Ru
12:14 / 04 Aprel 2024

Aslan İsmayılov tanınmış jurnalisti həbs etdirmək istəyir - Cinayət işi açıldı

Aslan İsmayılov tanınmış jurnalisti həbs etdirmək istəyir - Cinayət işi açıldı
7535

Səbail Rayon Məhkəməsi vəkil Aslan İsmayılovun iddiası üzrə jurnalist Aygün Muradxanlıya cinayət işi açıb.


Bu haqda Bakupost.az -a açıqlama verən jurnalist bildirib ki, səbəb Aslan İsmayılovun Milli Şuranın mitinqindəki çıxışının rəhbəri olduğu Prime TV internet televiziyasında efirə verilməsidir:


"Artıq ikinci dəfədir Aslan İsmayılov mənə cinayət işi açdırır. Bu video da bizim ilk məhkəmə çəkişməmiz dönəmində - 7 ay qabaq baş verib. O zaman o, məni Sumqayıt hadisələrilə bağlı çəkdiyim filmə görə məhkəməyə vermişdi. Guya, biz filmdə ona böhtan atmışıq. Hansı böhtandan söhbət gedir ki, film bütünlüklə Sumqayıt hadisələri üzrə məhkəmə prosesinin hakimi Mansur İbayevin məqaləsi, vəkil Elçin Qənbərovun bu haqda yazdığı kitab, Aslan İsmayılovun Ramiz Mehdiyevə məktubu və ictimaiyyətə açıq, mediada dəfələrlə tirajlanan informasiyalar əsasında çəkilib? Amma məhkəmə obyektiv aparılmadı və sadaladığımız faktlarla bağlı Aslan İsmayılov heç bir əks arqument səsləndirə bilmədi. 1 dəfə belə məhkəmə prosesinə gəlmədi. Əsas da Sumqayıt hadisələrində 4 azərbaycanlıya ölüm hökmü istəməsilə bağlı ortaya heç bir təksib qoya bilmədi. Halbuki bütün film bu haqdadır. Aslan İsmayılov Kreml planını, o planda aldığı prokuror rolunu bir kənara qoyub bizim haqqında ümumi fonda işlətdiyimiz “dələduz” kəlməsindən yapışdı. Tamamilə qərəzli şəkildə aparılan məhkəmədə hakim Nigar İmanova məni 3 maddənin 3-ü ilə də suçlu bilərək cərimələdi. Şərəf, ləyaqət və işgüzar nüfuza ziyan vurduğum üçün hər biri üzrə 400 manat ödəmək məsuliyyətini üzərimə qoydu. Bakı Apelyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı da qərarı qüvvədə saxladı. Üstündən bir neçə ay keçəndən sonra yenə məni məhkəməyə verib. Məqsədi həbsimə nail olmaqdır. Biz videonu montaj etməmişik, yalan bilgi yaymamışıq. Videoda o, Milli Şuranın sədri Cəmil Həsənliyə “mənim liderim” deyir, hakimiyyəti Afrika adamyeyən qəbiləsilə müqayisə edir. Görünür, bu video onun hakimiyyətlə qurmaq istədiyi bağların qarşısında maneəyə çevrilib. İzləri sildirmək istəyir. Amma bu videonu ilk biz yaymamışıq ki… Azərbaycan müxalifətinə aid bütün sosial şəbəkə səhifələrində 100 minlərlə dəfə tirajlanıb".

Jurnalist iddia edib ki, hakimlər Aslan İsmayılovu açıq müdafiə edirlər:


"Heyrət doğuran Azərbaycan məhkəmələrinin Aslan İsmayılova özəl münasibətidir. O məni LAF TV-nin efirində Sevinc Osmanqızı ilə bir sıraya qoyub, FB səhifəsində olmazın böhtanlar atıb - guya mən Azərbaycanda qarışıqlıq salan, insanları iğtişaşa dəvət edən şəxslərdənəm, statuslarının şərh hissəsində məni, nəslimi, övladlarımı dəfələrlə təhqir etdirib, amma biz bütün bu faktları toplayaraq məhkəməyə müraciət edəndə iş heç icraata alınmayıb. Amma mən FB səhifəmdə onun haqqında bir status yazan kimi haqqımda dərhal məhkəmə təyin edilir. Özü də mülki yox, xüsusi ittiham qaydasından cinayət işi. Bu açıq şəkildə sifarişdir. Məhkəmələr başdan ayağa prosedur pozğunluqları ilə davam edir və bizim heç bir vəsatətimiz nəzərə alınmır".


Aygün Muradxanlı hesab edir ki, ona qarşı bu təzyiqlər sırf jurnalist fıəaliyyətilə bağlıdır:


"Baş verənlər konkret olaraq jurnalist fəaliyyətimdən narahat olan Kreml-Tehran çetesinin əməlləridir. Prime TV yarandığı gündən Azərbaycanın Türk Dövlətlər Birliyinin əsas dayaqlarından biri kimi möhkəmlənməsinə informasiya dəstəyi verməkdədir. Prezident İlham Əliyevin geopolitik məkanda apardığı Azərbaycan mübarizəsinin təbliği bizim üçün prioritetdir. Proqramlarımız dövlətin ideoloji əsaslarının möhkəmlənməsi, dövlət və millət inşasının yeni mərhələsilə bağlı dərin müzakirə meydanıdır. Güney Azərbaycan məsələsi, Azərbaycanın təsir coğrafiyasının genişlənməsi ilə yanaşı iç məsələlərdə buna mane olan proseslər haqqında gündəlik 4-5 canlı yayımla efirdəyik. Bizə qarşı olanlar açıq-aydın bu xəttə qarşı mübarizə aparanlardır. Məqsəd bizim zamanımızı almaqdır. Arzuları enerjimizi iç üzü Azərbaycana bəlli şəxslərlə xərcləməyimizdir. Məni ən çox təəssüfləndirən məhkəmə hakimiyyətinin bu məsələdə Azərbaycana qarşı qüvvələrin yanında durmasıdır. Aslan İsmayılovun Sumqayıtda erməni fitnəsinə görə 4 azərbaycanlıya ölüm hökmü istəməsini məgər mən üzə çıxarmışam ki, məhkəmə məni cəzalandırır? Bir daha bildirirəm, bunu işi aparan hakim Mansur İbayev yazıb, Azərbaycanın onlarla media orqanı onu dərc edib. Azərbaycan yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə belə sifarişli, ədalətsiz məhkəmələr ölkə üçün son dərəcə arzuolunmaz tendensiyalar yaradır. Buna son qoyulmalıdır".

Azər
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar