərəkətə keçdi, iş icraçıları və böyük bir iş adamı həbs olundu, məlum oldu ki, tikintini qanunsuz aparırmış. Bura qədəri, xub, əla, gözəl.
Qədirbilən xalqımız da əzilənin yanında oldu, iş adamını lənətlədi və qələbə çaldı.
İndi gəlin soyuq başla düşünək.
Əvvəla, evi sökülən də, iş adamı da özümüzündü, bu ölkənin vətəndaşıdı, heç biri düşmən deyil. Kapitalist ictimai quruluşunun bir nömrəli elementi “iş adamları”dır. Olmazlarsa, olmaz. Hələ bizim kimi keçid dövrü yaşayan ölkələr üçün iş adamı qızıldan qiymətlidir. Sözümün canı var, əsəbləşməyin, oxuyun.
Problemin dərin qatları hardadı?!
Müxtəlif suallar meydana çıxır:
1.Sökülən evi kim qiymətləndirməlidir?
2.İş adamı necə olub ki, o boyda ərazini qazıb, onlarla evi köçürüb, özü də qanunsuz…
3.Proses necə tənzimlənməlidir ki, ölkə belə şeylərə görə dəng olmasın.
Məncə, şəhərin hər bir ərazisi üzrə sökülən əmlakın qiyməti qanun və ya qərarla müəyyənləşməli, qalan məsələlər müstəqil ekspertlər vasitəsilə həll edilməlidir. Problem yarananda da məhkəmə çəkişməsi olmalı, o vaxta qədər də əmlaka toxunmaq qadağan edilməlidir.
İkinci məsələ, bu şəhərdə kim bir dənə daşı daş üstünə özbaşına qoya bilər?
Bəs necə olur ki, bu işə görə ancaq iş adamı məsuliyyət daşıyır?
Onlarla təşkilat bu məsələlərə cavabdehlik daşıyır axı. Bəs onlar harda yatmışdılar?
İndi gəlin başqa mövzuya toxunaq.
Siz heç bilirsiz böyük bir firmanın iflas olması, batması nə deməkdir?
Orda çalışan yüzlərlə işçinin işsiz, ac qalması deməkdir, büdcəyə ödəmənin azalması deməkdir, xeyriyyəçiliyin yox olması deməkdir. Ən əsası iş adamlarının etibarının sarsılması, investisiya etməyə qorxması, sonunda da qazandığı pulları ölkədən qaçırmağa çalışması deməkdir.
Düzdü, biz bir ailənin faciəsinə reaksiya veririk, amma yerdə qalan, orda çalışıb, balasına çörək aparan yüzlərlə işçinin taleyinə biganəyik. Niyə? Çünki onlar video çəkmir, paylaşmır, çörək pulu dərdindədirlər.
Məni narahat edən, iş adamlarına qarşı bolşevik, barışmaz münasibətdir.
İş adamı düşmən deyil, vallah!
Əlbəttə, mülk, mülkiyyət toxunulmazdır. Heç kim ona toxunmamalıdır. Bu əslində dövlətin namusudur.
Bu məsələdə vətəndaş haqlıdır, milyon faiz!
Amma prosesi kimsə “yaxşı adamdı” ümidinə buraxmaq olmaz.
Deyək ki, iş adamı yüz dəfə düz edib, adamları sevindirib. O da insandı, onun öhdəsinə buraxsan, bir dəfə də səhv edəcək, həbs olunacaq, qazdığı çaladan da böyük problemlər yaranacaq. İndi həmin təşkilata mal verən, xidmət göstərən firmalar da batacaq.
Ona görə, əziz millətim, belə şeylər qanunla, qaydayla tənzimlənməli, heç kim “yaxşı”, “ pis” oğlan olması ümidinə buraxılmamalıdır!
Hamınıza xeyirli sabahlar!