Ru
16:38 / 06 Mart 2025

Ata üzə çıxmır, işgəncəni təkcə ana verməyib - Döyülən uşağın məsələsi böyüyür

Ata üzə çıxmır, işgəncəni təkcə ana verməyib - Döyülən uşağın məsələsi böyüyür
Eye

Anası tərəfindən ağır fiziki zorakılığa məruz qalmış azyaşlı Mələk valideynindən alınaraq "Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdindəki Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

Sosial şəbəkələrdə yayılan görüntünü 2002-ci il təvəllüdlü ana Fatimə Ramazanova özü çəkib. Görüntüdə Mələk bir ayağı üstə küncə qoyulmuş vəziyyətdədir, döyülmüş azyaşlının bədənində salamat yer qalmadığını ana özü də etiraf edir.

Suraxanı rayonunda övladına amansız işgəncə verən Fatimə Ramazanova ötən gün həbs olunub. Faktla bağlı cinayət işi başlanıb.

Daha sonra azyaşlıya körpəlikdən qəyyumluq edən ailənin də olduğu aşkarlanıb. Cəmilə Nəsirova adlı bir xanım 2021-ci il təvəllüdlü Mələyin 1 yaş 4 aylığından 2024-cü ilin dekabrına qədər ona qəyyumluq edib. Dediyinə görə, gözəllik salonlarından birində çalışan ustadan eşidib ki, Fatimə övladına baxmaq üçün ailə axtarır, o da anaya müraciət edərək uşağı qəyyumluğa götürüb. Amma qəyyumluq rəsmən sənədləşməyib. Fatimə Ramazanova ötən ilin dekabrında uşağı Nəsirovlar ailəsindən geri alıb.

Azyaşlının ancaq bir valideyni - anası haqqında məlumat var, atası ilə bağlı hansısa informasiya yoxdur.

Məsələ ilə bağlı qaranlıq qalan çox məqamlar var. Hazırda Mələyin durumu necədi? O həkim müayinəsindən keçibmi? Müalicə alacaqmı? Bundan sonrakı mərhələdə Mələyin taleyi necə olacaq? Uşağını bu cür şiddətə məruz qoyan ananı hansı cəza gözləyir?

Bakupost.az xəbər verir ki, Teleqraf-ın suallarına cavab verən "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, azyaşlının aldığı zərbələr onda psixoloji gərginlik yaradıb, ümumilikdə Mələyin vəziyyəti kafi qiymətləndirilir: “Mələk üç yaş altı aylıqdır. Dünən gün ərzində TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə bütün tibbi müayinələrdən keçdi. Bizi ən çox narahat edən iç orqanlarında hər hansı qanaxmanın, sınıq və ya çatın olma ehtimalı ilə bağlı idi. Çox şükür, nəticələr qənaətbəxşdir.

Ümumilikdə çox ciddi hematomalar, travmalar, baş ağrıları var. Ona görə də Mələyi MRT müayinəsindən də keçirdik. Baş ağrılar aldığı zərbələrdəndir. Artıq bu gün Mələyi psixoloqla görüşdürəcəyik. Çox aktiv, pozitiv, fikrini söyləyə bilən, məntiqi durumu yerində olan, öz yaşından da inkişaf etmiş uşaqdır".


Kəmalə Ağazadənin sözlərinə görə, Mələk mərkəzə Sosial Xidmətlər Agentliyi və Suraxanı Rayon İcra Hakimiyyətinin akt və qərarı əsasında yerləşdirilib: "Mərkəzimizdə tətbiq olunan zəruri xidmət paketi ona da şamil olunacaq. Bu xidmət paketinə həm tibbi, hüquqi, psixoloji, sosial xidmətlər, həm də asudə vaxtının təşkili, diqqət və qayğı ilə yanaşılması daxildir”.

İstintaq sirri olduğuna görə ...

Kəmalə Ağazadə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək, Mələyin qəyyumluğunu rəsmi qaydada öz üzərinə götürəcəyini də deyib:

“Bundan sonrakı mərhələdə - məhkəmə proseslərində Mələyin qəyyumu olaraq iştirak etməyi özümə borc bilirəm. Düşünürəm ki, bununla bağlı cəmiyyət də məni dəstəkləyəcək. Qəyyum olaraq müəyyən iddialar qaldıracam.

Mələyə işgəncə verdiyinə görə anası saxlanılıb, cinayət işi açılıb. Anası ilə bağlı müəyyən məqamlar var ki, istintaq sirri olduğuna görə bu barədə əlavə məlumat verə bilməcəyəm. Amma düşünürəm ki, balaca Mələyin aldığı zərbələr tək ana tərəfindən olmayıb. Bunu hüquq-mühafizə orqanları araşdırsın. İstər psixoloji, istərsə də psixi durumunun necə olub-olmamasından asılı olmayaq uşağa qarşı şiddət cəzası var. Bu, uşaqlarına şiddət göstərən digər valideynlərə, yaxud qeyri-rəsmi qəyyumlara, himayədarlara da aiddir”.

Kəmalə Ağazadənin sözlərinə görə, uşağın atası haqda məlumat yoxdur. "Mələyin sənədində formal olaraq bir ad qeyd olunub. Amma rəsmi atalıq verilməyib".

O bildirib ki, ana Fatimə Ramazanova sosial şəbəkələrdə aktiv tik-tokerdir: “Bunu araşdırmaq mənə düşməz. Davranışları yerində olmayan bir insanın uşağına qarşı belə şiddət göstərməsi ona haqq qazandırmır. Biz iki gündür "Mələk üçün susma" həştəqi ilə kampaniyaya başlamışıq. Kampaniyanın məqsədi təkcə Mələyin müdafiəsi ilə bağlı deyil, ümumiyyətlə, müdafiəsiz qalan uşaqlara diqqətin, qayğının artırılması, ictimai fəallığı, qınağı təşviq etməkdir.

İki gün ərzində bizə yetərincə müraciətlər daxil olub. Bu müraciətləri hüquq-mühafizə orqanlarına, Sosial Xidmətlər Agentliyinə, rayon icra hakimiyyətlərinə yönləndiririk. Uşaqların müdafiəsini gücləndirmək üçün bu kampaniyalara ehtiyacımız var. Ümumiyyətlə, uşaq müdafiəsinin koordinasiya olunmasında böyük bir boşluq hiss olunur. Yəni bir çox dövlət qurumlarının uşaq müdafiəsi ilə bağlı rolları, xidmətləri var, amma bunları bir araya gətirmək üçün koordinasiyaya ehtiyac duyulur. Düşünürəm ki, bu koordinasiya Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi tərəfindən həyata keçirilsə, daha effektiv nəticələr əldə etmiş olarıq.

Cəmiyyətimizə, dövlət qurumlarına müraciət edirəm ki, "Mələk üçün susma" kampaniyasına dəstək olsunlar. Qoy bundan sonra bir uşaq da kənarda qalmasın, həssas ailələrin qeydiyyatı aparılsın, ərazilər üzrə bələdiyyələr bu işdə aktivlik nümayiş etdirsinlər. Çünki bu gün sahə müvəkkilləri, sahə həkimləri, bələdiyyə, mənzil istismar idarələrinin əməkdaşları qədər ərazilərində olan ailələri kimsə tanımır. Həmin ailələrin qeydiyyatı, monitorinqinin aparılması çox vacibdir”.


"Ana faktiki olaraq uşağı satıb"

Vəkil Mehman Muradlı Teleqraf-a açıqlamasında bildirib ki, ana valideynlik hüququndan məhrum ediləcək:

“Bu, bir qədər qarışıq məsələdir. Ana faktiki olaraq uşağı satıb. Burada dələduzluq əməli də var. Ana vəd verib ki, qəyyumluq sənədləşdiriləcək, ancaq bunu etməyib. Başa düşdüyüm qədər Mələyi qəyyumluğa götürən qadın ananın qıza belə işgəncələr verdiyini bilirmiş. O, məlumatı vaxtında açıqlasaydı, həmin ailəni hansısa məsuliyyət gözləmirdi. Bununla belə, sənədləşmə gerçəkləşmədiyinə görə qəyyum ailənin cəzası yüngül ola bilər. Anayla bağlı bir neçə maddə üzrə cinayət işi başlana, cəzası da ağır ola bilər. Onun əməli faktiki olaraq insan alveri sayılır”.

Mehman Muradlı qeyd edib ki, Fatimə Ramazanova ilə əlaqədar Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə yanaşı, insan alveri və dələduzluqla bağlı da cinayət işi başlanmalıdır: "Bu şəxsə ən azı üç maddə ilə cinayət işi açılmalıdır. Əzab vermə maddəsi ilə cinayət işi başlanılıb. Həmçinin ana valideynlik hüququndan da məhrum ediləcək".



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar