Son vaxtlar havaların soyuq keçməsi ölkədə enerjiyə tələbatı artırıb. Paytaxt və bölgələrdə əhali evləri qızdırmaq üçün qaz sobası, elektrik qızdırıcısı və digər cihazlardan istifadə edir. Ancaq təhlükəsizlik qaydalarına əməl olunmaması tez-tez müxtəlif bədbəxt hadisələrə - dəm qazından boğulma, yanğın və partlayışlara səbəb olur ki, bu da itkisiz ötüşmür. Təkcə son iki ayda Bakı, Sumqayıt və digər şəhərlərdə 10-dan artıq şəxs dəm qazından boğularaq ölüb. Dünənsə Sumqayıt və Novxanıda baş verən partlayış nəticəsində 8 nəfər xəsarət alıb. Son vaxtlar bu cür bədbəxt hadislərin tez-tez baş verməsi yanğından mühafizə və təhlükəsizlik qaydalarını yenidən gündəmə gətirib.
Mövzuyla bağlı
Bakupost.az -ın suallarını cavablandıran təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, yaşayış binalarında yanğın və partlayış təhlükəsizliyi ciddi problemdir:
“Bütün təyinatlı obyektlər – iyaşayış binaları, iş yerləri, zavodlar və s. təhlükəsizliklə bağlı təlimatlara ciddi riayət etməlidir. Obyektin yanğın təhlükəsinə qarşı təchizatı - su çəni, yanğın hidrantları və dolabları, təxliyyə yolları, yanğınla bağlı xəbərdaredici siqnalizasiya vasitələri, ilkin od söndürmə vasitələri saz vəziyyətdə olmalıdır. Bu, təmin olunarsa və insanların yanğın təhlükəsizliyinə dair bilik və bacarıqları olarsa, hadisə baş verdikdə vaxt itirmədən qarşısını almaq mümkündür”.
Ekspert bildirib ki, bəzən binalarda sərbəst keçid yerlərində nəqliyyat vasitələri park edilir və bu, yanğın zamanı əraziyə gələn nəqliyyat vasitələrinə çətinlik yaradır:
"Nəticədə yanğının yayılmasına şərait yaranır. Bundan başqa, ehtiyat su çəninin, yanğın hidrantlarının ətrafı boş olmalıdır ki, yanğın zamanı yanğınsöndürən maşınlar oradan rahat su çəkə bilsinlər. Təxliyə planı binanın girişində, hər kəsin görə biləcəyi yerdə olmalıdır. Bəzən ilkin yanğınsöndürmə vasitələrinin yerləşdiyi dolabın ağzını bağlayırlar, ya da əlçatmaz yerə qoyurlar ki, oğurlanmasın. Ancaq bu, doğru deyil. İlkin yanğınsöndürmə vasitələri əlçatan yerdə olmalıdır ki, bu cür hadisələr zamanı onu götürüb istifadə etmək mümkün olsun”.
Elmar Nurəliyev qaz təsərrüfatında təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirməyin vacib olduğunu da vurğulayıb:
“Qaz düzgün istismar olunmadıqda dəm qazı yaranır. Ona görə də, mütləq qaz təsərrüfatı olan yerdə qaz sızması əleyhinə detektorlar olmalıdır. Bu, qanunvericilikdə də təsdiq olunub. Belə detektorlar dəm qazı əmələ gəldikdə xüsusi səs siqnalları ötürür və istifadəçinin məlumatı olur. Qaz sızması əleyhinə detektorlarda isə sızma zamanı klapan bağlanır və qazın təchizatı dayanır”.
Rəhman Mirzəlizadə, Bakupost