Ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək.
Bakupost.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı - 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad olunacaq.
Qeyd edilib ki, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması Azərbaycanın dayanıqlı inkişafının hədəflərindəndir. Bu məqsədlə ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində işlər görülür.
Ölkə Prezidentinin "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü'nün təsdiq edilməsi haqqında 13 yanvar 2024-cü il tarixli 4265 nömrəli Sərəncamında "BakuBus” MMC üçün elektrik mühərrikli avtobusların alınması ilə bağlı 2024-cü il dövlət büdcəsindən 90 milyon manat vəsait ayrılması nəzərdə tutulmuş və həmin avtobusların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək təchizatçıdan alınması tapşırılıb. Həmçinin qarşıdakı illərdə də bu istiqamətdə vəsaitlərin ayrılması nəzərdə tutulub. Eyni zamanda Azərbaycanda avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə elektrik avtobusların yerli istehsalının qurulmasına dair müqavilələrin bağlanılması istiqamətində işlər aparılmaqdadır.
Məlum olduğu kimi, Vergi Məcəlləsinin 164.1.41-3-cü maddəsinin qüvvədə olan redaksiyasına əsasən Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib.
Avtomobil sənayesinə investisiya cəlbininin stimullaşdırılması məqsədilə müvafiq azadolmanın ölkə ərazisində avtobus istehsalına da şamil olunması təklif olunur.
Ölkə Prezidentinin 1 iyul 2022-ci il tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların Siyahısı"na əsasən minik avtomobillərinin ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edildiyini nəzərə alaraq, eyni yanaşmanın istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalına da tətbiqi nəzərdə tutulur.
“Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumlarından azad edilir.
Hər iki qanun qəbul ediləcəyi təqdirdə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.