Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika Bürosunun direktoru Nikolas Rallo "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarə qəzasının təhqiqatı ilə bağlı Qazaxıstan tərəfindən qısa müddətdə aparılmış və dərc edilmiş ilkin hesabatı yüksək qiymətləndirib.
Bakupost.az xəbər verir ki, o, bu barədə Astanada Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayevlə görüşündə deyib.
"Qazaxıstanı və bütün Təhqiqat Komissiyasını fəlakətdən sonra bu ilkin hesabatı 1,5 aydan az müddətdə tamamlamağa imkan verən səylərinə görə təqdir etmək istərdim. Sizi istintaq prosesi boyu Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya tam riayət etməyə davam etməyə çağırıram", - Rallo bildirib.
Hadisənin təhqiqatı üzrə yekun hesabat Çikaqo Konvensiyasına uyğun olaraq bu ilin sonunadək dərc olunacaq.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.