Baş Dövlət Yol Polisi İdarəsindən buz bağlamış yollarda yarana biləcək fəsadlarla bağlı xəbərdarlıq edilib.
Bakupost.az xəbər verir ki, bu gün günün birinci yarısı havanın temperaturunun nisbətən yüksəlməsi səbəbindən yollarda qar-buz örtüyünün bir qədər əriməsi müşahidə olunub.
Lakin, axşama doğru temperaturun mənfiyə doğru dəyişməsi ilə ərimiş su kütləsinin yenidən donması və yolların buz bağlaması gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi şaxtalı havada, xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.
Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.