Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:13 / 10 Sentyabr 2024

Avtobus zolaqları: problemi həll edir, yoxsa yeni tıxaclar yaradır? - ARAŞDIRMA

2115
Bakıda yeni avtobus zolaqlarının tətbiqi çərçivəsində hazırda 26 küçə və prospektdə uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib. Növbəti mərhələdə daha 106 km avtobus zolaqları şəbəkəsinin təşkili nəzərdə tutulub.

Xüsusi zolaqların çəkilməsi insanların taksi və digər minik avtomobilləri ilə mənzil başına çatmasında problem yaradıb. Sıxlıq olan küçələrin bir hissəsini bağlayıb avtobus xətləri üçün istifadəyə vermək həmin küçələrdə nəqliyyatın hərəkətini iflic vəziyyətə salıb. Bundan əlavə yeni zolaqların tətbiqi həmin kücələrdə bütün qeyri-yaşayış obyektlərinin də müştəri itirməsi və bağlanmasına səbəb olur.

Ekspertlərin fikrincə, sıxlığı aradan qaldırıb nəqliyyatın hərəkətini tənzimləmək üçün yolları genişləndirmək vacibdir.




Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakupost.az -a deyib ki, zolaqlar bir çox küçə və prospektlərdə tıxaca səbəb olur:

“Avtobus zolaqları effektiv olmaq əvəzinə əlavə problemlər yaradıb. Bu zolaqlar tıxacları artırıb. Avtobuslar gecikir, çəkilən zolaqlar faydalı nəticə vermir. Digər tərəfdən, velosiped zolaqları ilə bağlı da çatışmazlıqlar mövcuddur. Zolaqlar bir tərəfdən avtomobillərin hərəkətinə problem yaradır, digər tərəfdən isə velosipeddən istifadə edən şəxslərin təhlükəsizliyi heç də tam təmin olunmur. Yollarımızda əsaslı yenidənqurma işləri aparılmadan bu yenilikləri tətbiq etmək faydalı deyil. Gələcəkdə avtomobil yollarının idarə olunması ilə bağlı yeni qanun lazımdır".

Ekspert əlavə edib ki, zolağı yaratmaqla iş bitmir, avtobus sayı da artırılmalıdır:

“Əgər zolaq yaradılıb avtobus sayı əvvəlki kimi qalırsa, bu, təbii ki, fayda verməyəcək. Ona görə də tez bir zamanda avtobus parkı yenilənməli, say artırılmalıdır ki, sərnişinlər yollarda qalmasınlar. Şəxsi minik avtomobili olanlar da görəndə ki ictimai nəqliyyat mənzil başına daha tez çatır, onlar da şəxsi avtomobillərindən könüllü imtina edib ictimai nəqliyyata üstünlük verəcəklər".




Nəqliyyat eksperti Ərşad Hüseynovun fikrincə, xüsusi avtobus zolaqları yaradılan küçədə fərdi avtomobillərin sayı buna proporsional qaydada azaldılmalıdır:

"Dünyada mövcud praktika belədir. Fərdi avtomobillərin sayı yollarda azaldıqda problem yaranmır. Bunun əksinə, çəkilən zolaqdan avtobus da istifadə etməyəcək, boş qalacaqsa, bununla yanaşı, minik avtomobilləri də keçə bilməyəcəksə, bu zaman əlavə problem yaranacaq”.

Ə.Hüseynov vurğulayıb ki, hansı ərazilərdəki çoxlu avtobus marşrutları yoxdur və ya avtobuslar instensiv qrafiklə hərəkət etmirlərsə, orada avtobus zolağı salmağa ehtiyac yoxdur:


“Belə ərazilərdə zolaqlar salıb sıxlıq yaratmaq lazım deyil”.




Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobus zolaqları avtobusla sərnişin daşımaları zamanı şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır:

“Avtobus üstünlüyünün təmin edilməsi küçənin daşınan əhali sayına görə buraxılış qabiliyyətini artırır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar