Leninqrad vilayətində Kinqisepp rayonunda istehsalat bazasının işçisi maaşdan narazı qalaraq yanğın törədib.
Bakupost.az xəbər verir ki, bu barədə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Leninqrad vilayətinin Novopyatnitskoe kəndindəki istehsalat bazasının müdiri hüquq-mühafizə orqanlarına müraciət edib. O bildirib ki, gecə naməlum şəxs müəssisəyə məxsus modul binanı yandırıb. Yanğın nəticəsində tikilinin fasadı sıradan çıxıb. Hadisə yerində yanğın üçün istifadə olunan boş şüşə qab aşkarlanıb. Şirkət vurulan ziyanı 329 min rubl məbləğində qiymətləndirib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs bir neçə saat sonra saxlanılıb. Məlum olub ki, o, şirkətin 33 yaşlı keçmiş işçisidir. Kişi maaşın azlığından narazı qalıb və işəgötürəndən qisas almaq qərarına gəlib.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Yanğın törədən şəxsi 5 ilə qədər həbs cəzası gözləyir.
Lalə, BakuPost