İki xətli yolda avtobus zolağı.. – Tıxac daha da artıb, gecikmə yaşanır...
Son vaxtlar paytaxtın bir sıra yollarında avtobus zolaqları təşkil edilib. Bunlardan biri də Moskva prospektindən 20 Yanvar-Tbilisi prospekti istiqamətində çəkilən avtobus zolağıdır.
Sərnişinlər üçün həmin zolaqdan istifadə rahatlıq yaratsa da, sürücülər bundan narazıdırlar. Onlar bildirirlər ki, günün pik saatlarında yollarda sıxlıq, tıxac müşahidə olunur.
“İki zolaqlı yolun 1-ni avtobus xətti ediblər. Yol daha da daralıb, sıxlıq yaranıb. Artıq körpünün üstündəki tıxac “20 Yanvar”dan başlayır. Əks istiqamətdə də avtobus zolağı ayrılıb. Oradan Sumqayıta gedən 1 manatlıq maşınlar yolda saxlayıb, avtobusun önünü kəsirlər, sıxlıq, gecikmə yaranır. Hərəkət lap müşkülə çevrilib”.
Bəs avtobuslar üçün ayrıca zolaq ayırarkən nəyə diqqət edilməlidir? Sıxlıq nədən yaranır?
Məsələ ilə bağlı Bakupost.az –a nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlama verib.
O bildirib ki, hazırda Bakıda tıxaclar yaranmasının bir çox səbəbləri var:
"Bu yalnız avtobus zolağının çəkilməsi və yaxud avtomobil çoxluğu ilə əlaqədar deyil. Bakıda demək olar ki, hər gün kütləvi tədbirlər keçirilir. Təbii ki, kütləvi tədbirlər keçiriləndə yollar bağlanır, alternativ yollar təklif edilir. Bakı şəhərində yeni mövsümə hazırlıq işləri gedir. Bir sıra yollarda təmir işləri aparılır. Sıxlığın, tıxacların olmasının bir səbəbi də bunlardır. Təmir-tikinti işləri, kütləvi tədbirlər bitəndən sonra sıxlıq da azalacaq”.
E.Cəfərov deyib ki, avtobus zolaqları salınarkən yolun ötürücülüyü nəzərə alınmalıdır:
“Müvafiq qurumlar bu zolaqları salmadan öncə məsələ ilə bağlı müəyyən hesablamalar aparırlar”.
Qeyd edək ki, digər nəqliyyat vasitələrinin avtobuslar üçün ayrılan zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə nəzərdə tutulub.
Aygün Nəbiyeva,
BakuPost