Azərbaycada təbii qazın yeni tarifləri müəyyənləşib
Azərbaycada təbii qazın tarifləri dəyişib.
Bu barədə
Bakupost.az Tarif (qiymət) Şurasına istinadən xəbər verir.
Bildirilib ki, ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.
Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.
Əhali üzrə illik istehlak həcmi 1200 kubmetr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kubmetrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik, 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
Həmçinin, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.
- 48% abonent üzrə - 32 qəpik,
- 39% abonent üzrə - 1 manat 43 qəpik,
- 13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.
Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.
Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kubmetr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.