Azərbaycan Çin, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 32 il keçir. Bu illər ərzində əlaqələrimiz qarşılıqlı etimad əsasında inkişaf edib, sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlamaqla, son illər həm də geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Münasibətlərin dərinləşməsində iki ölkənin parlamenti, hökumət, biznes qurumları və vətəndaşları arasında əlaqələrin genişləndirilməsi mühüm rol oynayır. Bu kontekstdə Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafının intensivləşməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan və Çin dövlət başçılarının arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri iki ölkə arasındakı münasibətlərin dinamikasına xüsusi impuls verir və ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlət başçılarının üzbəüz görüşləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır.
Azərbaycan-Çin əlaqələrinin tarixi qədim “İpək Yolu”na qədər uzanır. Hələ 2500 il bundan öncə qədim “İpək Yolu” vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olub. Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən tanınması və 1992-ci il 2 aprel tarixində ikitərəfli diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi, 3 sentyabr 1993-cü ildə isə Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyi açılıb. Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, bu dövrdə Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub.
İkitərəfli münasibətlərdə iqtisadi sektor xüsusi yer tutur. Çin hazırda dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir. Çinin ixrac coğrafiyası bütün dünyanı əhatə edir desək, yanılmarıq və burada həm də inkişaf etmiş ölkələr yer alırlar. Çin transformasiyalardan uğurla çıxmağı, çevik keçidlər etməyi, özünün iqtisadi siyasətini yeni çağırışlara məharətlə uyğunlaşdırmağı yaxşı bacaran ölkədir. İqtisadiyyatların həcmində böyük fərq olsa da, Azərbaycanla Çinin inkişaf fəlsəfəsində oxşarlıq var. Azərbaycan da qlobal risklərə yüksək davamlılıq nümayiş etdirən, inkişafını daxili resurslarına istinad etməklə quran ölkədir. Qlobal çətinliklərə baxmayaraq, Azərbaycan da iqtisadiyyatının rəqabətqabiliyyətliliyini artırmaqda davam edir. Ölkə xarici borcun azaldılması strategiyasını uğurla reallaşdırır. Ölkəmiz yüksək investisiya cəlbediciliyinə malikdir.
İnkişaf fəlsəfəsindəki oxşarlıq iki ölkəni ayrı-ayrı iqtisadi layihələrdə bir araya gətirib. Çin əlverişli investisiya iqliminə malik Azərbaycana yönəltdiyi sərmayələrin həcmini artırır. Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Respublikamızda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda respublikamızın ticarət dövriyyəsində Çin əsas ölkələr siyahısında 4-cü yerdə qərarlaşır. Təkcə ötən il ərzində Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 60 milyon dollardan çox olub. Qeyri-neft məhsullarının ixracı isə 20 milyon dolları keçib.
Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir.
Yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti tərəfimizdən seçilib və bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Çin şirkətləri Günəş panelləri istehsalçılarıdır və bu panellər Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə olunur. Azərbaycan Çin şirkətləri ilə yaşıl enerji sahəsinə birbaşa sərmayə yatırılması istiqamətində də danışıqlar aparır.
Azərbaycan Çinlə müdafiə sahəsində də əməkdaşlıqla bağlı dialoqa başlayır. Azərbaycan təchizatın coğrafiyasını genişləndirmək və birgə istehsal müəssisələri yaratmaqda maraqlıdır.
Azərbaycan Orta Dəhliz - Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk gündən dəstəkləyib. Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər.
Azərbaycan Qlobal Cənubun fəal ölkəsidir və Çin burada çox vacib rol oynayır. Çin Azərbaycanın 4 il sədrlik etdiyimiz Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycanla Çin arasında çoxşaxəli münasibətlər olduqca güclüdür və böyük gələcək potensialı var.
Millət vəkili Azər Badamov deyir ki, Azərbaycan-Çin münasibətləri özünün inkişaf dövrünü yaşayır:
“Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Çinin elan etdiyi "Bir kəmər, bir yol" layihəsinə Azərbaycan könüllü şəkildə ilk qoşulan və onun inkişafına töhfə verən ölkələrdəndir. Belə ki, ölkəmizin ərsəyə gətirdiyi nəqliyyat dəhlizləri Orta dəhlizin əhəmiyyətini artırıb. Bu da Çindən çıxan yüklərin Avropa bazarlarına daha az müddətə çatmasına yeni imkan yaradır. Belə ki, Mərkəzi Asiya ölkələrindən qəbul etdiyimiz yüklərin həcmi hər il artmaqdadır. İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizi müasir çağırışlara vaxtında cavab verməyimizə və qabaqcadan tədbirlər görməyimizə imkan verir. Azərbaycanın yaşıl gündəliyinin inkişaf etdirilməsində Çin texnologiyaları və şirkətləri əsas rol oynayır. Bütün bunların fonunda ölkələrimiz arasında inkişaf edən strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı fayda və hörmət əsasında gündən-günə daha da dərinləşir".
Millət vəkili Naqif Həmzəyev bildirib ki, Azərbaycanın müasir xarici siyasət strategiyasının əsas komponentlərindən biri dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilməsi və ölkəmizin qlobal, eləcə də regional proseslərdə aktiv iştirakının təmin edilməsidir:

“Bu kontekstdə Asiya qitəsi dövlətləri, xüsusilə də Çin Xalq Respublikası ilə münasibətlərimiz prioritet istiqamətlərdəndir və əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət konsepsiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan və Çin elə marşrut üzərində yerləşir ki, tarixən bu iki dövlətin yerləşdiyi coğrafi məkan arasında güclü ticarət münasibətləri mövcud olub. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də 1991-ci ildə məhz Çin olub. Çinlə münasibətlərin inkişafında qarşılıqlı səfərlər, həyata keçirilən layihələr böyük rol oynayıb. Pekini maraqlandıran əsas məsələlərdən biri Çin istehsalı məhsulların Avrasiya məkanında ən qısa marşrutla hərəkətinin və bazarlara çıxışının təmin edilməsidir. Bu mənada həm Azərbaycan, həm də Çin dövlət başçıları münasibətlərin perspektivindən inamlı şəkildə bəhs edərkən, iki ölkə arasında nəqliyyat-logistika, iqtisadi-enerji baxımdan həyata keçiriləcək layihələrin siqnalını da verirlər. Azərbaycan-Çin münasibətlərinin mühüm inkişaf tendensiyalarından biri öz növbəsində enerji, elektroenergetika sektorunda da özünü göstərir. Bu kontekstdə Çinə məxsus enerji şirkətləri enerji sektoruna xüsusi maraq göstərir. Çinin iqtisadi, hərbi, texnologiya, eləcə də siyasi nailiyyətlərinə qarşı həzmsizlik nümayiş etdirən Qərb xüsusilə də Tayvan məsələsi üzərindən Çinə qarşı həmlələr axtarışındadır. Lakin Çin “Bir kəmər, Bir yol” kimi layihələrlə olduqca prolifik geopolitik məkan formalaşdıraraq, yol üzərində yerləşən dövlətlərin iqtisadi və ticarət baxımından inkişafına şərait yaradacaq modeli dəstəkləyir. Azərbaycan bu yol üzərində yerləşməklə, Çin üçün çox böyük əhəmiyyətə sahib Xəzər hövzəsi dövlətidir. Bu mənada, gələcəkdə iki dövlət arasında qarşılıqlı münasibətlərin kəmiyyət və keyfiyyət baxımından dərinləşməsi dünya üçün heç də təəccüblü olmayacaq”.
Politoloq Zaur Məmmədovun sözlərinə görə, bu gün biz Çinin Cənubi Qafqazda həm Gürcüstana, həm Ermənistana, həm də Azərbaycana artan marağına şahidlik etməkdəyik. Amma əlbəttə, Çinin "Bir kəmər, bir yol" layihəsi, eyni zamanda Avropaya alternativ olaraq orta xətlə çıxışı məhz birbaşa olaraq Azərbaycandan və Azərbaycanın mövqeyindən asılıdır. Bunun üçün bizim ölkəmiz artıq infrastruktur tədbirlərini bir neçə ildir həyata keçirməkdədir. Ələt Beynəlxalq Ticarət Limanının inşa edilməsi, Bakı yaxınlığında gələcəkdə yük təyyarələri üçün tikilməsi nəzərdə tutulan ikinci hava limanının inşa edilməsi, bundan başqa digər infrastruktur layihələri də onu göstərir ki, bu yolun artıq tam işlək vəziyyətə düşməsi, reallaşması üçün bu və ya digər şəkildə orta xətdəki ölkələrin təşəbbüsləri lazımdır. Bakı və Pekin arasındakı münasibətlər təxminən 8-9 ildir ki, artan xətt üzrə inkişaf etməkdədir:

“Çinlə münasibətlərin inkişafı Azərbaycanın marağındadır. Amma siyasi məsələlərlə yanaşı, burda iqtisadi dividentlər də kifayət qədər ciddidir. Çin şirkətlərinin Azərbaycana gəlməsi iki ölkə arasında qarşılıqlı olaraq ticarət dövriyyəsinin artırılması və s. kimi məsələlər bu gün də müzakirə predmetidir".
Politoloq qeyd edib ki, Azərbaycanın ticarət dövriyyəsinə nəzər salsaq, burada Çin artıq xüsusi paya malikdir: "Eyni zamanda, Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini ləğv etməsi də Bakının Pekinə olan bir jestidir. Məlumdur ki, Azərbaycan viza ilə bağlı heç də tez-tez bu kimi qərarlar vermir. Amma bunun məhz Çinə şamil edilməsi özü-özlüyündə ölkəmiz tərəfindən gələcəyə düşünülmüş bir addımdır. Gözlədiyimiz odur ki, Çin tərəfi də Azərbaycan vətəndaşları ilə bağlı eyni prinsipdən çıxış etsin".
Sevinc,
BakuPost
QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;" mövzusunda hazırlanıb.