Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:02 / 22 Oktyabr 2024

Apardı sellər Bakını: fəlakətdən necə xilas olmalı? - Dünya təcrübəsi

708

Bu gün səhər saatlarında Bakıda yağan güclü yağış paytaxtın bir çox ərazilərində ciddi fəsadlara səbəb oldu. Yağışın intensivliyi nəticəsində xüsusən, şəhərdəki tunel və əsas yollar su ilə doldu, nəqliyyat hərəkəti iflic vəziyyətinə düşdü. Nəticədə həm sürücülər, həm də şəhər sakinləri çətin anlar yaşadılar.



Tunellər su ilə dolub

Bakının əsas nəqliyyat arteriyalarından bir neçəsində - Heydər Əliyev prospektindəki "Bağırov körpüsü", Sabunçu rayonunda 4 il əvvəl inşa edilən körpünün tunelləri tamamilə su altında qaldı. Burada çoxlu su yığılması, eləcə də bəzi avtomobillərin texniki nasazlığı səbəbindən hərəkət dayanıb. Tunellərin su ilə dolması əlaqədar xilasetmə işlərinə başlansa da, suyun həcminin çox olması vəziyyəti çətinləşdirib. Bəzi ərazilərdə yağış sularını gün ərzində tam yığışdırmaq mümkün olmayıb. Nəticədə şəhərin müxtəlif ərazilərində ictimai nəqliyyatın hərəkətində ciddi yubanmalar qeydə alınıb.

Ən çox təəssüf doğuran isəSabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin boğulmasıdır. Onlardan birinin cəsədi tapılsa da, digərinin axtarışları hələ də davam edir.



Ev sahiblərinə böyük ziyan dəyib


Güclü yağışın yaratdığı fəsadlar yalnız nəqliyyat sahəsində deyil, bəzi yaşayış məntəqələrində sakinlərə də ciddi problem yaradıb. Kanalizasiya sisteminin yetərsiz olduğu ərazilərdə yağış suları evlərə dolub. Bəzi ev sahibləri məişət əşyalarını xilas etmək üçün suyu boşaltmağa çalışsalar da, suyun miqdarı buna imkan verməyib. Nəticədə onların evləri və əmlakına ciddi ziyan dəyib. Sakinlər şəhər idarəetmə orqanları və fövqəladə hallar xidmətlərinin vəziyyətə vaxtında müdaxilə etmədiyini bildirirlər.


Dünya təcrübəsi: digər ölkələr bu problemi necə həll edir?

Güclü yağış, daşqın və subasmalar dünyanın bir çox böyük şəhərlərində qarşılaşılan ümumi problemlərdir. Ancaq bir çox ölkələrdə güclü yağışlar zamanı heç də bu gün Azərbacyan paytaxtında rast gəldiyimiz problemlər yaşanmır. Çünki həmin ölkələrdə müasir şəhərsalma təcrübəsində yağış sularının idarə olunması üçün müxtəlif qabaqcıl həll yolları tətbiq edilir. Bəzi ölkələrdə bu problemin necə həll olunduğuna diqqət yetirək.

Niderland: Su idarəetmə sistemləri

Niderland su basqınları ilə mübarizədə dünya liderlərindən biri hesab olunur. Bu ölkənin böyük bir hissəsi dəniz səviyyəsindən aşağıda yerləşdiyinə görə, orada suyun idarə edilməsi üçün xüsusi texnologiyalar inkişaf etdirilib. Niderland şəhərlərində yağış sularının saxlanması və yönləndirilməsi üçün geniş su hövzələri, süni göllər və yaşıl damlar qurulub. Bu infrastruktur yağış sularını torpağa tədricən yönləndirərək daşqınların qarşısını alır.

Sinqapur: Ağıllı drenaj texnologiyaları

Sinqapur da tropik iqlim şəraitinə baxmayaraq, su basqınları ilə uğurla mübarizə aparan şəhərlərdən biridir. Şəhər ağıllı drenaj sistemləri və böyük su axıtma kanalları vasitəsilə yağış sularını tez bir zamanda şəhərdən uzaqlaşdırır. Bununla yanaşı, yeni inkişaf etdirilən layihələrdə süzülə bilən səthlər kimi texnologiyalar tətbiq olunur ki, bu da suların asanlıqla torpağa hopmasını təmin edir.

Yaponiya: Yeraltı su sığınacaqları

Yaponiyada, xüsusən paytaxt Tokio kimi meqapolislərdə güclü yağışlar zamanı su basqınlarının qarşısını almaq üçün geniş yeraltı tunellər və sığınacaqlar inşa edib. Kandagawa Yeraltı Su Anbarı kimi layihələr vasitəsilə yağış suları yeraltı sığınacaqlara yönləndirilir və burada saxlanılaraq tədricən təmizlənir. Bu sistem şəhərin üzərindəki su yükünü azaltmağa kömək edir.

Kopenhagen: Yaşıl sahələr və parklar

Danimarkanın paytaxtı Kopenhagendə yağış sularının idarə olunması üçün “Yaşıl şəhər” modeli tətbiq edilir. Şəhərdə yaşıl damlar, geniş parklar və suyun saxlanması üçün xüsusi hovuzlar qurulub. Bu sistemlər sayəsində yağış suları təbii yollarla yığılaraq tədricən torpağa sorulur və şəhər infrastrukturu qorunur.




Bakı üçün hansı tədbirlər görülməlidir?

Bakıda yağışın törtədiyi fəsadların qarşısını almaq, belə hadisələr zamanı insan itkisinə yol verməmək, eyni zamanda nəqliyyatın hərəkətinin iflic olmaması üçün təcili tədbirlər görülməlidir. Şəhərdə yağış sularının effektiv idarə olunması məqsədilə təkmilləşdirilmiş kanalizasiya sistemləri və yeni texnologiyalar tətbiq olunmalı, yağış sularının saxlanması və yönləndirilməsi üçün geniş su hövzələri və drenaj kanalları inşa edilməlidir.

Hollandiya və Yaponiya kimi ölkələrin təcrübəsi göstərir ki, bu kimi problemlərlə mübarizə aparmaq üçün dövlət və yerli idarəetmə orqanlarının uzunmüddətli planları olmalıdır. Yaşıl damlar və süzücü səthlər kimi ekoloji texnologiyalar şəhərin su idarəetmə sisteminə böyük töhfə verə bilər.

Bununla yanaşı, şəhərsalma planları yenidən nəzərdən keçirilməli və müasir yanaşmalar tətbiq edilməlidir. Şəhərin gələcək inkişafında belə problemlərin qarşısını almaq üçün mövcud infrastrukturu modernləşdirmək zəruridir.









Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar