Ru
16:50 / 04 Aprel 2025

Aprel döyüşləri: Böyük Zəfərin baş məşqi

Aprel döyüşləri: Böyük Zəfərin baş məşqi
Eye

Rəşadətli Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan 2016-cı ilin Aprel döyüşlərindən doqquz il keçir. Xalqımızın yenilməzliyinin, məğrurluğunun növbəti nümayişi olan bu döyüşlər Silahlı Qüvvələrimizin hansı imkanlara, gücə, qüdrətə malik olduğunu təsdiqlədi.

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Nəticədə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bir sıra mühüm və strateji əhəmiyyətli mövqelər işğaldan azad olundu.

Aprelin 4-də Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, o zaman mövcud olan təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma hərbçilərimiz bu hücumun qarşısını şücaətlə alaraq, Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı və qarşı tərəf öz məqsədinə nail ola bilmədi.

Dörd gün davam edən bu döyüşlər çoxəsrlik tariximizə şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərindən sonra xalqımızın bu gün artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına, torpaqlarımızın işğaldan azad edilərək əzəli və əbədi sahibinə qovuşacağına, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarına inamı daha da artırdı. Aprel döyüşləri işğalçı dövlətin və ona havadarlıq edənlərin keçmiş Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Azərbaycanın məğlubiyyətə uğrayacağı ilə bağlı səsləndirdikləri sərsəm fikirlərin nə qədər əsassız olduğunu bütün dünyaya göstərdi. Bu döyüşlər ermənilərin, erməni lobbisinin və diasporunun illərdir yaratdıqları “məğlubedilməz Ermənistan ordusu” mifini dağıtdı. Dünya Azərbaycan Ordusunun böyük imkanlara malik olduğunun şahidinə çevrildi.

Prezident İlham Əliyev bildirib ki, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir: “Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu".

Millət vəkili Cavanşir Feyziyevin sözlərinə görə, 2016-cı ilin Aprel döyüşləri erməni işğalçılarının atəkəsi pozması və təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutması ilə başlamışdı. Düşmənin hücumuna qətiyyətlə cavab verən ordumuz erməni hərbi birləşmələrinə və onların ərazidə yerləşən qərargahlarına cavab atəşi endirməklə əks-hücuma keçdi və 4 günlük intensiv döyüşlər Tərtər, Cəbrayıl və Goranboy rayonlarının işğal altında olan kəndlərinə gedən yolların təmizlənməsi ilə nəticələndi. Döyüşlər zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi yaxınlığındakı Lələtəpə yüksəkliyinin ələ keçirilməsi xüsusi strateji əhəmiyyətə malik idi:


“Lələtəpə yüksəkliyinin alınması ilə ordumuzun daha geniş əraziləri nəzarət altına almaq imkanı yarandı. Azad edilmiş ərazilərdə ordumuz öz mövqelərini möhkəmləndirdi və gələcək uğurlu əməliyyatlar üçün etibarlı plasdarm yaratdı. Aprel döyüşləri və əldə olunmuş nəticə gələcək böyük Zəfərimizin ilk müjdəsi idi. Bu döyüşlər həm də taktiki-kəşfiyyat xarakterli əməliyyat idi. Ermənilərin namərd hücumu uzun illər ərzində torpaqlarımızı işğaldan azad etməyə hazırlaşan ordumuza ağır təlimlər zamanı yiyələndiyi bilik və bacarıqları ilk dəfə olaraq real döyüş şəraitində sınaqdan çıxarmaq fürsəti vermişdi. Bu, çox uğurlu bir sınaq oldu. Aprel döyüşlərində qazanılmış qələbə həm Ordumuzun, həm də xalqımızın döyüş ruhunu və qələbə əzmini daha da yüksəltdi. Lələtəpə yüksəkliyinin azad olunması ilə Cocuq Mərcanlının bərpası və məcburi köçkünlərin öz evlərinə qayıdışı başlandı. Bu proses bu gün həyata keçirilən Böyük Qayıdışın ilk addımı kimi qürurverici və fərəhli bir hadisə idi”.

Millət vəkili Fatma Yıldırım deyib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun inamlı qələbəsi ilə başa çatdı. Qazanılmış qələbə həmçinin Ordumuzun gücünü və yüksək döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi. Bu qələbə Azərbaycan Ordusunun daha böyük uğurlar qazanmasına zəmin yaratdı və 2020-ci ildə baş vermiş Vətən müharibəsində əldə olunan tarixi qələbənin mühüm başlanğıcı oldu. Aprel döyüşlərinin nəticəsində Azərbaycan dünyaya əbədi və əzəli torpaqlarını hərb yolu ilə işğaldan azad edə biləcəyini göstərdi:


“Ermənistanın işğal altındakı ərazilərdə qurduğu “keçilməz sədd” kimi təqdim edilən müdafiə xəttinin yarılması ilə nəticələn strateji əhəmiyyətli qələbə qazanılıb. Şanlı Aprel qələbəsi Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı “məğlubedilməz erməni ordusu” mifini darmadağın etmiş oldu. Bu 44 günlük Vətən Müharibəsində tarixi zəfərin başlanğıcı idi. 2020-ci ilin sentyabrın 27-də və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalda saxlanılan torpaqları uğrunda döyüşlərdən Zəfərlə çıxdı. Şanlı Ordumuz işğalçı Ermənistan üzərindən tarixi qələbə qazandı. Torpaqlarımız azad edildi. Tarixi ədalət bərpa olundu. 44 gün davam edən Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə daxil oldu. Azərbaycan ona məxsus olan ərazilərin əsl sahibi olduğunu dünyaya bəyan etdi. Bu gün Şuşada, Xankəndidə, Xocalıda, Kəlbəcərdə və digər ərazilərimizdə dalğalanan şanlı üçrəngli bayrağımız qürur mənbəyimizdir. Artıq azad edilmiş ərazilərdə aparılan quruculuq-bərpa işləri ölkəmizin sahibi olduğu əraziləri necə bir cənnətməkana çevirdiyinin əyani təzahürüdür”.

"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənlinin sözlərinə görə, Aprel döyüşlərinin hərb tariximizdə özünəməxsus yeri var:


"Bu döyüşlər bölgədəki vəziyyəti dəyişdi. Ermənistan və bütün dünya bildi ki, Azərbaycanın güclü ordusu var. Bildilər ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edəcək, bu vəziyyətlə barışmayacaq. İkincisi, Azərbaycan xalqının özgüvənini daha da artırdı. Azərbaycan ordusuna inam daha da artdı. Atəşkəsdən sonra ordumuzda aparılan işlərin nəticəsini praktik olaraq xalqımız gördü. Təlimlər vasitəsilə görürdü, hərbi paradda görürdü, ancaq real döyüşlərdə görmək tam başqa idi. Bizim xüsusi təyinatlıların şücaətini gördülər. Onlar canları, qanları bahasına torpaqlarımızın azad edilməsi üçün savaşa atıldılar. 1994-cü ilin may ayında atəşkəsdən sonra ən böyük şəhid verdiyimiz döyüş idi. Ona qədər müəyyən toqquşmalar olmuşdu. Ancaq biz bir döyüşdə o qədər şəhid verməmişdik. Aprel döyüşləri Birinci Qarabağ müharibəsindən sonra bölgədə ən böyük toqquşma idi. Ermənistana çox böyük zərbə vurdu. Onun nəticəsində əli azərbaycanlıların qanına batmış Sərkisyanlardanbiri prezidentlikdən, biri də Müdafiə Nazirliyindən getdi. Xalq onları devirdi. Keçilməz Ohanyan xətti, "məğlubedilməz" Ermənistan ordusu mifi alt-üst edildi. Həm Ermənistan cəmiyyətində, həm də dünyada alt-üst edildi".

Sevinc,
BakuPost

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar