"Biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq"
Bakupost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Ukrayna-Rusiya münasibətləri ilə bağlı sualı cavablandırıb.
Azərbaycan Prezidenti deyib: "Bir sözlə, kimdən soruşsanız, deyəcək: “Biz istəyirik ki, müharibə dərhal dayansın”. Bəli, biz də istəyirik. Lakin əsas sual ondan ibarətdir ki, həmin atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı? İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır. Heç vaxt. Bizim məsələdə də bu, baş vermədi. Bu, ölkələrə, sadəcə, yenidən qruplaşmaq, səfərbər olunmaq və yenidən başlamaq üçün müvəqqəti fürsətdir. İkincisi, atəşkəs hansı mənada olacaq? O da vacibdir, çünki onun şərtləri müharibəni dayandırmaq arzusunda olanlar üçün çox vacibdir ki, onlar nə haqda danışıldığını aydın anlasınlar. Hamı deyir, mən istəyirəm müharibə dayansın. Bəli, gəlin bunu alqışlayaq. Bəs sonra necə? Dayandırmaq – hansı mənada? Yəni, topdan atəş, hava bombardmanı, snayper atəşi, təxribat qrupları olmayacaq?"
Prezident İlham Əliyev yaxın gələcəkdə sülh üşüm pespektiv görmədiyini açıqlayıb: "Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir".