Avropa İttifaqı azad və müstəqil jurnalistikaya böyük əhəmiyyət verir. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko Ümumdünya Mətbuat Günü münasibətilə keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, bəzən jurnalistlər həqiqəti əks etdirən məlumatı adamlara çatdırarkən öz həyatları üçün risklərlə üzləşirlər, hazırda Rusiyanın təcavüzünə məruz qalan Ukraynada baş verdiyi kimi.
Turan-ın “Avropa İttifaqı Azərbaycanda müstəqil mediaya dəstəyə hansı töhfəni verə bilər” sualına cavabda Mixalko deyib ki, bu məsələ Azərbaycanın rəsmi strukturları ilə dialoqun mövzusudur. Əsasən media haqqında yeni qanun da müzakirə mövzusu olub, yeniliklərin jurnalistlərin fəaliyyətinə mənfi təsir göstərməməsinin vacibliyi qeyd edilib.
Onun sözlərinə görə, Avropa İttifaqı jurnalistlərin, o cümlədən ölkənin regionlarında jurnalistlərin peşəkarlığının artırılması layihələrilə mətbuatı dəstəkləyə bilər. Bundan əlavə, Azərbaycan mediası “Şərq tərəfdaşlığı” çərçivəsində regional layihələrdən yararlana bilər.
Almaniyada readmissiyadan sonra həbs olunanların taleyi məsələsinin hakimiyyətlə müzakirə edilib-edilməməsilə bağlı sualın cavabında Mişalko qeyd edib ki, insan hüquqları Avropr İttifaqının əsas dəyərləridir.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin nümayəndələrilə görüşlərdə həm fərdi xarakterli, həm də ümumilikdə insan hüquqlarının təmin edilməsi məsələləri müzakirə olunur ki, bunlara əməl edilməsi Avropa Şurası çərçivəsində öhdəlikdir.