Britaniyalı İkinci Dünya Müharibəsi dövrünün bombasını pivə üçün soyuducuya çevirib.
Bakupost.az "Metro"ya istinadən xəbər verir ki, Ross Miller bağını biçərkən 1940-cı illərə aid 11 kq ağırlığında bomba aşkar edib. Məlum olub ki, evin əvvəlki sahiblərinin basdırılmış metal əşyadan xəbəri olub, lakin səhvən onun su borusunun bir hissəsi olduğuna inanıblar. Tapıntını diqqətlə araşdırdıqdan sonra Ross onun zərbə kapsulunu və üzərində "1940" yazısını aşkar edib. Bundan sonra o, polisə müraciət edib.
Partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssislər dərhal hadisə yerinə gəliblər. Diqqətli yoxlamadan sonra onun həqiqətən də aviasiya bombası olduğunu, lakin içərisində partlayıcı olmadığını müəyyən ediblər.
İstehkamçılar yoxlamanı başa vuraraq gövdəni sahibinə qaytardıqda hadisənin gözlənilməz dönüşü baş verdi. Planlaşdırılan kabab mərasimi bomba həyəcanı ilə pozulan Rossun ağlına tapıntıdan orijinal istifadə üsulu gəldi.
"Mən onu cilalayacağam və pivə soyuducusu kimi istifadə edəcəyəm - sadəcə içərisinə buz və butulkalar qoyacağam" , - Ross deyib.
Zaur,BakuPost