"Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təkliflərinə əsasən, qanunvecilikdə dəyişiklliklər edilib, yeni qaydalara görə, Azərbaycanda qanunsuz parklanma xidməti göstərənlər həbs olunacaq. Həbs, azadlıqdan məhrum etmə - bunlar çox ağır cəzalardır, insan azadlığı çox vacib dəyərdir, indi hansısa bir işsiz, kasıb vətəndaş risk edib, məsələn, marketin qabağında kimdənsə 20 qəpik alsa, onu 15 sutkaya qədər həbs edə bilərlər".
Bakupost.az xəbər verir ki, bunu REAL Partiyasının icra katibi Natiq Cəfərli bildirib.
O, qeyd edib ki, media vasitəsi ilə AYNA-ya bir neçə dəfə müraciət etsə də, ona cavab verməyiblər:
"Məsələn, keçən ay (telefonun mesaj bölümündə var) şəhər ərazisində parklanmaya görə 23 manat ödəmişəm. Mən, vətəndaş bu vəsaiti sizə niyə ödəyirəm, bunun müqabilində AYNA olaraq mənə, vətəndaşa hansı xidmət göstərirsiniz?! Onu da deyim ki, sizin əsasnamənizə görə, topladığınız vəsait və cərimələrin 50%-nə qədərini öz işçilərinizə əlavə maaş kimi yaza bilirsiniz – yəni, mən 23 manat ödəmişəm ki, siz, məsələn, öz rəhbər işçilərinizə əlavə mükafat yazasınız?!".
İqtisadçı qeyd edib ki, əslində parklanma işinin məntiqi başqadır:
"İnkişaf etmiş ölkələrdə bu sahə SEÇİLMİŞ şəhər Bələdiyyələrinin səlahiyyətindədir. Şəhərin SEÇİLMİŞ Məclisi, Bələdiyyə Sədri parklanmadan daxil olan vəsaitlə bağlı şəffaf hesabat verir, o vəsaiti VƏTƏNDAŞ üçün xərcləməyin yollarını axtarır – məsələn, Bələdiyyə həmin pullarla yeni parklar salır, məhəllə yollarını təmir edir, məişət tullantılarının daşınmasını təmin edir, uşaq meydançaları tikir, və s. Bəs bizdə AYNA yığdığı vəsaiti nə edir – bəli, TOP menecerlərin maaşını artırır, onlara mükafat yazır.
Sonra da lobbiçilik edirlər, işsiz vətəndaşın marketin qarşısında 20 qəpik almasına görə 15 sutkalıq cəzalanma tələb edir ki, heç kim bunların bazarına girməsin – nə deyim, Allah heç bazar verməsin"...
Məsələ ilə bağlı AYNA-ya sorğu ünvanladıq.
Zaur
BakuPost