Ru
15:55 / 08 Aprel 2025

“Azdrama”da Əli Nur niyə döyüldü, İlham Rəhimli Şuradan çıxarıldı? – Mehriban Ələkbərzadədən SƏRT CAVAB

“Azdrama”da Əli Nur niyə döyüldü, İlham Rəhimli Şuradan çıxarıldı? – Mehriban Ələkbərzadədən SƏRT CAVAB
Eye

Son vaxtlar Akademik Milli Dram Teatrının (“Azdrama”) adı yalnız qalmaqallarda hallanır. Bu dəfə teatr görünməmiş dava ilə gündəmə gəldi. Mədəniyyət məbədindən çox, münaqişə məkanını xatırladan “Azdrama” bu dəfə təkcə sözlə deyil, yumruqlarla da silkələndi.

Belə ki, ötən həftə, daha dəqiq desək, aprelin 4-də teatrın tarixində görünməmiş qalmaqal yaşanıb.

Teatrın bir əməkdaşı deyib ki, həmin gün Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası keçirilib.

İclas zamanı bədii rəhbər Mehriban Ələkbərzadə teatrşünas İlham Rəhimlinin Bədii Şuranın üzvlüyündən çıxarıldığını bəyan edib. Səbəb isə İlham Rəhimlinin teatr və şəxsən bədii rəhbərin ünvanına dediyi sərt, tənqidi fikirlər olub.

İddialara görə, İlham Rəhimlinin şuradan çıxarılmasına etiraz edən Xalq artisti Əli Nurla Əməkdar artist Füzuli Hüseynov arasında gərginlik qızışıb. Gərginlik fiziki qarşıdurmaya çevrilib – Əli Nur döyülüb. Hətta onları ayırmağa çalışan Xalq artisti Sabir Məmmədov da zərbələrdən yan keçə bilməyib və bir neçə yumruq ona da dəyib.

Baş vermiş dava ilə bağlı Xalq artisti Əli Nur açıqlama verərək olanları təkzib edib, əlbəyaxa dava deyil, mübahisə yaşandığını deyib.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə "Müsavat"a danışıb.

O, teatrşünas İlham Rəhimlinin Bədii Şura üzvlüyündən çıxarıldığını təsdiqləyib:

“Bədii Şura üzvlüyü hər il seçilir və bu vəzifə bir illik müddəti əhatə edir. Müddət başa çatdıqda heyət yenidən formalaşdırılır. Bu il seçilən heyət gələn il dəyişəcək. Burada qeyri-adi heç nə yoxdur. Heç kim Bədii Şuranın daimi üzvü ola bilməz. Söhbət, əlbəttə ki, Şuraya dəvət olunan şəxslərdən gedir. Burada həm teatrın əməkdaşları, həm də teatr rəhbərliyi tərəfindən dəvət olunan şəxslər yer alır.

Hər dəvət olunan şəxsə bu barədə əvvəlcədən məlumat verilir ki, onların üzvlüyü bir il müddətinə nəzərdə tutulub. Teatrın işinə müsbət təsir göstərə biləcək və real nəticə verə biləcək şəxslər mütəmadi olaraq Şuraya dəvət edilir. Hər il təxminən 3-4 yeni şəxs Şuraya daxil edilir.
Ötən il dəvət olunan şəxslər arasında İlham Rəhimli, Məryəm Əlizadə, Rəşad Məcid və Şəfiqə Məmmədova da var idi. Məryəm Əlizadə də Şura üzvlüyündən çıxıb – bəs niyə onun adını çəkmirsiniz?

O ki qaldı davanın baş verməsinə, bu, tamamilə əsassız, uydurma söhbətdir və artıq təkzib olunub. Bu, sadəcə şayiə və qarayaxmalardır – olub, olacaq da”.

Teatrşünas İlham Rəhimli bu haqda danışmaq istəmədiyini deyib.

Xatırladaq ki, “Azdrama”nın mətbuat katibi Cavid Zeynallı qalmaqal ilə bağlı açıqlama verərək bildirib ki, mübahisə yaradıcılıqla bağlı olub:

“Aprelin 4-də Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası keçirilib. İclas zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaranıb.

Qeyd olunan fakt tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu ilə bağlı olub. Yəni yaradıcılıqla bağlı. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda 3 tamaşanın məşqi aparılır, hüquq-mühafizə orqanına müraciət faktı qeydə alınmayıb”.

Onu da qeyd edək ki, teatrşünas İlham Rəhimli 2023-cü ildə yeni formalaşan Bədii Şuranın üzvü seçilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar