Xəbər verdiyimiz kimi, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı zor tətbiq etməklə hədə-qorxu gəlməkdə ittiham olunuraq məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs olunub. Vəkil Aqil Layıcın dediyinə görə, Azər Qasımlıya borclu olan bir şəxs politoloqun ondan hədə-qorxu ilə pul tələb etdiyini bildirib. Məhz onun iddiası əsasında Azər Qasımlı həbs edilib.
Bu arada şikayətçinin kriptovalyutalar üzrə ekspert Ömər Qurbanəli adlı şəxs olduğu ortaya çıxıb. O, məsələ ilə bağlı sosial şəbəkə hesabında açıqlama verib.
Bakupost.az Ömər Qurbanəlinın həmin açıqlamasını təqdim edir:
"Baxıram, haqqımda yalan və alçaldıcı kampaniya başlanılıb. Azər Qasımlı ilə aramızda olan məsələyə siyasi don geyindirib, məni linclədirlər. Əvvəla onu deyim ki, payaşılanlar yalandan və siyasi manipulyasiyadan başqa bir şey deyil. Mən Azər Qasımlını 2016- cı ildən tanıyıram. 2020- ci ilin sentyabrına kimi, xüsusilə 2018- 2020 ci illərdə münasibətlərimiz çox yaxşı olub. 2020- ci ilin may ayında isə onunla şərikli iş birliyimiz olub, daha dəqiq desəm, o Binance birjasındakı hesabının login və şifrəsini al- sat etmək üçün (email və hər hansı bir çıxarış hüququm olmayıb) mənə vermişdi. 2020- ci ilin sentyabrında “Vətən Müharibəsi” ilə əlaqədar olaraq ölkə ərazisində internetin verilməsi məhdudlaşdırıldı. Bu və ya digər başqa səbəblərdən onun hesabındakı məbləğ azaldı və ilk olaraq, başa- baş olduğu zaman mən ona hesabı təhvil verib, halallaşmaq istədiyimi desəm də razılaşmadı və bundan sonra münasibətlərimiz pozuldu.
Daha sonra dəymiş ziyanın öz payıma düşən hissəsinin təxminən yarısını ödədiyim, geri qalanı isə balansındakı tokenlər yüksəlməzsə, ödəyəcəyimi bildirdiyim halda, yenə mənimlə razılaşmadı və münasibətlərimiz daha da gərginləşdi. Bu müddət ərzində müxtəlif vaxtlarda Azər Qasımlı dəfələrlə məni hədələmiş, hətta üstümə "reket" göndərmişdi. Bunlar hamısı faktlardır və aidiyyatı üzrə təqdim edilib.
Bu illər ərzində Azərin mənə və ailəmə yaşatdıqları, bu günlərdə bir daha gözümün önündən keçdi. İnternetdə paylaşılan məhkəmə qərarına gəlincə, o da elə məhkəməyə təqdim etdikləri sənədləri kimi təhrif olunmuş statusdur, çünki Mingəçevir məhkəməsinin qərarından şikayət etmişdik və qərar ləğv edilmişdi. Əvvəla, Mingəçevir Məhkəməsindən çox gec xəbərimiz olub, haqsız yerə və təhrif olunmuş məlumatlarla valideynlərimin yaşadığı mülkiyyətə (mənim adıma olmayan) həbs qoydurmuşdu. Atam Azərə dəymiş ziyanın geri qalan yarısını, yəni təxminən 4-6 min dollar ödəməyə hazır olduğu bildirsə də, o israrla Bitcoin tələb edirdi. Şəki Apelyasiya məhkəməsi, həmçinin Ali Məhkəmə mənim xeyrimə qərar çıxarıb, onun vəsatətləri təmin edilməyib.
Sosial mediada isə elə təqdim edirlər ki, güya mən Azərin üzünə durmuşam. Görünür, Qasımlı ailəsi üçün hədə- qorxu adi haldır. Azərin həyat yoldaşı Samirə Qasımlı mənim haqqımda təhqiredici status yazaraq, yenə də məsələyə ailəmi qatıblar. Onun “ Paylaşın, qoy onun yerliləri də bu adamı, bu ailəni kimliyini tanısınlar” çağırışından sonra sosial şəbəkə üzərindən mənə və ailəmə alçaldıcı sözlər yazılıb. Bu adamlar öyrəşib, hər məsələyə ailəni qatmağa, siyasi don geyindirməyə. Azər Qasımlı ilə aramızda olan problemi özümüz öz aramızda həll edə bilərdik. Ona isə bu lazım deyildi. O, hər dəfə mənim zəif yerimdən, ailəmdən vurmağa çalışdı. Ona görə bütün həyatım alt- üst oldu. Nələr çəkdiyimi dostlarımız çox gözəl bilirlər. Ona nə var, cəzasını çəkib, çıxacaq amma mənə vurduğu maddi- mənəvi zərərlər ömürboyu mənimlədi. Mən bir gündə ondan şikayət etməmişəm.
Dəfələrlə aidiyyatı qurumları məlumatlandırmışam, mediaya müraciət etmişəm. Sadəcə, dərslərimin və işlərimin çoxluğu ilə əlaqədar çalışırdım ki, məsələ çox böyümədən həll olunsun. O isə hər dəfə olduğu kimi araya ailəmi qatırdı və məni ailəmlə hədələyirdi. Nəysə ki, bitdi. Şükür Allaha. Azər valideynlərimi incidəndə, atam Azərə Allahdan qorx, mən səbrliyəm, o inanmadığın Allah bir gün sənin cəzanı verəcək, demişdi. Şükür, bu günə. O artıq layiqli cəzasını aldı. Düzdür, istənilən halda məsələnin bu həddə çatmasına görə çox üzgünəm ancaq başqa yol qoymamışdı. Azər Qasımlı siyasi statusundan istifadə edərək konkret Allahlıq edirdi. Bu gün isə məni elə təqdim edirlər ki, güya mən bir gündə Qasımlıdan şikayət etmişəm. Heç kim istəməz ki, həyatı məhv olsun, ailəsi incidilsin, enerjisi mənfi yerlərə sərf olsun. Azər Qasımlı isə məni zəif görüb, öz əsirinə çevirmək üçün əlindən gələni etdi. Onun mənə nələr yaşatdığını bir Allah, bir də ailəm ilə dostlarım bilirdi. İndi isə…
Bir daha məsələnin bu yerlərə gəlib, çatmasına görə çox üzgünəm. O, əleyhimə təhqiredici sözlər yazanlara da sözüm var, sizin də yazdıqlarınızahüquqi qiymət verilməsi üçün çalışacağam.
Rəhman, BakuPost