"Amerika prezidenti Donald Tramp Avropa İttifaqının müdafiəyə kifayət qədər pul xərcləmədiyini söyləyərkən haqlıdır".
Bakupost.az "Evropeyskaya pravda"ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas təşkilatın müdafiə agentliyinin onlayn yayımlanan illik konfransında deyib.
Kallas qeyd edib ki, kəşfiyyat məlumatlarına görə, Rusiya 3-5 ildən sonra Aİ-nin özünümüdafiə üçün hazırlığını sınaqdan keçirə bilər, ona görə də Aİ hərbi imkanlarını artırmalıdır:
"Keçən il üzv ölkələr müdafiəyə ÜDM-in orta hesabla 1,9%-ni, Rusiya isə 9%-ni xərcləyib. Biz məktəblərimizə, sosial müdafiəyə, səhiyyəyə milyardlarla vəsait xərcləyirik, amma müdafiəyə daha çox sərmayə qoymasaq, bütün bunlar risk altındadır".
O, vurğulayıb ki, Avropanın hərbi imkanlara sərmayə qoymaması həm də təcavüzkara təhlükəli siqnaldır.
"Prezident Tramp kifayət qədər xərcləmədiyimizi deyəndə haqlıdır. Artıq sərmayə qoymağın vaxtıdır. Bizə üzv dövlətlərdən, özəl sektordan, həm də ümumi Avropa büdcəsindən investisiya lazımdır, ", - Kaya Kallas deyib.
Zaur, BakuPost